Avropanın enerji təchizatında Azərbaycanın rolu yüksəlir

post-img

Avropada enerji təhlükəsizliyi məsələləri son illər qitənin siyasi və iqtisadi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Xüsusilə, 2022-ci ildən sonra təbii qaz təchizatında yaranan boşluqlar səbəbindən Avropa İttifaqını yeni, etibarlı və uzunmüddətli tərəfdaşlara ehtiyac duymağa vadar edib. Bu kontekstdə Azərbaycan regionun əsas enerji ixracatçılarından biri kimi Avropanın diqqət mərkəzindədir.

“Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində bildirib. Dövlət rəsmisi bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir.

2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur, 2022-ci il sazişi isə 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur. Qeyd olunduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan biri kimi çıxış edir və beynəlxalq siyasi proseslərin hazırkı dövründə bu, daha da güclənir.

Təşkilat nümayəndələri Azərbaycanı Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı kimi qiymətləndirirlər. Hazırda Azərbaycan Aİ-yə üzv 8 dövlətin enerji təminatında mühüm paya malikdir. Azərbaycan qazının Avropaya nəqli isə Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ilin sonunda həyata keçirilməyə başlayıb.

Ötən illər ərzində Azərbaycan Avropaya qaz ötürülməsini əhəmiyyətli dərəcədə genişləndirib. Açıqlanan göstəricilərə görə, ötən ilin ilk 11 ayında ölkədən xaricə qaz satışının həcmi 22,05 milyard kubmetr olub. Bu rəqəm 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 faiz çoxdur. Həmin zaman kəsiyində Azərbaycan Avropaya 10,85 milyard kubmetr təbii qaz göndərib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz yüksəliş deməkdir.

Eyni müddətdə Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub. Türkiyəyə qaz çatdırılması illik müqayisədə 14,5 faiz Gürcüstana isə 13,6 faiz artıb. Bu dövrdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə təxminən 5,1 milyard kubmetr qaz ötürülüb. Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Avropaya 10 milyard kubmetrdən çox təbii qaz göndərmişdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq son dövrdə yeni mərhələyə qədəm qoyub. Söhbət “yaşıl enerji” üzrə əməkdaşlıqdan gedir. Bu istiqamət həm Azərbaycanın enerji siyasətinin modernləşdirilməsi, həm də Avropanın bərpaolunan enerji ilə bağlı hədəflərinin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” qaz tədarükünün artırılması ilə yanaşı, həm də bərpaolunan enerji layihələrinin genişləndirilməsini nəzərdə tutur. Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan xətti üzrə qurulan “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Aİ ilə əməkdaşlığın ən mühüm layihələrindən biridir. Bu layihə Xəzər sahillərində istehsal olunan “yaşıl enerji”nin Gürcüstan vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Kabel xəttinin illik ötürmə gücünün təxminən 1000 MVt olması planlaşdırılır. Layihə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verməklə yanaşı, Azərbaycanın “yaşıl enerji” ixracatçısına çevrilməsi üçün vacib addımdır.

Qeyd edək ki, ölkəmizdə təmiz enerji mənbələri baxımından ciddi potensial mövcuddur. Energetika Nazirliyinin verdiyi məlumata görə, “yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bərpaolunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 MVt gücündə 65 su, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş, 37 MVt gücündə BİO və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyaları daxildir. Bərpaolunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8 faizini təşkil edir. 2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan “yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır.

Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

2030-cu ilə qədər ölkəmizdə 6 QVt “yaşıl enerji”nin istehsalı hədəflənib. Bununla bağlı dünyanın bu sahədə böyük təcrübəsi olan Masdar, ACWA Power və s. digər şirkətlərinin investisyaları ölkəmizin bərpaolunan enerji sektorunun yaradılmasına cəlb olunub. Belə ki, bərpaolunan enerjinin istehsalının 10 qiqavata çatdırılması ilə bağlı sazişlər və memorandumlar imzalanıb.

Ölkənin elektrik enerjinin həcmlərində bərpaolunan enerjinin payının artması həm də böyük həcmlərdə qazın sərfiyatını azaldacaq. Bu da Avropaya ixrac etməyimiz üçün daha çox qaza qənaət olunacağı deməkdir.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bağlanmış Memoranduma əsasən 2027-ci ilə qədər Avropa ittifaqı ölkələrinə ixrac edəcəyimiz qaz həcminin 2 dəfə artırılması nəzərdə tutulub. Təbii ki, istehsal gücümüzün artması və elektrik enerjisinin istehsalına sərf olunan qaza qənaət olunması qarşımıza qoyulan hədəflərin reallaşdırılmasına imkan verəcək. Azərbaycan Avropaya ancaq qaz tədarük etməklə kifayətlənməyəcək, həm də “yaşıl enerji” ixrac edəcək. Bu baxımdan Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılmış “yaşıl dəhliz” Avropaya həm də “yaşıl enerji”mizin ixracını reallaşdıracaqdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan uzun illər Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edəcək.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat