Avropadakı NATO üzvü ölkələr ABŞ Prezidenti Donald Trampın qərarlarına uyğun olaraq Amerikanın hərbi qüvvələrinin Avropadan hissə-hissə çıxarılacağını gözləyir. Bu barədə “Euractiv” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Hazırda Avropada təxminən 80 min ABŞ əsgəri yerləşir. NATO-ya üzv Avropa ölkələri hesab edir ki, Vaşinqton qarşıdakı dövrdə prioritetlərini dəyişərək hərbi resurslarını Asiya və Yaxın Şərq istiqamətində yönləndirəcək.
Avropalı diplomatlardan biri “Euractiv”ə bildirib: “Söhbət artıq bu prosesin baş verib-verməyəcəyindən deyil, nə dərəcədə planlı şəkildə həyata keçirilə biləcəyindən gedir – elə ki, Alyansın mövcud müdafiə planları təhlükəyə düşməsin”.
“Euractiv”in danışdığı ekspertlərin fikrincə, Avropa ölkələri yaxın illərdə ABŞ hərbi qüvvələrinin yaratdığı strateji boşluğu kompensasiya etmək iqtidarında deyil. Bu, ilk növbədə NATO-nun Almaniya və İtaliyada yerləşən əsas bazalarının fəaliyyətinə təsir göstərəcək.
Həmçinin vurğulanır ki, Avropa ABŞ-ın qabaqcıl hava qüvvələrinə, yüksək səviyyəli logistik imkanlarına və peyk kəşfiyyatı sistemlərinə ciddi şəkildə bağlıdır. Bu resurslar olmadan qitənin müdafiə imkanlarının zəifləyəcəyi istisna olunmur.
Bəzi NATO üzvləri artıq Alyans rəhbərliyini müdafiə planlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə çağırır. Bu çağırışlar NATO-nun strateji sabitliyi qorumaq üçün “B planı”nın hazırlanmasının zəruriliyini gündəmə gətirir.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi bəyan edib ki, rəsmi Vaşinqton 2025-ci ilin sonuna qədər Avropadakı qüvvələrinin sayının azaldılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Aprel ayında ABŞ Prezidenti Donald Trampın o zamankı müşaviri, general Mayk Uolts bildirib ki, Amerika artıq Avropa ölkələrinin müdafiə qabiliyyətini eyni intensivliklə dəstəkləyə bilməz. “Biz Avropanın müdafiəsinin bütün yükünü daşımaq imkanında deyilik. İndi Avropanın da məsuliyyət götürməsi zamanıdır,” – deyə Uolts bildirmişdi.
Bu bəyanat Tramp administrasiyasının “Öncə Amerika” siyasətinə qayıtdığını və qlobal yükün bölüşdürülməsi prinsipini bərpa etmək niyyətində olduğunu göstərir. Bu proses NATO üçün yalnız texniki hərbi dəyişiklik deyil, həm də siyasi və strateji transformasiya deməkdir. ABŞ-ın iştirakı olmadan Avropa hərbi cəhətdən vahid blok olaraq qalmayacaq.
Hazırkı vəziyyət Avropa İttifaqının “strateji muxtariyyət” konsepsiyasını yenidən gündəmə gətirir. Hərbi texnologiya, sənaye istehsalı və peyk rabitə sahələrində ABŞ-dan asılılıq azaldılmadığı təqdirdə, NATO-nun gələcəyi təhlükə altına düşə bilər.
Eyni zamanda, ABŞ-ın diqqətini Çin və İranla bağlı regional çağırışlara yönəltməsi Avropanın geosiyasi önəmini azalda bilər. Bu isə təkcə hərbi sahədə deyil, diplomatik mövqe baxımından da Avropa üçün zəiflik doğura bilər.
ABŞ qoşunlarının Avropadan çıxarılması yalnız texniki rotasiya deyil, transatlantik münasibətlərin yeni mərhələyə keçdiyini göstərən ciddi siqnaldır. NATO daxilində məsuliyyətin paylaşılması, Avropanın öz müdafiə yükünü daşımaq hazırlığı və ABŞ-Avropa münasibətlərinin real geosiyasi maraqlara əsaslanması bu prosesin əsas parametrləri olacaq.
Səbuhi MƏMMƏDOV
XQ