“Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi” imzalanıb. Sazişi Azərbaycan Hökuməti adından energetika naziri Pərviz Şahbazov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM-CECECO) icraçı direktoru Aysel Yaqubova imzalayıblar.
Qeyd edək ki, saziş mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsini, nizamnaməyə uyğun olaraq hüquqi statusunu, imtiyazlarını müəyyən edir, eləcə də ev sahibi ölkə ilə münasibətləri tənzimləyir.
TEM milli və regional səviyyədə dayanıqlı enerji, enerji keçidi və enerji səmərəliliyi layihələrinin təşviqi və əlaqələndirilməsi üçün mühüm platforma rolunu oynayır. Qurumun fəaliyyəti Azərbaycanda icra olunan milli və regional “yaşıl enerji” layihələri üçün əlavə imkanlar yaratmaqla yanaşı, ölkəmizin regional enerji proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantılarının qurulması istiqamətində rolunun daha da möhkəmlənməsinə xidmət edəcək.
Xatırladaq ki, 2021-ci ilin 27 noyabr tarixində Aşqabad şəhərində keçirilmiş İƏT-in Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında İƏT Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunub və Azərbaycan TEM-ə evsahibliyi edəcək ölkə seçilib.
XQ

