Milli Məclisin növbəti plenar iclası

post-img

Dekabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyası çərçivəsində növbəti plenar iclas keçirildi. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri də iştirak edirdi. Gündəlikdə növbəti il üçün dövlət büdcəsi zərfinə daxil olan layihələrlə yanaşı, digər qanun dəyişiklikləri də müzakirəyə çıxarılmışdı.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Çıxış edən maliyyə naziri Sahil Babayev Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi olduğunu bildirdi: "Biz həm sabit makroiqtisadi mühiti, həm sürətli iqtisadi artımı, həm də dayanıqlı strateji ehtiyatlarımızı təmin etməyə çalışırıq. Əlbəttə ki, bu üç hədəf müəyyən qədər bir-birinə ziddir və bunların üçünü də eyni şəkildə maksimum dərəcədə əldə edə bilmərik. Ona görə də biz burada düzgün balans tapılması üzərində öz siyasətimizi qururuq”.

Nazir Sahil Babayev həmçinin qeyd etdi ki, növbəti ilin büdcəsində kifayət qədər böyük investisiyayönümlü portfel nəzərdə tutulub. Onun sözlərinə görə, investisiyayönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 34 faizdir: “Bu həm dünya, həm də postsovet ölkələrinin ortalamasından yüksəkdir. Və bu, bizə bir daha o imkanı, o əminliyi verir ki, Azərbaycanın dövlət büdcəsi investisiyayönümlü büdcədir. Digər bir tərəfdən biz rəqəm olaraq baxdıqda görürük ki, 2026-cı ildə bizim icmal büdcə xərclərimiz 2,6 faiz artımla proqnozlaşdırılır. Bunun özü də iqtisadiyyata töhfə verir, investisiya ilə yanaşı, istehlaka yönəlmiş əhalinin gəlirlərini də artırmağı hədəfləyir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı bildirdi ki, Azərbaycanın 2030-cu ilədək DOST şəbəkəsi ilə əhatə edilməsi planlaşdırılır. Onun sözlərinə görə, həm DSMF, həm də İşsizlikdən Sığorta Fondunun büdcəsində DOST mərkəzlərində göstərilən xidmətlərlə bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müvafiq ödənişlər nəzərdə tutulur: "Agentlik 13 istiqamət üzrə əhaliyə 161 xidmət təqdim edir.

Hazırda 7 DOST mərkəzi, 1 filial və 2 məntəqə fəaliyyət göstərir. Bir sıra ölkələr DOST konsepsiyasına olduqca böyük maraq göstərir. Biz 2030-cu ilədək ölkəni bütövlükdə DOST şəbəkəsi ilə əhatə etməyi planlaşdırırıq". ƏƏSM naziri son olaraq bildirdi ki, bu ilin sonuna qədər Azərbaycanda şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq: "Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcək”.

İclasın gedişatında millət vəkilləri büdcə layihəsinin müxtəlif istiqamətləri üzrə təklif və tənqidlərini bildirdilər. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında yerli özünüidarəetmə orqanlarına dövlət dotasiyasının artırılmasına ehtiyac olduğunu vurğuladı. Onun sözlərinə görə, bəzi rayonlar (Xocavənd istisna olmaqla) artıq dövlət dotasiyası almadan öz gəlirlərini formalaşdırır. Həmin rayonlarda toplanan vergilərin hazırda 50 faizi yerli büdcədə qalır, lakin bu payın 70 faizə qaldırılması təklif edildi ki, rayon icra orqanlarının və bələdiyyələrin əhalinin müraciətlərinə daha effektli cavab verməsi üçün maliyyə imkanları artsın.

S.Novruzov onu da bildirdi ki, ölkədə dövlət maraqları naminə fəaliyyət göstərən siyasi partiyalar mövcuddur və dövlət onlara dəstək olmalıdır. “AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birlikdə vahid mövqedə çalışırlar. Bu baxımdan, siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin artırılması məqsədəuyğundur”, – deyə deputat vurğuladı. Bu çıxış parlamentdə siyasi partiyaların maliyyələşməsi məsələsinə xüsusi diqqət çəkdi.

Milli Məclisin digər deputatı Qüdrət Həsənquliyev büdcə müzakirələri zamanı bəzi xərclərin səmərəliliyini tənqid etdi. O qeyd etdi ki, 2026-cı il büdcəsində beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat ayrılması planlaşdırılır ki, bu, elm sahəsinə ayrılan vəsaiti 10 milyon manat üstələyir. Q.Həsənquliyevin fikrincə, müxtəlif dövlət qurumlarının keçirdiyi bahalı beynəlxalq tədbirlər xaricdən turist və ya investisiya cəlbi baxımından arzulanan effekti vermir. “Səmimi desək, bu tədbirlərin effektivliyi çox azdır. Keçən illə müqayisədə ölkəmizə gələn turistlərin sayında azalma var, halbuki qonşu Gürcüstanda 6,6 faiz artım qeydə alınıb”, - deyən deputat məsrəflərin optimallaşdırılmasını təklif etdi.

Q.Həsənquliyev çıxışında həmçinin Avropa İttifaqı və ABŞ-la vizasız gediş-gəliş rejiminin tətbiqinin vacibliyini dilə gətirdi və xüsusilə postpandemiya dövründə hələ də bağlı qalan quru sərhədlərinin açılması mövzusuna toxundu. Deputat vurğuladı ki, təhlükəsizlik baxımından ciddi bir maneə qalmadığı üçün Gürcüstan və İranla quru sərhədləri dərhal bərpa edilməlidir, vətəndaşların sərbəst gediş-gəlişi təmin olunmalıdır.

Sonra “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihələri səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.

Qəbul olunan büdcə layihəsinə əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində proqnozlaşdırıldı. Daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq edildi. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində nəzərdə tutuldu.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 faiz çox) olması proqnozlaşdırıldı. Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 faiz çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutuldu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 faiz çox) olması proqnozlaşdırıldı. Xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 faiz çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 faiz az) hesabına qarşılanması nəzərdə tutuldu.

“Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihələrinin yekununda növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutuldu. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 faiz çoxdur. Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edildi.

Vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edildi. Aparılan müzakirələrdə qeyd edildi ki, Vergi Məcəlləsinin 2.8-ci maddəsindən irəli gələrək növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 blokdan ibarət olmaqla, ümumilikdə, 45 əsas maddə üzrə 145 dəyişiklikdən ibarətdir. Məcəllənin həmin maddəsində qeyd edildi ki, 2026-cı il üçün dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari il may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Milli Məclisə cari il may ayının 15-dən gec olmayaraq təqdim edilir.

Bununla da, MM-in dekabrın 2-də nəzərdə tutulmuş növbəti plenar iclası yekunlaşdı. Bu gün isə növbəti iclasın keçirilməsi nəzərdə tutulub.

Tacir SADIQOV
XQ

Siyasət