Seyid Əzimin poetik əzmi

post-img

Seyid Əzim Şirvani – 190

Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 iliyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

...Mərhum xanəndəmiz Hacıbaba Hüseynovun bağ evində ondan televiziya üçün müsahibə götürürdük. Həmin görüşdə bildik ki, xanəndə həm də əruz vəznində yazan gözəl şairdir. Bunu ona deyəndə: – Əstəğfurullah, – dedi, – Füzulinin, Seyid Əzimin adı olan yerdə biz yoxuq. Sonra Seyid Əzimdən “xoruz səsi eşitməyən” qəzəllər söylədi, ona yazdığı nəzirələri də dilə gətirdi. Hacıbaba Hüseynov Seyid Əzimdən sonsuz sevgi ilə danışaraq böyük klassiki Azərbaycan əruzunun parlaq ulduzu kimi dəyərləndirdi. Bildirdi ki, şairin yazdıqları, xanəndələrin oxuduqları onu bizlərə sanki müasirimiz kimi təqdim edir.

Doğrusu, həmin görüşə qədər Seyid Əzim Şirvani irsinə orta məktəb dərsliklərinə və əlavə olaraq oxuduğumuz bəzi mənbələrə görə az-çox bələd idik. Sonra isə şairin yaradıcılığı ilə daha çox maraqlandıq və söylənənlərin nə qədər doğru olduğunu gördük.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Atasını erkən itirib. Ana babası Molla Hüseyn dul qalmış qızını və nəvəsini götürüb Dağıstana, dini icmasına başçılıq etdiyi Yaqsay kəndinə aparıb. O, “bala seyid”ə öz doğma övladı kimi baxır, təhsili ilə də şəxsən özü məşğul olurdu. 18 yaşı olanda Şirvana qayıdan Seyid Əzim millətin mədəni-maarif üzrə geriliyi üzündən qələmə sarılıb, fanatizmi tənqid etməyə başlayıb. Sonra İraqda və Suriyada ali ruhani təhsil alsa da, gənc şair dünyəvi elmlərə də böyük maraq göstərib. Şamaxıda Ünsizadə qardaşlarının təşəbbüsü ilə açılmış “Məclis” adlı yeni üsullu məktəbdə dərs deyib. Məhz burada Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə onun şagirdləri olublar. Ömrünün sonunadək müəllimlik edən maarifpərvər şairi gözü götürməyən bəzi mollalar onu hörmətdən salmaq üçün canfəşanlıq edib, şairi “kafir” adlandırıb. Amma bütün bunlar Seyid Əzimin tarixə düşməsini əngəlləyə bilməyib.

Azərbaycan ədəbi tarixində ilk dəfə Seyid Əzim “Uşaqların baharı” adlı dərslik yazaraq şagirdlərə öz tarixi və mədəni irsinə görə qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyalarını təlqin edib. Lakin bu, çar hökumətini ehtiyatlandırıb, odur ki, dərslik yığışdırılıb.

Şair yaradıcılığı boyu Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib. Realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib. Onu dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.

O, didaktik əsərlərində humanizm ideyalarını təbliğ edib. Əsərləri içərisində xüsusi yer tutan öyüd-nəsihət ruhlu mənzum hekayələr şairin maarifçi şeirləri ilə birləşir. Hələ orta məktəb illərindən bildiyimiz bu kimi nümunələr indi də yaşarıdır:

Cəfər, ey nuri-dideyi-Seyyid,
Qönçeyi-növrəsideyi-Seyyid!
İttifaq eylə dust ilə hər an,
İttifaq ilə əmr olur asan...

Seyid Əzimin əsərləri arasında müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuliyə yazdığı nəzirələr də var. Lakin, əsasən, öz qəzəlləri ilə tanınıb. Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən müəllim-şairin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Seyid Əzim bir çox şairin ilham mənbəyi və mənəvi müəllimi olub. Firidun bəy Köçərli onu “Qafqaz şüərasının səramədi” adlandırıb və Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə xüsusi önəm verib. O, Bakı, Şuşa, Gəncə, Qazax, Lənkəran, Təbriz, Ərdəbil, Dərbənd və Şəki bölgələrinin şairləri ilə sıx əlaqədə olub, təzkirələrində onların yaradıcılığından geniş bəhs edib.

Məlumdur ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Seyid Əzimin yaradıcılığına böyük maraq göstərmiş, onu Bakıya dəvət etmiş və şeirlərini dinləmişdir. Seyid Əzimin oğlu Seyid Cəfərin söylədiyinə görə, Tağıyev onun külliyyatını çap etdirmək istəsə də, senzura və bəzi ruhanilərin müqaviməti buna mane olmuşdu. Amma sonradan bu külliyyat Tehranda nəşr olunmuşdu.

“Seyyida, ölmərəm, aləmdə səsim var mənim” – deyən Seyid Əzim Şirvaninin səsi bu gün də eşidilməkdə, könüllərə nur saçmaqdadır.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət