FƏRHAD BƏDƏLBƏYLİ,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor
2024-cü il 7 fevral tarixi xalqımız üçün böyük bir əlamətdar gün oldu. Biz bir xalq kimi bir daha sübuta yetirdik və dünyaya bəyan etdik ki, Prezidentimizin ətrafında sıx birləşmişik. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev müasir dövrün ən görkəmli dövlət başçılarındandır. O, xalq qarşısında tarixi xidmətləri olan fateh sərkərdəmizdir.
Ulu öndərimiz Heydər Əliyevin dühasından bəhrələnən və onun ideyalarını davam etdirən İlham Əliyev daim dövlətin və xalqın rifahını düşünür, bütün həyatını və fəaliyyətini bu amala həsr edir, Ata vəsiyyətini ləyaqətlə həyata keçirir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında Qarabağdakı möhtəşəm Qələbəmiz, əzəli-əbədi tarpaqlarımızın tamamilə düşməndən azad olunaraq Azərbaycanın sərhədlərinin bütövləşməsi, ölkəmizin suverenliyinin bərpa olunması, həqiqətən də, möhtəşəm bir hadisədir və Zəfər tariximizin şərəfli səhifələrinə yazılmışdır. Biz mədəniyyət xadimləri hər zaman Prezidentimizlə məsləkdaş olaraq, bu Qələbədən ruhlanıb, öz yaradıcılığımızda bunu tərənnüm edirik. İndi səsimiz Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və Qarabağ torpağının, Azərbaycanımızın hər yerindən gəlir. Möhtəşəm quruculuq, bərpa işlərinin aparılması, beynəlxalq tədbirlərin keçirilməsi bizə qürur verir.
İlham Əliyev beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi və siyasi maraqlarını təmin edən və ən inkişaf etmiş ölkələr sırasında Azərbaycanı təmsil edən Lider kimi, beynəlxalq aləmdə dövlətimizin haqqının və hüququnun qarantına çevrilmişdir.
Əziz Prezidentimiz görkəmli dövlət xadimi, mahir siyasətçi olmaqla yanaşı, həm də mədəniyyətimizin dərin bilicisi və hamisi kimi tanınmışdır. Mədəniyyət sahəsində həyata keçirilən siyasət, mədəniyyət və incəsənət xadimlərinə hər zaman diqqət və qayğı göstərilməsi bunu bir daha sübut edir. Bizim Prezidentimizlə görüşlərimiz, söhbətlərimiz hər dəfə bir mədəniyyət hadisəsinə çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyevin həm dünya miqyasında, həm də Vətənimiz üçün nə qədər böyük işlər gördüyünün şahidiyik. Azərbaycanın siyasi, iqtisadi yüksəlişini təmin etməklə yanaşı, o, sözün əsl mənasında, tarixi bir Zəfərə imza atdı, Azərbaycan tarixində yeni bir səhifə açdı. Buna görə biz bütün arzularımızı, amallarımızı gerçəkləşdirən bir insan kimi Prezidentimizə minnətdarıq. Biz hər zaman xalqımızın parlaq gələcəyi naminə çalışan əziz Prezidentimizin yanındayıq və onu dəstəkləyirik.
Böyük fəxrlə və qürur hissi ilə cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, Vətənimiz naminə yüksək nailiyyətlər arzulayırıq!
Biz Sizinlə fəxr edirik, əziz Prezidentimiz! Tanrı Sizi qorusun!