“Azərbaycan–Səudiyyə Ərəbistanı əlaqələrinin təbliğinə ehtiyac var”

post-img

Səfir İssam bin Saleh əl-Cuteyli “Xalq qəzeti” redaksiyasında keçirilən görüşdə iki ölkənin media qurumları arasında əməkdaşlığın vacibliyini önə çəkdi  

Dünən “Xalq qəzeti” redaksiyasında Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirildi. Baş redaktor Əflatun Amaşov və bir qrup əməkdaşla qarşılıqlı səmimi söhbət formatında keçən görüşdə səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, iki ölkənin rəsmiləri və xalqları arasında çoxtərəli əməkdaşlığın, dostluq münasibətlərinin mövcudluğuna diqqət yetirdi. Fəqət, bu əlaqələrin mediada kifayət qədər işıqlandırılmadığını təəssüflə söyləyən səfir Səudiyyə xalqında Azərbaycan haqqında məlumatın məhdud olduğunu dedi. O, bu çatışmazlığın aradan qaldırılmasına medianın öz töhfəsini verməsinin vacibliyini söylədi. 

“Xalq qəzeti”nin bu işdə öz xidmətini məmnuniyyətlə təklif etdiyini hörmətli qonağın diqqətinə çatdıran baş redaktor Əflatun Amaşov Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğunu, indi isə ikitərəfli əlaqələrin özünün yüksək inkişaf səviyyəsinə qalxdığını söylədi. 

Öz növbəsində möhtərəm səfir ölkələrimiz arasında dost və səmimi münasibətlərin bariz nümunəsi kimi İki Müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudin, həmçinin Krallığın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik etdiklərini görüş iştirakçılarının nəzərinə çatdırdı.  

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini, eyni zamanda, Bakı və Ciddənin qardaşlaşmış şəhərlər olduğunu səfirin diqqətinə çatdıran, media sahəsində həm ikitərəfli, həm də beynəlxalq formatda əməkdaşlığı faydalı hesab edən Ə.Amaşov “Xalq qəzeti” ilə Səudiyyə Ərəbistanının nüfuzlu nəşrlərindən biri ilə sıx əməkdaşlığın qurulmasını, qarşılıqlı informasiya mübadiləsinin aparılılmasını təklif etdi. Daha sonra, o, bu məqsədlə Ər-Riyadda, yaxud Bakıda Müsəlman Ölkələri Jurnalistlərinin Forumunun təşkil edilməsi ideyasını irəli sürərək, belə bir tədbirin beynəlxalq rezonans doğuracağını, həm də islamofobiyaya qarşı nüfuzlu tribuna rolunu oynaya biləcəyini vurğuladı.  

Baş redaktorun təşəbbüsünü yüksək dəyərləndirən səfir İssam bin Saleh əl-Cuteyli iki ölkənin media mənsubları arasında təcrübə mübadiləsini, qarşılıqlı səfərləri təşkil etməyə hazır olduğunu, bu sahəyə ciddi önəm verdiklərini və əməli fəaliyyətə keçməyin məqamının çatdığını bildirdi:

“Bizim və sizin media qurumları arasında körpünün yaradılmasına ehtiyac hiss olunur. Doğrudur, ölkələrimiz həm regional, həm də beynəlxalq müstəvilərdə bir-birinə hərtərəfli dəstək verir, amma təbliğatı və informasiya mübadiləsini gücləndirmək üçün birgə qlobal layihələr gerçəkləşdirməliyik”.  

Səfirin sözlərinə qüvvət olaraq Ə.Amaşov onu da əlavə etdi ki, qlobal platformalar haqq sözümüzü dünyaya çatdırmaq nöqteyi-nəzərindən çox önəmlidir. Bu platformaya Türkiyənin, digər müsəlman dövlətlərinin təmsilçilərinin də qoşulmasının onun effektini xeyli artıracağına əmin olduğunu söyləyən baş redaktor bu məsələnin mənəvi tərəfini də vurğuladı: 

“Xalqlarımızı çox müqəddəs və bəşəri dəyərlər birləşdirir. Araşdırmalara görə, orta statistik azərbaycanlının ən çox işlətdiyi söz Allahdır. Analarımız övladlarını əzizləyəndə, ağsaqqallarımız gənclərə xeyir-duasını verəndə, yaxud uzaq səfərə çıxanlara uğurlu yol diləyəndə mütləq şəkildə “Allah amanında” deyib Rəbbimizi təvəkkül edirlər”.  

Bu sözləri dinləyərkən səfirin üzünə qonmuş məmnunluq ifadəsini sezməmək mümkün deyildi. Qarşılıqlı hörmət və səmimi atmosferdə keçən görüşdə söz alan baş redaktorun birinci müavini Qüdrət Piriyevin təxminən iyirmi beş il bundan əvvəl Kralın dəvəti ilə baş tutmuş Həcc ziyarətində müqəddəs məkanda keçirdiyi hisslər, keçən ilin noyabrında isə ümrə ziyarəti zamanı Məkkədə və Mədinədə gördüyü dəyişikliklər, səhrada yaradılan cənnət barədə dedikləri səfirə olduqca xoş təsir bağışladı. Ardınca görüşün təşəbbüskarı, qəzetin sabiq əməkdaşı İttifaq Mirzəbəyli Səudiyyə Ərəbistanının Azərbaycana həmişə dayaq durduğunu, dar gündə əlini uzatdığını, qaçqınlarımıza ilk yardımın məhz bu ölkədən gəldiyini, indi isə azad Qarabağın minalardan təmizlənməsində əməkdaşlıq etdiyini nəzərə çatdırdı.   

Görüşün sonunda Əflatun Amaşov Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tanınmışların ulu öndərlə bağlı xatirələrinin yer aldığı, nəfis tərtibatda nəşr olunmuş kitabı səfir İssam bin Saleh əl-Cuteyliyə hədiyyə etdi. 

İ.HƏSƏNQALA, XQ         



Son xəbərlər