№ 358 1 dekabr 2025-ci il, Bakı şəhəri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”ndə dəyişiklik edilməsi və “Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 9 may tarixli 390 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (IV kitab), maddə 684 (Cild I); 2024, № 3, maddə 329) ilə təsdiq edilmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından “və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı” sözləri çıxarılsın;
1.2. 2.2-ci bənd ləğv edilsin.
2. “Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 91) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

