№ 199 Bakı şəhəri, 4 iyul 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1952 (Cild I); 2024, № 3, maddə 313; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 157 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın 4.5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci cümləyə “Məcəlləsinə” sözündən sonra “(bundan sonra – Vergi Məcəlləsi)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2 misli miqdarında hesablanır.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri