Paris məsləhətləşməsində dayanıqlı nəqliyyat gündəliyi müzakirə edilir
Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik məsləhətləşmə sessiyası dünən öz işinə başlayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konfrans Mərkəzində hibrid formatda keçirilən tədbir qlobal nəqliyyat siyasətinin gələcək konturlarını müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını bir araya gətirən məsləhətləşmə sessiyası nəqliyyat sektorunda davamlılıq, maliyyələşmə, rəqəmsallaşma və strateji tərəfdaşlıq kimi əsas istiqamətlər üzrə dialoqu dərinləşdirməyi hədəfləyir.
Sessiya ITF-in Baş katibi Yung Tae Kimin giriş nitqi ilə açılıb. Baş katib çıxışında dünyada nəqliyyat sektorunun qarşısında duran çağırışları, xüsusilə enerji keçidi, yük və sərnişindaşımanın artan tələbatı, infrastrukturun dayanıqlılığı və iqlim hədəflərinə uyğun transformasiya məsələlərini diqqətə çatdırıb. O bildirib ki, nəqliyyat siyasəti təkcə texnoloji modernizasiya ilə deyil, həm də qlobal əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi ilə yenidən qurulur.
Ardınca ITF-in institusional əlaqələr və sammit rəhbəri Mari Krass təşkilatın beynəlxalq tərəfdaşlarla iş istiqamətlərini təqdim edib. O, qarşıdan gələn Zirvə toplantılarında müzakirə olunacaq əsas mövzuları açıqlayaraq həm hökumətlərin, həm də özəl sektorun prosesə daha fəal qoşulmasının əhəmiyyətini vurğulayıb. Krass qeyd edib ki, ITF-in məqsədi yalnız nəqliyyat siyasəti üzrə tövsiyələr vermək deyil, həm də qlobal miqyasda praktiki əməkdaşlıq platforması yaratmaqdır.
Qeyd edək ki, Azərbaycan tərəfi sessiyada səfir Leyla Abdullayeva tərəfindən təmsil olunur. O, 2026-cı ildə Azərbaycanın ITF sədrliyinin prioritetlərini təqdim edərək ölkəmizin nəqliyyat diplomatiyası istiqamətində atdığı addımları diqqətə çatdırıb. Çıxışında Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində artan roluna toxunaraq, Orta Dəhlizin genişləndirilməsi, nəqliyyatın rəqəmsallaşdırılması və yaşıl logistikaya keçid kimi məsələlərin 2026-cı il sədrliyinin əsas dayaqlarını təşkil edəcəyini bildirib. Onun çıxışı Azərbaycanın qlobal nəqliyyat müzakirələrində yüksələn mövqeyini nümayiş etdirib.
Məsləhətləşmə sessiyasının gündəliyi həmçinin ITF Katibliyinin davamlı nəqliyyat sahəsində apardığı son araşdırmaların təqdimatını da əhatə edir. Katiblik müasir nəqliyyat sistemlərinin daha çevik, daha az karbon emissiyalı və daha inklüziv olmasına yönəlmiş yeni analitik yanaşmaları iştirakçılarla bölüşür. Xüsusilə, 2025–2027-ci illəri əhatə edən “Nəqliyyatın davamlılığı” trilogiyası üzərində vurğu edilir. Bu trilogiya qlobal nəqliyyat siyasətində transformasiya mərhələsini simvolizə edir və həm infrastruktur, həm texnologiya, həm də tənzimləmə sahələrində strateji hədəflər təqdim edir.
Sessiyanın ən mühüm bölmələrindən biri 2026-cı il ITF Sammitinin əsas mövzularının açıqlanmasıdır. Sammit dünya ölkələrinin nəqliyyat nazirlərini, aparıcı şirkətləri və beynəlxalq maliyyə institutlarını bir araya gətirəcək. Tərəflər nəqliyyat sektorunun maliyyələşdirilməsi, investisiya modelləri, yeni texnologiyaların tətbiqi və iqlim hədəflərinə uyğun nəqliyyat zəncirlərinin formalaşdırılması mövzularında öz baxışlarını bölüşəcəklər.
Tədbir 2007-ci ildən bəri nəqliyyat siyasətində ümumi görüş nöqtələrindən biri hesab olunur. Bu illər ərzində ITF məsləhətləşmələri 60-dan çox qurumu eyni masada toplayaraq sektorun ən aktual problemlərinə birgə həll yolları axtarıb. Budəfəki sessiya isə xüsusilə tərəfdaş təşkilatlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından daha praktik və nəticəyönümlü xarakter daşıyır.
Paris sessiyası dünyada nəqliyyat sektorunun birgə düşünülməsi, yeni siyasət mexanizmlərinin formalaşdırılması və dayanıqlı nəqliyyat gələcəyinin qurulması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir. Azərbaycan üçün isə tədbir həm regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirmək, həm də 2026-cı il sədrliyinin proqramını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm platformadır.
Nurlan ABDALOV
XQ

