23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

post-img

Xalqa xidmət nümunəsi

Hər bir dövlətin gücü yalnız onun iqtisadi potensialı, təbii sərvətləri və ya hərbi qüdrəti ilə deyil, eyni zamanda peşəkar idarəetmə sistemi və xalqa xidmət prinsiplərinə sadiq olan dövlət qulluqçularının fəaliyyəti ilə ölçülür. Dövlət idarəçiliyi sisteminin ayrılmaz hissəsi olan dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində, qanunların icrasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Məhz buna görə də dövlət qulluqçularının peşə bayramı yalnız bu sahədə çalışan insanların deyil, bütövlükdə cəmiyyətin əhəmiyyət verdiyi xüsusi günlərdən biri hesab olunur.

Milli Məclisin deputatı Azər Allahverənov XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasında dövlət qulluğu sistemi müasir dövlət quruculuğunun vacib istiqamətlərindən biri kimi daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan müasir dövlətçilik ənənələri dövlət idarəçiliyində peşəkarlığın, qanunun aliliyinin və vətəndaşlara xidmət prinsiplərinin əsas meyar kimi qəbul edilməsini təmin etmişdir. Dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğunun hüquqi bazası yaradılmış, idarəetmə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər dövlət idarəetmə sistemində şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar dövlət qulluğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaratmışdır. Elektron xidmətlərin tətbiqi, insan resurslarının inkişafı, innovativ yanaşmaların təşviqi və dövlət-vətəndaş münasibətlərində operativliyin təmin olunması bu sahədə əldə edilən uğurların bariz nümunələridir.

Müasir dövrdə Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi dövlət qulluqçularının üzərinə daha böyük vəzifələr qoyur. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə peşəkarlıq, məsuliyyət və vətənə bağlılıq kimi ali dəyərlərin daim ön planda saxlanılmasını tələb edir.

Dövlət qulluqçularının peşə bayramı münasibətilə bu məsuliyyətli və şərəfli sahədə çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində yeni-yeni uğurlar, dövlətimizə və xalqımıza xidmət yolunda yüksək nailiyyətlər arzulayıram. Qoy onların fədakar əməyi Azərbaycan Respublikasının daha da qüdrətlənməsinə, xalqımızın rifahının yüksəlməsinə və dövlətçilik ənənələrimizin əbədi yaşamasına xidmət etsin.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat