AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimovun adına ilk dəfə həyatdan vaxtsız köçmüş atası – unudulmaz şairimiz Əli Kərimin “Vəsiyyət” şeirində rast gəlmişəm:
…Gecələr yazmaq,
oxumaq eşqi gələndə
asın təbəssümümü
divar lampası kimi
başı üstdən üç canımın,
üç igid oğlanımın –
Paşamın, Azərimin,
Orxanımın…
Daha sonra Paşaya həsr etdiyi "Xətlər variasiyaları” şeiri ilə tanış oldum: “Saat 1-dir… Baxmayıb gecənin bu çağına, Oğlum düz xətlər çəkir Ərzin hər bucağına”. O vaxt yaşadıqları Vaqif küçəsindəki evdə yazılmış bu şeir ilk baxışda uşaq marağı kimi nəzərə çarpan bu “əyləncəli həndəsə” əslində, dünyanın o zamankı mənzərəsinə, Yer planetinin müqəddəratına bir baxış idi.
Təəssüf ki, 10 yaşındaykən atasını itirmiş Paşa Əli oğlu 65 yaşının tamamına 2 həftə qalmış – bu il yanvarın 25-də dünyadan köçdü. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Paşa Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirərək, Əli Kərimin ədəbiyyata həsr olunan ömrünü davam etdirirdi.
Mərhum alim bir müsahibəsində bu barədə deyib: “Bir dəfə futbol oynayırdıq. Atam da, sən demə, pəncərədən bizə baxırmış. Mən oyun zamanı bir də gördüm ki, yerdə qəzet qırığı var. O qədər bizə oxumağı aşılamışdı, maraq mənə güc gəldi, oyunu vecimə almadım, qəzet qırığını götürüb oxumağa başladım. Uşaqlar qışqır-bağır saldılar ki, əşşi, oxumağın yeridir, top gəlir, burax onu, oyuna fikir ver. Atam pəncərədən bu mənzərəyə baxıb xeyli gülübmüş. Sonra da anama deyib ki, deyəsən, bu uşaq da o yolun yolçusudur. Yəni yazı-pozuyla məşğul olacaq. Demək istədiyim odur ki, bu cür şeylərə çox diqqət edirdi. Kitabxanadan nə kitabı aldın, kimi oxuyursan və s. O vaxt mən gündəlik yazırdım, onu da soruşurdu ki, nə yazmısan, gətir göstər. Bax, bizi belə bir mühitdə, ovqatda böyütmüşdü”.
Beləcə, mayasını Əli Kərimin poetik ruhundan götürmüş Paşa Əlioğlu yaradıcılıq imkanlarını bədii araşdırmalarla genişləndirib. 1982-ci ildən AMEA-nın Əlyazmalar İnstitutunda işləyib, elmi katib, direktor müavini vəzifələrində çalışıb. O, həmçinin Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi. 1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması ilə məşğul olurdu. İlk dəfə XVI–XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Nadimin şeirlərini, bir sıra başqa abidələrimizi o, çap etdirib. İnstitutun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimlinin qeyd etdiyi kimi, Paşa Əlioğlu söz sənətimizin naməlum səhifələrini üzə çıxardığı məqalələri ilə tanınan görkəmli ədəbiyyatşünas, mətnşünas, əlyazmaçı alim idi. “Biz onu daim iş başında, gözündə eynək, bir əlində lupa, bir əlində qələm əlyazmalar üzərində çalışan görməyə alışmışdıq”.
Paşa Əlioğlu 2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuşdu. 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdü. 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdü. Əlyazmalar İnstitutunun nəzdindəki “Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri, UNESCO-nun “Dünya yaddaşı” proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi. “Azərbaycan”, “Multikulturalizm”, “Filologiya məsələləri”, “Əlyazmalar yanmır”, çalışığı institutun “Elmi əsərlər” jurnallarının redaksiya heyətlərinə üzv seçilmişdi.
Ötən ilin əvvəlində atasının kitablarının türk və rus dillərində çapından sevinərək demişdi: “Əli Kərimin, demək olar ki, bütün əsərləri Türkiyədə “Bəngü” nəşriyyatında Türkiyə türkcəsində çap olundu. Artıq qardaş ölkədə onun şeirləri böyük sevgi ilə oxunacaq. Daha sonra kitablar rus dilinə də tərcümə olundu və Əli Kərim yaradıcılığının əhatə dairəsi bir az da genişləndi. Rus dilində də kitabın çıxması Ə.Kərim poeziyasının daha geniş coğrafiyada tanınmasına vəsilə olacaq”. Sonda isə Paşa Əlioğlu bu gözəl işlərin təşəbbüskarı olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, mərhum Qənirə Paşayevaya təşəkkürünü bildirmişdi.
Əli Kərim də, ömür-gün yoldaşı Elza xanım da, oğulları Orxan da dünyaya əlvida deyiblər. İndi də Paşanın ruhu gedib onlara qovuşub. Bu gün təkcə Azər qalır. Türkiyənin Bilkənd Universitetində riyaziyyat üzrə professor kimi çalışan Azər Kərimova zəng etdik. Ata və anasından, Orxan və Paşadan anbaan kövrələ-kövrələ, qırıq-qırıq cümlələrlə bəhs eləyir. O, danışdıqca yadıma atasının yazdığı “Nə xoşbəxt imişəm bir zaman, Allah” şeiri düşür:
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən...
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış...
Nə etmək olar, insan “Həmişə səfərdə”dir, “Qızıl qanad”larsa daim xatirə kəhkəşanında çırpınmaqla təsəllimiz olur.
Ə.NƏCƏFXANLI
XQ