Dünya şöhrətli alimin xatirəsinə ehtiram

post-img

Yusif Məmmədəliyev – 120

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli sərəncamının icrasından irəli gələn vəzifələr müzakirə edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Yusif Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri olub. Dövlət başçısının sərəncamında qeyd edildiyi kimi, o, Azərbaycan elminin yetişdirdiyi parlaq simalardandır. Milli neft-kimya elminin dünyaca məşhur siması akademik Yusif Məmmədəliyevin həyatının hər bir şəxs üçün nümunə olduğunu deyən AMEA rəhbəri onun görkəmli elm təşkilatçısı və pedaqoq kimi yetişdirdiyi kadrların ölkəmizin iqtisadi, elmi-mədəni inkişafına misilsiz töhfələr verdiklərini bildirib.

Akademik İsa Həbibbəyli daha sonra dövlət başçısının ilin əvvəlində imzaladığı Milli Elmlər Akademiyasının 80, eləcə də akademik Mustafa Topçubaşovun 130 və akademik Yusif Məmmədəliyevin 120 illik yubileyləri haqqında sərəncamlarının ölkə rəhbərinin Azərbaycan elminə və ziyalısına diqqət və ehtiramının təzahürü olduğunu deyib və AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İclasda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.

XQ

Mədəniyyət