Çində təhsil alan azərbaycanlı doktorant böyük uğur qazanıb

post-img

Çin Xalq Respublikasının nüfuzlu Yanşan Universitetində "Dövlət İdarəetməsi" ixtisası üzrə doktorantura təhsili alan Sadiq Qaçayev, universitetin tarixində bir ilkə imza atıb.

Yanşan universitetində demokratik idarəetməni daha da təşviq etmək, tələbələrin qanuni hüquq və mənafelərini qorumaq və tələbələrin universitet idarəçiliyindəki müsbət rolunu tam şəkildə təmin etmək üçün “Yanşan Universitetində Universitet İşlərinin İdarə Edilməsində Tələbə İştirakı üzrə Tədbirlər Planı”nın (Qərar № 4, 2023) müvafiq müddəalarına uyğun olaraq, 2025-2026-cı tədris ili üçün universitet işləri üzrə tələbə məşvərətçilərinin təyin edilməsi ilə bağlı qərar verilib.

Müvafiq qərarla universitetin 9 tələbəsi – 8 çinli, 1 əcnəbi tələbə məşvərətçi vəzifəsinə təyin olunub. Yanşan Universitetinin tarixində həmin vəzifəyə təyin edilən ilk əcnəbi tələbə məhz azərbaycanlı – Sadiq Qaçayev olub.

Bununla da, Sadiq Qaçayev, Yanşan Universitetində təhsil alan 495 əcnəbi tələbənin təmsilçisi və universitet rəhbərliyi yanında onların məsləhətçi nümayəndəsi kimi, 1 il müddətinə fəaliyyət göstərəcək. 

Məlumat üçün bildirək ki, gənc həmvətənimiz magistratura təhsilini də, Çin Hökuməti Təqaüdü çərçivəsində Çinin digər nüfuzlu ali təhsil müəssisəsi olan Pekin Pedaqoji Universitetində alıb. Hal-hazırda həmin təqaüd vasitəsilə doktorantura təhsili alan Sadiq Qaçayev, həm də, Hebey Əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Beyin Mərkəzinin əsas eksperti kimi faəliyyət göstərir.

XQ

Təhsil