ABŞ Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar”a keçir

post-img

Prezident Tramp isə Ukraynaya silah tədarükünü bərpa edir

ABŞ-da Rusiyaya qarşı növbəti ciddi sanksiya paketi gündəmə gəlib. Respublikaçı senator Lindsi Qrem Senatda prezident Donald Trampa əlavə səlahiyyətlər verəcək yeni qanun layihəsinin irəli sürüldüyünü açıqlayıb. Qanun layihəsi Rusiya ilə ticarət əlaqələrini davam etdirən və Ukraynaya dəstək göstərməyən ölkələrə qarşı 500 faizlik tariflərin tətbiqini nəzərdə tutur.

“Ukrayna atəşkəsə və görüş çağırışlarına razılıq verib, lakin Putin sülh təşəbbüslərini hələ də rədd edir. Bu qanun layihəsi Trampın arsenalına əlavə vasitələr qatacaq və ona daha geniş təsir imkanı verəcək”, – senator Qrem sosial şəbəkədə bildirib. Senatorun sözlərinə görə, layihə artıq 85 qanunvericinin dəstəyini alıb və bu say artmaqda davam edir. Qrem bunun “Ukraynadakı qan tökülməsinə son qoymaq” üçün vacib addım olduğunu qeyd edib.

Ukrayna prezidentinin sanksiyalar üzrə nümayəndəsi Vladislav Vlasuykun sözlərinə görə, Lindsi Qremin təşəbbüs göstərdiyi qanun layihəsi yaxın gələcəkdə qəbul edilə bilər, lakin hazırkı formada deyil. O, ABŞ-da bu məsələ ilə bağlı, o cümlədən Trampın komandasında diskussiyaların davam etdiyini bildirib. Vlasuyk qeyd edib ki, ABŞ-ın İrana qarşı qəfil sanksiyaları təcrübəsindən yola çıxaraq, bu təşəbbüs də istənilən anda gerçəkləşə bilər.

Bununla yanaşı, Vaşinqton Ukraynaya hərbi yardımın bərpasına qərar verib. Müdafiə Nazirliyi prezident Trampın göstərişi ilə Ukraynaya yeni silah partiyası göndərəcək. Bu paketə “Patriot” zenit-raket sistemləri, HIMARS üçün GMLRS raketləri, “Stinger” tipli daşınan zenit-raket qurğuları, tank əleyhinə komplekslər və yüksək dəqiqlikli sursatlar daxildir.

“The Wall Street Journal” yazır ki, bu silahlar daha əvvəl müvəqqəti ixrac qadağasında idi. Yardımın bərpası Pentaqonun arsenalına yenidən baxmasından sonra mümkün olub. Ağ ev isə bu prosesi “standart ehtiyat yoxlaması” adlandırıb. Prezident Tramp bu barədə iyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında da məlumat verib. O, yaranmış fasiləyə görə məsuliyyət daşımadığını bildirib və ABŞ-ın Ukraynaya “bacardığı qədər” silah göndərəcəyini vurğulayıb. Zelenski isə bu danışığı “indiyə qədərki ən məhsuldar” adlandırıb və Trampdan daha geniş hava hücumundan müdafiə sistemləri istəyini gündəmə gətirib.

Eyni zamanda, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığını “məyusedici” adlandırıb. O bildirib ki, Putini Ukrayna müharibəsini dayandırmağa razı salmağa çalışsa da, tərəflər arasında heç bir real irəliləyiş əldə olunmayıb. Kreml tərəfi isə qeyd edib ki, münaqişənin diplomatik yolla həlli variantı hələ də gündəmdədir, lakin Moskva öz hərbi məqsədlərindən imtina etmir.

Beləliklə, ABŞ-ın yeni qanun layihəsi Tramp administrasiyasının Ukraynaya daha güclü dəstək verəcəyini və Rusiyaya qarşı qlobal iqtisadi təzyiqləri genişləndirməyə hazır olduğunu göstərir. Eyni zamanda, bu təşəbbüs ABŞ-ın Rusiya ilə geosiyasi qarşıdurmasında daha aqressiv mərhələyə keçdiyinə dair ciddi siqnal kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət