Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəsmi saytının təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollektivi təbrik edərək şuranın 2023-cü ili uğurla başa vurduğunu bildirib, nailiyyətlərin davamlı olmasını diləyib.
Qeyd edilib ki, “Heydər Əliyev İli” çərçivəsində ötən il ölkəmizdə olduqca əlamətdar və faydalı tədbirlər keçirilib. Qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da ötən il Naxçıvanda keçirilən bir sıra tədbirlərin, xüsusilə sosial layihələrin təşkilində fəal iştirakı ilə seçilib. Aparılan struktur dəyişiklikləri və kadr islahatları şuranın fəaliyyət imkanlarını daha da genişləndirib. Bu gün rəsmi saytın istifadəyə verilməsi də Həmkarlar İttifaqları Şurasının daha bir uğurudur.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında qeyd edib ki, sayt müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin ictimai fəaliyyəti gücləndirmək və media ilə əlaqələrin daha dinamik şəkildə qurulmasını təmin etmək məqsədilə yaradılıb. Şura bundan sonra da muxtar respublikanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdə və sosial layihələrdə fəal iştirak edəcək.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəsmi veb-saytının təqdimatı olub.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Naxçıvan