Göygöldə “Qərbi Azərbaycan irsi - Tarixi köklərə qayıdış” festivalı

post-img

Göygöl rayonunun Yeni Zod kəndində qurulan “Xan Yurdu” etno qəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi - Tarixi köklərə qayıdış” festivalı keçirilib.

İştirakçılar əvvəlcə Qərbi Azərbaycanın zəngin mədəni irsini əks etdirən stendlərə və səhnəciklərə baxıblar. Festivalın açılış mərasimində çıxış edənlər Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə festivallar xalqımızın qədim köklərinə bağlılığını nümayiş etdirməklə yanaşı, milli yaddaşın yaşadılmasına, adət-ənənələrin təbliğinə və gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılmasına mühüm töhfə verir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Göygöldə təşkil olunan festival milli mədəniyyətimizin, qədim adət-ənənələrimizin dirçəldilməsi və Qərbi Azərbaycanın zəngin mədəni irsinin nümayişi və yaşadılması baxımından yaddaşı təzələyir və möhkəmləndirir. İcma sədri vurğulayıb ki, tariximizin və milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, xalqımızın mədəni kimliyinin təbliği istiqamətində keçirilən belə toplantılar Qarabağ zəfərinin yaratdığı təntənənin davamı olaraq xalqın qəhrəmanlıq ruhunu yeni qələbələrə kökləyir. Əziz Ələkbərli rəngarəngliyi ilə seçilən bu festivalların ölkəmizin digər bölgələrində də keçiriləcəyini söyləyib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov bildirib ki, belə genişmiqyaslı mədəni layihələrin məqsədi Qərbi Azərbaycanın qədim irsini, mədəniyyətini və zəngin tarixini gələcək nəsillərə ötürmək, xüsusilə də gənclərin tarixi yaddaşını hər zaman canlı saxlamaqdır. “Bu gün hər birimizin qəlbi böyük bir tarixi qayıdışa dərin inamla döyünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ümummilli mübarizə bütün soydaşlarımızın yaxın zamanda öz doğma yurd-yuvalarına qovuşacağına, qədim torpaqlarımızda yenidən firavan həyatın bərqərar olacağına qəti ümid yaradır”.

Festival Qərbi Azərbaycana Qayıdış hərəkatına mənəvi dəstək qazandıran çal-çağırla davam edib.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat