Bakı Qafqazın parlaq ekranıdır
Ötən ayın sonlarında Türkiyə Jurnalistlər Konfederasiyasının xarici əlaqələr üzrə baş əlaqələndiricisi, tanınmış jurnalist Mövlüd Yeni ölkəmizdə qonaq olmuş, Bakıda və bölgələrdə bir sıra maraqlı görüşlər keçirmişdir. Mövlud bəy Vətənə qayıtdıqdan sonra səfər təəssüratlarını qardaş ölkənin bir neçə mətbu nəşrində dərc etdirmişdir. Səfər zamanı redaksiyamızın da qonağı olmuş, qəzetimizə müsahibə vermiş jurnalist Mövlud Yeni türkiyəli oxuculara bildirib:
– Türk turizminin tanınmış simalarından Halil Durunun dəvəti ilə bugünlərdə səfər etdiyim Bakı şəhəri məni çox təəccübləndirdi. 8 il əvvəl – Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, mərhum Qənirə Paşayevanın qonağı olduğum bu şəhər daha da inkişaf edərək yeni bir səviyyəyə yüksəlib. Bakı indi yalnız paytaxt deyil – o, Qafqazın parlaq ekranıdır!
Təcrübəli həmkarlarım Emin Dəmir və Özkan Altıntaş da eyni təəssüratı bölüşdülər: Müasir memarlıq, muzeylər, nəhəng ticarət mərkəzləri, təmiz küçələr, ləziz mətbəx – Bakı artıq Dubayla müqayisə olunur və ondan heç də geri qalmır!
Azərbaycanı anlamaq üçün onu görmək, nəfəsini duymaq gərəkdir. Görmədən, getmədən danışmaq mümkün deyil. Xatırlatmaq istərdim ki, Halil Duru Azərbaycanda yalnız sadə bir otelçi deyil. Fikrimcə, o, Bakının turizm məkanı kimi tanınıb sevilməsi üçün fədakarcasına çalışan bir turizm elçisidir. Onun rəhbərlik etdiyi “Qafqaz Bakı Siti və Qafqaz Liman” otellərində yüksək servisi və qonaqpərvərliyi hiss etməmək mümkünsüzdür.
Halil Duru indiyədək Azərbaycanda 11 otel layihəsini həyata keçirib. Hazırda isə o bir qədər əvvəl qeyd etdiyim kimi, Bakının mərkəzində iki böyük mehmanxananı idarə edir. Onun fikrincə, vizasız, sadəcə, şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı türk turistlərinin Azərbaycana olan marağını xeyli artırıb. Amma bu istiqamətdə hələ çox iş görülməlidir.
Bu ilin ilk 5 ayında Azərbaycana Türkiyədən 175 min nəfər səfər edib. Halbuki hər il 5 milyon Türkiyə vətəndaşı yaxın-uzaq xarici ölkələrə tətilə gedir. Deməli, türk turistləriin Azərbaycana olan marağını artıqmaq lazımdır. Hazırda Azərbaycanda ən çox turist gələn ölkələr sırasında Rusiya liderdir, Türkiyə ikinci yerdədir. Amma Halil Duru və yerli turizmçilərin məqsədi sağlam rəqabət şəraitində Türkiyəni birinci yerə çıxarmaqdır!
Bəli, Azərbaycanın turizm potensialı genişdir – tarixi, mədəniyyəti, mətbəxi və təbiəti bu ölkəni fərqli, cazibədar bir məkan edir. Neft qədər dəyərli “bacasız sənaye” olan turizm iqtisadi yüksəlişin mühüm dayağına çevrilə bilər.
Bakı səfərimiz çərçivəsində jurnalist həmkarlarımızla da görüşdük. Azərbaycan xalqının Türkiyəyə olan sevgisi sözlə ifadə edilə bilməyəcək qədər dərin və səmimidir. “Türkiyəli” deyəndə, burada, sanki, zaman dayanır.
Əziz dostum, Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevlə birlikdə mərhum Qənirə Paşayevanın məzarını ziyarət etdik, ruhuna dualar oxuduq. Umud bəyin təşəbbüsü ilə Türkiyə Jurnalistlər Konfederasiyası ilə Azərbaycanın ən böyük media təşkilatları arasında əməkdaşlıq protokolları imzalandı. Pandemiya və digər obyektiv səbəblər üzündən ləngiyən layihələrimizi bərpa etməyi razılaşdıq.
“Xalq qəzeti”nin redaksiyasında unudulmaz görüşümüz oldu. Belə ki, burada baş redaktor Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və populyar “Modern”az saytının rəhbəri Elşad Eyvazlı ilə gələcəyə dair planlar müzakirə olundu. Əmin oldum ki, iki ölkə jurnalistləri arasında daha sıx əməkdaşlıq üçün ortaq niyyət və istək var.
Azərbaycan turizmi haqqında yazmağa və təəssüratlarımızı bölüşməyə davam edəcəyik. Azərbaycandakı bütün dostlarımıza ürəkdən təşəkkür edirəm.
Unutmayaq: Bir olaq, birlikdə olaq! Yaşasın Türkiyə–Azərbaycan dostluğu!
Çapa hazırladı:
Məsaim ABDULLAYEV
XQ