Avropanın suverenlik konstruksiyası pas atıb

post-img

Yaxud Aİ üzv dövlətlərin müstəqilliyini necə məhdudlaşdırır?

Ayrı-ayrı dövlətlərin və regionların beynəlxalq siyasətə töhfələri haqqında mü­lahizələr yürüdərkən, qarşılaşdığımız ən mühüm problemlərdən biri də Avropa­nın strateji tənəzzülünün miqyasını tam olaraq qiymətləndirə bilməməyimiz­dir. Hətta obyektiv məlumatlar Avropa dövlətlərinin və onların birliyinin qlobal müstəvidə və ya öz periferiyasında ən mühüm məsələlərin həllinə təsir göstərə bilməməsindən xəbər versə belə, “Köhnə qitə”nın artıq real dünya siyasətinin hüdudlarından kənarda olduğunu qəbul etmək çətindir. 

Bunun bir sıra obyektiv səbəbləri var. Avropa İttifaqı (Aİ) özünəməxsusluğu ilə fərqlənən siyasi aktordur. Xarici siyasət fəaliyyəti üçün stimul olan suverenlik bu konstruksiya daxilində üzv dövlətlər və müxtəlif institusional oyunçular ara­sında bölüşdürülür. Ona görə də Aİ-nin xarici siyasətini müzakirə edərkən nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmaq lazımdır. Bu qurumda bir tərəfdən, hər bir üzv dövlətin milli prioritetləri var. Di­gər tərəfdən, Aİ-nin özü üçüncü ölkələrlə ünsiyyətdə və yüksəksəviyyəli çoxtərəfli görüşlərdə vahid mövqedən çıxış edir.

Soyuq müharibədən sonrakı dövrdə kütləvi şüurun ən maraqlı fenomenlərin­dən biri, o zamankı uğurlu siyasi layihələ­rin daim bizimlə qalacağına inam idi. Biz həmişə gələcəyin mümkün qədər proq­nozlaşdırıla bilən olmasını və mövcud rifahın əbədi olaraq qalmasını təmin et­məyə çalışırıq. Beynəlxalq siyasətdə də belə oldu. 100 il əvvəl Avropa müstəm­ləkə imperiyalarının dağılması və Böyük depressiyadan sonrakı ümumi iqtisadi eqoizm böyük bir şok oldu. 

Əlbəttə, indi inqilabi xarakter daşıyan dəyişikliklər daha dramatik şəkildə qəbul edilir. Avropa təkcə öz sabitliyi ideyasını özünə təlqin etmədi, həm də ətrafındakı­ların əksəriyyətini inandırdı ki, onları ən ağrılı şəkildə qəbul edir.

Məlumdur ki, Aİ-də qanunvericilik səslərin əhaliyə nisbətdə paylanması əsasında iştirakçı ölkələr tərəfindən ni­zamlanır. Əgər biz Aİ haqqında “Müqa­vilə” kimi fundamental sənədlərdən da­nışırıqsa, onda sırf hüquqi baxımdan Brüssel, ümumiyyətlə, müzakirədən kə­narda qalır. Hər şey Avropa ölkələrinin paytaxtları arasında pərdəarxası söv­dələşmələr çərçivəsində baş verir. 

Deməli, vətəndaşları siyasətə təsir etmək hüququndan məhrum edən bir kimsə varsa, bu da onların öz milli elita­sıdır. Nümunə kimi Avropa Parlamenti­nin 2019-cu ildə Avropa Komissiyasının rəhbəri vəzifəsinə ən böyük fraksiyası­nın nümayəndəsinin namizədliyini irəli sürmək cəhdini xatırlayın. O zaman par­lamentarilərin təşəbbüsü Almaniyanın o dönəmdəki kansleri Angela Merkelin başçılıq etdiyi aparıcı Aİ ölkələri tərəfin­dən bir göz qırpımında “dəfn olundu”. Onların müstəqil siyasətçiyə qətiyyən ehtiyacı yox idi və ona görə də yüksək vəzifəyə Ursula fon der Lyayeni təyin etdilər. Bu xanım isə buna qədər artıq Almaniya hökumətində mümkün olan nə olubsa, hamısını iflasa uğratmışdı. Av­ropa Parlamentinə onların qərarları ilə oturub durmayan, onlara tabe olmayan ölkələrə qarşı sanksiyalar qəbul etmək, barmaq sirkələmək, Mərkəzi Asiyada in­san haqlarının pozulmasını bəhanə edib hiddətlərini bildirmək və ümumiyyətlə, Aİ daxilində pul bölgüsü üçün heç bir əhə­miyyət kəsb etməyən işlər görmək qalır deyə məhz bu xanımı ora qoydular.

Sual oluna bilər ki, əgər Avropa Ko­missiyasına onların himayədarlıq etdik­ləri siyasətçi rəhbərlik edirsə, nəyə görə avropalı siyasətçilər vaxtaşırı onu bütün günahlarda ittiham edirlər? Sadəcə ona görə ki, özündən müştəbehliyindən və çox yerə burun soxmasından ən kiçik şübhə belə yarananda, profilaktika üçün Brüssel məmurlarını dərhal yerlərinə oturtdursunlar. İndi də Berlin və Parisin xanım fon der Lyayenin tarixdəki rolunu bir qədər yüksək qiymətləndirdiyindən şübhələnməyə əsasları var. Bircə ona görə ki, Ukraynaya görə Rusiya ilə müba­rizə fonunda Aİ-nin baş bürokrat xanımı sözün əsl mənasında televiziya ekran­larından düşmür və müxtəlif beynəlxalq konfranslarda hamıdan başda oturmağa çalışır. Daha çox şübhə doğuran məqam onun amerikalılarla yaxşı əlaqələr qur­masındadır. Onlar da məlum olduğu kimi, prinsipcə, əli təmiz olmayan və siyasi cəhətdən qeyri-sabit şəxsləri çox sevirlər. Ona görə də indi hətta öz müxalifətçiləri­nin sərt çıxışları belə Avropanın ənənəvi elitaları tərəfindən kifayət qədər müsbət qarşılanır.

Əlbəttə, almanların və ya fransızların əksəriyyəti indi öz ölkələrinin Aİ-dən çıx­masını istəmir. Orada fəaliyyət göstərən ümumi bazarın şirkətlər üçün əhəmiyyətli üstünlükləri var, onlar üçün xarici rəqib­lərdən qorunma, mal və xidmətlər daha əlçatandır. Ancaq bütün bu “komfort”a görə onlara daha çox vəsait ödəmək la­zım gəlir. Bu xərclərin isə xeyli hissəsi­ni müxtəlif xarici siyasət vəsaitləri təşkil edir. İndiki vəziyyətdə isə onlar arasında əsas yeri Kiyevdəki rejimə dəstək, ümu­miyyətlə, Rusiya ilə münaqişənin iqtisadi nəticələri tutur. Bunlar da Almaniya üçün çox həssas məsələlərdir.

Reallıqlardan biri də ondan ibarətdir ki, son 15 ildə gedən proseslər nəticə­sində Aİ böyük pulların yenidən bölüş­dürülməsi maşınına çevrilib. Bu, yəqin ki, Almaniya hökumətinə rəhbərlik etdiyi illərdə Merkelin ən ciddi nailiyyəti oldu. Bəzi Aİ ölkələri sənaye iqtisadiyyatını və yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirdi, digərləri isə iq­tisadi siyasət sahəsində müstəqil olaraq nəyisə həll etmək imkanından məhrum oldular. Aİ-nin yeni dövlətləri, xüsusən də Polşanı belə bir vəziyyət tamamilə qane edirdi. Onlar Aİ-yə dotasiya almaq üçün girdilər və indi də xüsusi bir iş görmürlər. Əslində əhalisi nisbətən az olan Şimalı Avropa ölkələri qazanın dibindən onla­ra verilən paydan məmnundurlar. Lakin Cənubun böyük dövlətləri çox məyus və çaşqın görünürlər. İtaliya, İspaniya, Yunanıstan və Portuqaliya artıq sənaye liderləri kimi qalmaq qabiliyyətlərini tama­milə itiriblər. 

İlk vaxtlar durğunluq dövründəki SS­Rİ-ni xatırladan bu model Almaniyanın istəyinə uyğun idi. Məhz buna görə Mer­kel müstəsna uğurlu siyasətçi kimi təqa­üdə çıxdı. Amma indi ABŞ və İngiltərənin Rusiya ilə qarşıdurmasının Avropanın üzərinə qoyduğu xərcləri ən çox Alma­niya ödəməyə başlayıb və bu da artıq Federatıv Respublikanın vətəndaşlarının xoşuna gəlməməyə başlayıb. Üstəlik, onlar ənənəvi siyasətçilərdən yorulublar. Elə buna görə də ölkədə “Almaniya üçün Alternativ” partiyasının populyarlığı artır.

Aİ-nin sabitliyi üçün digər narahate­dici amil Böyük Britaniya nümunəsidir. Əvvəla, Britaniyanın Aİ-dən çıxması bu təşkilat üçün ciddi zərbə oldu, çünki o, kövrək daxili maraqlar balansını və güc nisbətini pozdu. İndi Avropa ABŞ-la mü­nasibətlərində xeyli zəifləyib, çünki əvvəl­lər britaniyalılar qitədəki müttəfiqlərinin maraqlarını ən azı müəyyən dərəcədə qorumağa məcbur idilər. Vaşinqton isə Britaniya “satellitləri”nin bu problemi həll edə biləcəyinə inanaraq Berlinə və Pa­risə daha az təzyiq göstərirdi.

İkincisi, Avropa inteqrasiyasının mövcud olduğu onilliklər ərzində ilk dəfə olaraq böyük bir ölkə qurumu tərk et­mək qərarına gəldi. Digər Aİ ölkələrinin siyasətçiləri və vətəndaşları gördülər ki, bu konstruksiya çərçivəsində qadağan edilmiş bir mövzu yoxdur. Aİ-nin dəyərləri isə özlərini Almaniya, Fransa və Avropa bürokratiyasının müştərisindən artıq və yüksəkdə təsəvvür etməyən dövlətlər üçün qeyd-şərtsizdir.

Gələcəkdə hakimiyyətə can atan av­ropalı siyasətçilər indi də sürətlə dəyişən dünya nizamı fonunda ABŞ, Çin və ya Rusiya ilə münasibətləri necə quracaq­ları barədə düşünürlər. Ənənəvi siyasi partiyaların tənəzzülünü nəzərə alsaq, şübhəsiz, bunu yeni nəsil siyasətçilər etməli olacaqlar. Ancaq münasibətlərin belə mürəkkəb vəziyyətində Brüsselə hansı rolun ayrılacağı əsla məlum deyil.

Avropalılar gec-tez, “biz hansı prin­siplər əsasında birləşmişik” sualına üz tutmalı olacaqlar. Əlbəttə, indidən biz bu söhbətin nə dərəcədə ciddi olaca­ğını dəqiq proqnozlaşdıra bilmərik. Ola bilsin ki, bu məsələ, son vaxtlara qədər tamamilə dəyişməz görünən Aİ-nin bütün konstruksiyasının əsaslarına toxunsun.

İstənilən halda Avropa ABŞ-dan fərq­li olaraq, öz qüvvəsinə arxalanıb muxtar mövcudluğa qətiyyən qabil deyil və bu da onun liderlərini gec-tez daha ciddi da­nışmağa məcbur edəcək. Nəhayət, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Avropa inteqrasiyanın fantastik nailiyyət­ləri, həmçinin avropalıların faktiki olaraq, yaxın vaxtlara qədər əldə etdikləri iqtisadi və texnoloji nailiyyətlər ona gətirib çıxardı ki, kənardan Avropa “virtual olaraq” dün­yanın aparıcı oyunçularına aid edildi. 

Bu, Amerikanın Avrasiyadakı hər­bi-siyasi gücünün coğrafi bazası kimi Av­ropanın rolunun və bu qitənin imkan və ambisiyalarının harada kəsişdiyini başa düşməyi çətinləşdirir. Bu amillər mahiy­yətcə Avropanın dünyada sahib olduğu mövqeyi, həqiqətdə olduğu kimi dərk et­məyə çox az yer qoyur.

Aydındır ki, indiki dövrdə Aİ dövlət­lərinin müstəqilliyi məsələsinə əlli, yüz il əvvəlki kriteriyalarla yanaşmaq doğru olmazdı. Klassik mənada suverenlik indi nisbi anlayışdır, çünki dövlətin qlobal iq­tisadiyyatda iştirakının hansı xüsusiyyət­lərinin onu məhdudlaşdırdığını söyləmək çətindir. Hətta KXDR kimi ölkələri belə xa­rici mühitdən tam müstəqil hesab etmək olmaz. Lakin Avropaya gələndə bu kons­truksiyanın hərbi siyasət məsələlərində suverenliyinə Transatlantik münasibətlər sisteminin çox sərt məhdudiyyətləri tətbiq edilib. Bu münasibətlər, şəxsi məsələlər üzrə müzakirələrdə özü-özlüyündə söv­dələşmənin müəyyən elementlərini ehti­va edir. Lakin prinsipial əhəmiyyət kəsb edən məsələlərdə Avropanın müstəqil hərəkət etmək imkanlarından danışmaq əsla mümkün deyil. ABŞ-ın Avropa üzə­rində paradoksal şəkildə sərt nəzarəti Rusiya, Çin, həmçinin başqa siyasi oyun­çular üçün problemdir, lakin bu, eyni za­manda avropalıların özlərinin də axmaq bir addım atmamasına təminat veirir. 

Avropa elitasının hazırki vəziyyəti az maraq doğurmur. Qitədə son yüz ildəki təkamülün özəl ideoloji düzgünlüyünə arxayın olan güclü liderlərin yetişdirməsi üçün unikal mühit formalaşmayıb. Mü­haribələrə başlamaq üçün məhz belələri lazımdır, lakin söhbət onun Avrasiyada ABŞ-ın ərazi bazası kimi mövcud olma­sından gedərsə, bu ölümcül dərəcədə təhlükəlidir. Bu mənada, əlbəttə, Aİ-yə daxil olmayan müstəqil dövlətlərə qitədə konkret kiminlə münasibətdə olmasına daha çox diqqət yetirmələri vacib olardı. Ola bilsin ki, orada həqiqətən də xüsusi bir mühit formalaşıb ki, dövlət məmurları ənənəvi millətçilik və milli maraqlar baxı­mından özlərini düşünmürlər. 

Amma buna inanmaq əsla mümkün deyil. Qulun qulu olmaq və bu yükün al­tına girmək əsla milli mənafeyə yaxşı bir şey vəd etmir və etməyəcək də. Ancaq dünyanın hər hansı gücünə söykənmə­dən müstəqil siyasi oyunçu kimi qalmaq istəyi də dünyanın reallıqlarına mütəna­sib görünmür. Əgər müstəqillik konstruk­siyası pas atan Aİ hegemon lider hesab edilən ABŞ-ın əlində, el dilində desək, “əsirdisə”, onda bu qurumdan kənarda olan ölkələr suverenlikləri və müstəqil­likləri ilə ehtiyatlı davransalar, əsla peşi­mançılıq çəkməzlər. 

İlqar RÜSTƏMOV
XQ



Dünya