Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

post-img

Ölkənin aparıcı foto təşkilatı “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən “Gilavar Fotoqrafiya Məktəbi” layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi foto sənətinə marağı olan gənclərə dəstək göstərmək, bu sahədə ilk addım atmaları üçün nəzəri və praktiki bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, peşəkar və yaradıcı fotoqrafların yetişməsinə töhfə verməkdir.

Ödənişsiz şəkildə təşkil olunan təlim kursunda müsahibə yolu ilə seçilmiş 50 nəfər gənc iştirak edir. Nəzəri və praktiki hissələrdən ibarət təlim kursunda iştirakçılara fotoqrafiyanın əsasları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları haqqında bilgilər öyrədilir, müxtəlif tapşırıqlar verilir.

Dərslər peşəkar fotoqraflar, “Gilavar Foto Klubu” ictimai birliyinin İdarə Heyətinin üzvü Rauf Umudov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Tofiq Babayev tərəfindən aparılır.

Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Yekunda iştirakçıların çəkdiyi fotolardan ibarət fotosərginin keçirilməsi nəzərdə tutulur.

Layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.











Sosial həyat