Qara dəlikləri kim kəşf etdi?

post-img

Bu sual uzun illər alimləri düşündürüb. Qara dəliklərin tarixi təkcə astrofizikanın deyil, eyni zamanda, insan düşüncəsinin sərhədlərini aşmağın tarixidir. Tanınmış amerikalı fizik və nəzəriyyəçi Mitio Kaku özünün məşhur “Paralel Aləmlər” kitabında bu tarixə işıq tutur. Aşağıdakı məqalə həmin kitabdan adaptasiya olunmuş hissə əsasında hazırlanıb.

İlk nəzəri təklif: XVIII əsrin tənhası

Qara dəliklərin ideyası ilk dəfə 1783-cü ildə britaniyalı astronom Con Miçell tərəfindən irəli sürülüb. O, düşünürdü ki, əgər bir ulduzun kütləsi elə bir həddə çatsa ki, ondan hətta işıq belə qaça bilməsə, bu ulduz müşahidəçi üçün “qara” görünəcək. Miçell bu cür ulduzlara “qaranlıq ulduzlar” deyirdi. Lakin bu ideya elmi dairələrdə təxminən 150 il ərzində diqqətdən kənarda qaldı.

Eynşteynin tənlikləri və müharibə cəbhəsində kəşf

1916-cı ildə, Birinci Dünya Müharibəsi dövründə alman fiziki Karl Şvartsşild cəbhədə olduğu halda, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənlikləri üçün kütləvi cisimlərə dair dəqiq bir həll tapdı. Bu həll sonralar “Şvartsşild radiusu” kimi tanındı və “geri dönməzlik sərhədi” olan “hadisələr üfüqü” anlayışını ortaya çıxardı.

Bu radius daxilində istənilən obyekt – hətta işıq da – qravitasiyadan xilas ola bilməzdi. Beləliklə, nəzəri olaraq Miçellin “qaranlıq ulduz”u müasir fizikanın “əllərində” yenidən doğuldu – bu dəfə daha mürəkkəb və dəqiq anlayış kimi: qara dəlik.

Zamanın dayanması və paralel kainat ehtimalları

Niderlandlı fizik İohannes Drost Şvartsşild həllinin daha da qəribə nəticələr doğurduğunu sübut etdi. Onun hesablamalarına görə, qara dəliyin yaxınlığında zaman müşahidəçiyə fərqli görünür: kosmik gəmi qara dəliyə yaxınlaşdıqca, kənardan müşahidə edən üçün gəmidəki saatlar getdikcə yavaşlayır və hadisələr üfüqünə çatanda zaman sanki dayanır. Drost nəzəriyyəsi zamanı və məkanın deformasiya olunmasını elmi izahla təqdim etdi.

Hətta görkəmli fizik Herman Veyl bu vəziyyətdə başqa bir kainatın mövcud ola biləcəyini irəli sürdü. Bu cür fərziyyələr o dövrdə çoxlarını, o cümlədən Eynşteyni də şübhəyə salmışdı. O, bu tənliklərin reallıqda qarşılığı olmadığı qənaətində idi və “Hadamar Faciəsi” adlandırdığı bu məsələni öz nəzəriyyəsi üçün təhlükə hesab edirdi.

Təhrif olunmuş anlayış: Sinqulyarlıq, əslində, yoxdurmu?

1920-ci illərdə qara dəliklərin real mövcudluğu hələ də qəbul edilmirdi. Lakin 1932-ci ildə belçikalı astrofizik Jorj Lemetr sinqulyarlığın, sadəcə, yanlış koordinat seçimindən qaynaqlandığını sübut etdi. Onun ardınca kosmoloq H. Robertson göstərdi ki, hadisələr üfüqünü keçmək nəzəri cəhətdən mümkündür – sadəcə, müşahidəçiyə bu proses min illər davam edir kimi görünə bilər.

Eynşteynin inamsızlığı və Oppenheymerin son nöqtəsi

1939-cu ildə Eynşteyn qara dəliklərin realda əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut etməyə çalışdı. Onun fikrincə, cazibə qüvvəsi ilə sıxılan toz və qaz buludu heç vaxt Şvartsşild radiusuna qədər çökə bilməzdi. O, bu nəticəni “Şvartsşild sinqulyarlığının reallıqda mövcud ola bilməməsi” kimi dəyərləndirdi.

Ancaq eyni il Robert Oppenheymer və tələbəsi Hartland Snayder bu arqumentə elmi cavab verdilər. Onlar hesabladılar ki, nəhəng bir ulduz nüvə yanacağını tükəndirdikdən sonra öz ağırlığı altında çökərək təbii şəkildə qara dəliyə çevrilə bilər. Bu, qara dəliklərin təkcə nəzəri yox, həm də real astrofiziki obyektlər olduğunu sübut edən ilk ciddi tədqiqat oldu.

Qara dəliklər — kainatın labüd sonluqları

Mitio Kaku yazır ki, qara dəliklər yalnız elm üçün deyil, həm də fəlsəfə üçün fundamental suallar doğurur: zaman nədir, məkanın sərhədi varmı və həyat birgə kainatlar arasında davam edə bilərmi? Qara dəliklərin tarixçəsi, əslində, insan ağlının və nəzəri düşüncənin sərhədlərini necə genişləndirdiyinin təsirli bir göstəricisidir.

S.ELAY

XQ

 

Maraqlı