Ağdam Olimpiya İdman Kompleksində şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan cüdo üzrə açıq turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Ağdam Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 8 rayondan 60-a yaxın idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan uğurlardan, şəhid polkovnik-leytenant Raquf Orucovun Vətən sevgisindən, həyat və döyüş yolundan bəhs ediblər.
Gərgin idman mübarizəsi ilə yadda qalan yarışda qalib idmançılara diplom və medallar təqdim edilib.