“Rəqəmsal akademiya”da Almaniya, Sinqapur və Səudiyyə Ərəbistanının təcrübəsi öyrənilib

post-img

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və Almaniyanın “Hertie School” Dövlət İdarəçiliyi Məktəbinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal akademiya” proqramının strateji sessiyasına yekun vurulub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin dekabrından etibarən davam edən strateji sessiyada 40-dan çox dövlət qurumundan nazir müavinləri və müşavirləri də daxil olmaqla, 70-ə yaxın rəhbər şəxs iştirak edib. Sessiya ərzində Almaniya, Səudiyyə Ərəbistanı və Sinqapura səfərlər edilib, bu ölkələrin rəqəmsal inkişaf təcrübəsi araşdırılıb, həmçinin müvafiq qurumları ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Rəqəmsal akademiya” proqramının dövlət sektorunda rəqəmsal səriştələrin inkişafı, əməkdaşlıq, nəticəyönümlü layihələr və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, səriştələrin inkişafı ilə bağlı prioritetlərin Azərbaycan Respublikasının “Rəqəmsal İnkişaf Konsepsiyası”nda yer aldığını vurğulayıb: “Uğurlu rəqəmsal transformasiyanı müvafiq səriştələrin inkişafı olmadan təsəvvür etmək mümkün deyil. Rəqəmsal səriştələrin inkişafı dövlətin prioritetlərindən biridir və cari ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib, “Rəqəmsal İnkişaf Konsepsiyası”nda da öz əksini tapıb”.

İRİA-nın sədri Fərid Osmanov “Rəqəmsal akademiya”nın təsis edildiyi zamandan etibarən fəaliyyətinin qısa icmalını verib. Bununla yanaşı, F.Osmanov proqram sayəsində qurumlar arasında rəqəmsal transformasiya layihələri üzrə əməkdaşlığın güclənəcəyindən əminliyini ifadə edib: “Bu gün biz “Rəqəmsal akademiya” iştirakçılarının səfərlər edilən ölkələrdə öyrəndikləri təcrübələri ilə daha ətraflı tanış olduq və əminəm ki, bu ölkə nümunələri gələcəkdə müvafiq dövlət qurumlarında rəqəmsal transformasiya layihələrinə əhəmiyyətli töhfələr verəcək”.

Tədbirin davamında “Rəqəmsal akademiya” proqramının ekspertləri Gerhard Hammerşmit və Məhəmməd Searın moderatorluğu ilə səfərlər zamanı qurumlar tərəfindən öyrənilmiş təcrübəni əhatə

edən təqdimatlar baş tutub. “Azəriqaz” İstehsalat Birliyi, Müdafiə Sənayesi Nazirliyi və Elm və Təhsil Nazirliyinin rəhbər nümayəndələri proqram ərzində müvafiq ölkələrdən əldə edilən təcrübə və onun

tətbiqi imkanlarını tədbir iştirakçıları ilə bölüşüblər. Daha sonra Ədliyyə Nazirliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Azərbaycanda rəqəmsallaşma üzrə qabaqcıl təcrübəyə həsr olunmuş

təqdimat sessiyası keçirilib.

Yekun sessiyanın ikinci günündə “Rəqəmsal transformasiya üçün dövlət-özəl tərəfdaşlığı: uğurlu əməkdaşlığın idarə edilməsi və “GovTech” ekosisteminin yaradılması” mövzusunda seminar keçirilib.

Seminarda dövlət sektorunun daha uğurlu rəqəmsallaşması üçün özəl sektorun texnoloji potensialı və innovativ həllərindən səmərəli istifadə strategiyaları nümayiş etdirilib. Mövzunun davamı olaraq daha sonra İRİA-nın sədr müavini Rəşad Xalıqov və Azərbaycanın aparıcı özəl sektor nümayəndələrinin iştirakı ilə panel müzakirəsi baş tutub. Dövlət-özəl tərəfdaşlığı, innovasiya transferi və rəqəmsallaşma şəraitində insan kapitalının inkişafı üçün dövlət qurumları ilə özəl sektorun əməkdaşlığı haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrından etibarən davamlı şəkildə keçirilən “Rəqəmsal akademiya”nın strateji sessiyası dövlət qurumlarının rəhbər şəxsləri üçün nəzərdə tutulub. Sessiya zamanı Azərbaycan hökumətinin prioritetləri ilə uzlaşan rəqəmsal inkişaf tendensiyaları ətrafında çoxsaylı müzakirələr aparılıb, Azərbaycanın bu sahədə strateji yanaşması və müvafiq ölkələrə səfərlər zamanı əldə olunan təcrübə təhlil edilib.

İqtisadiyyat