Çağdaş siyasi tariximizin nüfuzlu tədqiqatçısı

post-img

Bakı Dövlət Universitetinin professoru İbrahim Zeynalov zəngin yaradıcılıq yolu keçmiş alimlərimizdəndir. Əsl elmi-tədqiqatçı ömrü yaşayıb, halal zəhməti, gərgin, yaradıcı əməyi, zəngin fəaliyyəti ilə həmkarlarının və tələbələrinin rəğbətini qazanıb. 

İbrahim müəllim Tovuz rayonunun Aşağı Ayıblı – indiki Əyyublu kəndin­də doğulub. Atasını erkən yaşlarında itirdiyindən ailəyə böyüklük edib, kiçik qardaşları – İman və Dumana ata əvəzi olub. Orta məktəbdə həm savadı, həm də təlim-tərbiyəsi ilə seçilən İbrahim BDU-nun (keçmiş ADU) tarix fakultəsinə qəbul imtahanlarında bütün fənnlərdən yüksək qiymət alsa da, müsabiqədən keçə bilmədi. Səbəb bəlli idi, havadar­lıq, tapşırıq olmayanda asan iş də çətinə düşürdü... 

Ancaq o vaxtlar Azərbaycan KP MK-nın 1-ci katibi olan ulu öndər Heydər Əliyevin verdiyi göstəriş İbrahimin, eləcə də universitetin sayılıb-seçilən fakültələ­rində təhsil almaq istəyən bir çox fəh­lə-kəndli balalarının həyatında bir ümid işığı yandırdı. Ulu öndərin universitetə qəbul zamanı “fəhlə-kəndli balalarına üstünlük verilsin” qərarı ədalətin bər­pası olmuş, tarixçi, hüquqşünas, jurna­list, şərqşünas olmaq istəyən gənclərin yollarını açdı. İbrahimin ADU-nin tarix fakultəsinə qəbul olunmasında bu faktın böyük rolu oldu. 

İbrahim Zeynalov 1980-ci ildə uni­versiteti fərqlənmə diplomu ilə bitirəndə fakültənin dekanlığı, xüsusilə də müəl­limi olmuş tanınmış tarixçi alim Səfiyar Musayev ona bu ali təhsil ocağında qal­mağı təklif etmişdi. Amma ailə vəziyyəti ilə əlaqədar razı olmamış, hətta sevimli müəlliminə də bildirmışdi ki, kiçik qar­daşı Duman (sonralar polis orqanların­da rəhbər vəzifələrdə çalışdı, ruhu şad olsun) hüquq fakultəsinə qəbul olunub, onun təhsilini davam etdirməsi üçün maddi köməyi lazımdır. Bir müddət son­ra isə o, nəhayət, universitetə qayıdıb əyani aspiranturaya qəbul olundu, 1986-cı ildə elmi işini uğurla müdafiə etdi. 

Elə o vaxtdan da taleyini doğma univerisitetlə bağlayıb – müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2 il BDU-da təlim-tərbiyə işləri üzrə pro­roktor olub, 4 il (1996–2000-ci illlər) bu flaqman təhsil ocağında aspirantura şöbəsinə rəhbərlik edib. 2019–2020-ci illərdə tarix fakültəsinin dekanı vəzifəsi­ni icra edən İbrahim müəllim sonradan dekan vəzifəsinə seçilib və bu işi uğurla davam etdirməkdədir. Həm də “Ümumi tarix” və “Vətən tarixi” indekisləri üzrə dissertasiya şurasının sədridir. 

Bu illər ərzidə müxtəlif vəzifələrdə çalışsa da, elmi yaradıcılığını davam etdirib, 1999-cu uldə doktorluq diserta­siyasını müdafiə edərək AAK-ın qərarı ilə tarix elmləri doktoru elmi adını alıb. 2000-ci ildən isə tarix fakultəsində pro­fessor vəzifəsini tutmaqdadır. 

Professor İbrahim Zeynalov zən­gin yaradıcılıq yolu keçmiş məhsuldar alimlərdəndir. O, 7 elmi monoqrafiyanın, 20-dən çox dərs vəsaitinin, 3 kitabın, 6 dərsliyin, 10-dan çox fənn proqramının, ümumilikdə 280-dan çox elmi məqalə­nin müəllifidir. Onun “Vətən Müharibəsi tarixi: Şəxsiyyət faktoru”, “Heydər Əli­yev”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Azərbaycanın ərazi bü­tövlüyünün və tarixi ədalətin bərpası Azərbaycanın Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”, “Siyasi tarix” (dərslik); “Azərbaycanın iqtisadiyyatı və sosial in­kişafı (70–80-ci illərdə)”; “Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısın­da” (dərslik); “Totalitar Sovet Cəmiyyəti: Tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20–50-ci illərində)”, “Vətənin xilaskar oğlu”, “İlham Əliyev: Azərbay­can son 17 ildə – uğurlu siyasətinin da­vamı”, “44 günlük Vətən Müharibəsində Ermənistanın hərbi-siyasi iflası” əsərləri tədqiqatçıların böyük rəğbətini qazanıb. Nəşrə hazırladığı yeni əsəri – “Azərbay­can milli dövlətçilik tarixində Heydər Əli­yev zirvəsi: dahi şəxsiyyətin ömür yolu” adlanır. Əminik ki, çap mərhələsində olan 665 səhifəlik bu kitabın Ulu öndə­rin zəngin irsinin öyrənilməsində xüsusi əhəmiyyəti olacaq. 

İbrahim müəllim fəal YAP-çı kimi ölkənin ictimai-siyasi həyatında yaxın­dan iştirak edir, gəncliyin vətənə, döv­lətçiliyə sədaqət ruhunda yetişməsində yorulmadan çalışır. Onun rəhbərliyi al­tında 12 nəfər tarix üzrə fəlsəfə doktoru, 1 nəfər isə tarix elmləri doktoru elmi işini başa vurub, hazırda 5 nəfər fəlsəfə dok­toru və 4 nəfər elmlər doktoru proqramı üzrə elmi tədqiqatlar aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. A.Bakıxanov adına müka­fatla, ”BDU-nin 100 illiyi” yubiley medalı və kadrların hazırlığındakı xidmətlərinə görə çoxsaylı fəxri fərmanlarla təltif edi­lib. Tələbkar və qayğıkeş alimin ən bö­yük mükafatı isə tələbələrinin, rəhbərlik etdiyi kollektivin ona əvəzsiz sevgisidir.

* * *

Bakıya hər gələndə onunla görüşə bilməsəm də, budəfəki səfərimdə zi­yarət etdim. Bir-bir hamını soruşdu. Aldığı cavablardan məmnun olduğunu hiss etdim. Qələm dostum Çingiz Qəribli ilə həmmüəllif olduğumuz, Tovuz döyüş­lərindən bəhs edən “Doğuluş” kitabını ona verdim, “70 illik yubileyinizə hədiyyə olsun”, – dedim. Kövrəldi, amma kitabı vərəqləyə-vərəqləyə: “Xoşbəxtəm ki, iş­ğaldan azad olunmuş torpaqlarımızı, 30 ildən sonra ölkəmizin suverenliyini gör­düm, – dedi.

Sonra da davam etdi ki, taleyimizdə xüsusi yeri olacaq prezident seçkilə­rinə də qalib ölkənin vətəndaşları kimi səfərbər olaraq getdik. Böyük sərkər­dəyə – Ali Baş Komandan İlham Əliyevə səs verməklə Azərbaycanın daha bö­yük uğurlarına xeyir-dua verdik. Mənim üçünsə bu günlərin sevinci dünyalar qədər böyükdür. 70 illiyim seçkilər ilinə təsadüf etdi, Bu günlər həyatımın ən yaddaqalan tarixi olacaq...

Axşam kəndə qayıdacağımı söylə­dim. Heç nə deməsə də, gözlərindəki suallar açıqca oxunurdu. Hiss etdim ki, boya-başa çatdığı, əzizlərinin məzar­larını qoyub gəldiyi doğma kəndi Əy­yubluya dönən eloğlusuna qibtə elədi... Amma ömrünün 40 ildən çoxunu həsr etdiyi, saysız-hesabsız tələbələr, alimlər yetişdirdiyi BDU-da onu gözləyənlər də az deyil, xüsusən də prezident seçkiləri­nindən sonra başlanan yeni dövrdə ona burada daha böyük ehtiyac var. 

Yolların həmişə işıqlı, ömrün mənalı olsun, professor!

Ramiz ÇIRAQLI,
“Tovuz” qəzetinin baş redaktor müavini

Sosial həyat