Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mərasimdə iştirak edib.
Səlahiyyətli nümayəndə əvvəlcə muxtar respublikanın polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb. Muxtar respublikanın daxili işlər naziri, general-mayor Süleyman Neymətov məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ayırdığı 16 yeni xidməti avtomobildən 4 “BMW” yol-patrul xidməti, 12 “JAC-T8” isə mühafizə, post-patrul və dəmir yolu polis xidmətləri üçün nəzərdə tutulub. Bu avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə imkan verəcək.
Sonra səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub. Üçmərtəbəli binanın foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Məlumat verilib ki, şöbədə növbətçi, qəbul, xüsusi vasitələrin saxlanması otaqları, kriminalistik tədqiqatlar, istintaq və tədqiqat, təşkilati-inspektor qrupları üçün və digər xidməti otaqlar, eləcə də server otağı, arxiv, iclas zalı və bufet yerləşir. Xidmətin operativ təşkili üçün otaqların hər biri ən müasir avadanlıqlarla təchiz olunub.