Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun əsas yükdaşımə marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra rəsmi açılışı keçirilib.
XQ xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, eləcə də Qazaxıstan və Özbəkistanın dəmir yolları və logistika qurumlarının rəhbərləri iştirak ediblər.
Çıxış edən rəsmilər Orta Dəhlizin inkişaf perspektivlərindən, BTQ-nin ölkələrarası ticarət və nəqliyyat əlaqələrinin genişlənməsində oynadığı mühüm roldan danışıblar.
Qeyd olunub ki, cari il mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ-nin modernləşdirilməsi üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Sənədlə Marabda–Türkiyə sərhədi (Kartsaxi) istiqamətində aparılan reabilitasiya və tikinti işlərinin yekunu rəsmiləşdirilib.
Məlumata görə, Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 2024-cü ildə Orta Dəhlizin əsas seqmentlərindən olan BTQ xəttinin Gürcüstan ərazisində yerləşən 184 kilometrlik hissəsində geniş modernləşdirmə işləri həyata keçirilib.
Layihə 5 mərhələ üzrə icra olunaraq 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası və yüzlərlə mühəndis qurğusunu əhatə edib. Bununla yanaşı, 30,3 km yeni dəmir yolu xətti inşa edilib, 153,1 km mövcud xətt isə yenidən qurulub və bərpa edilib.
Görülən işlər nəticəsində BTQ-nin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. Bu da xəttin Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz üzrə ən mühüm logistik marşrutlardan birinə çevrilməsinə imkan yaradıb.




