Beyinin “ömür yolu”

post-img

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, insan beyni həyat boyu 5 əsas inkişaf mərhələsindən keçir. Bu mərhələlərin dönüm nöqtələri 9, 32, 66 və 83 yaşlarda baş verir. Tədqiqat 90 yaşa qədər olan təxminən 4 min nəfərin beyin skanları əsasında aparılıb və nəticələr “Nature Communications” jurnalında dərc olunub.

Araşdırma göstərir ki, beyin təxminən 30 yaşa qədər gənclik fazasında qalır və məhz bu dövr onun ən səmərəli işlədiyi mərhələ hesab olunur.

Uşaqlıq illərində beyin sürətlə inkişaf edir və artıq sinapsları təmizləyir. Qeyd edək ki, sinapslar neyronların (sinir hüceyrələrinin) digər neyronlara və ya əzələ, vəzi kimi orqanlara mesaj ötürməsinə imkan verən xüsusi qovşaqlardır. 9 yaşdan 32 yaşa qədər davam edən gənclik dövründə beyin əlaqələri maksimum səmərəlilik üçün yenidən qurulur və psixi pozuntuların yaranma riski bu mərhələdə ən yüksək olur.

32 yaşdan 66 yaşa qədər davam edən yetkinlik dövrü beynin ən sabit, lakin tədricən geriləmənin başlandığı mərhələ sayılır. Təxminən, 66 yaşdan sonra erkən qocalma fazası başlayır və bu dövrdə beynin əlaqə strukturlarında dəyişikliklər müşahidə edilir. 83 yaşdan sonra isə gec qocalma fazası başlayır, lakin bu mərhələ barədə məlumat azdır.

Alimlər vurğulayırlar ki, yaş mərhələləri insan həyatındakı mühüm dəyişikliklərlə, hətta 30 yaş ətrafında baş verən sosial dönüşlərlə diqqətəlayiq dərəcədə üst-üstə düşür. Mütəxəssislər araşdırmanı beynin həyat boyu necə dəyişdiyini anlamaq baxımından əhəmiyyətli hesab edirlər.

Hazırladı:
S.ELAY
XQ



Dünya