Bişkekin QHT planı Vaşinqtonu narahat edir
Qırğızıstan prezidenti Sadır Japarov digər ölkələrdən, o cümlədən ABŞ-dan respublikanın daxili işlərinə qarışmamağı xahiş edib. O, Qırğızıstanda qəbul oluna biləcək xarici agentlər haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirən Amerika dövlət katibi Entoni Blinkenin məktubunu belə şərh edib. Cənab Japarov deyib ki, digər ölkələr tərəfindən maliyyələşdirilən QHT-lərdən ibarət kiçik, lakin “çox səsli qrup” “öz çətinlikləri və təqibləri haqqında spekulyasiya edir”. İddialara görə, bu, onlara sponsorluq edən xarici strukturları “onların rəhbərliyinə tabe olmağa” və “ABŞ və Aİ vergi ödəyicilərindən pul xərcləməyə” məcbur edir. Qırğızıstan prezidentinin sözlərinə görə, həmin QHT-lər insanlar arasında “yalan, etibarsız məlumatlar” yayırlar. O, ABŞ-dan maliyyələşən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının auditinin keçirilməsini təklif edib.
ABŞ Qırğızıstanda qəbul olunacaq xarici agentlər haqqında qanun layihəsindən narahatdır. Xatırladaq ki, bu barədə Amerikanın dövlət katibi Entoni Blinken Qırğızıstan lideri Sadır Japarova məktubunda yazmışdı. Məktubda bildirilmişdi ki, “fəal vətəndaş cəmiyyəti Qırğızıstan demokratiyasının əsas hissəsidir və qanun layihəsi (qəbul edilərsə) bütün vəziyyətə mənfi təsir göstərə bilər”. Beləliklə, cənab Blinkenin fikrincə, qanun layihəsi hazırkı formada “vətəndaşların səhiyyə və təhsil sahəsində mühüm xidmətlərə çıxışını təhlükə altına qoyur”. Ancaq fakt budur ki, onların bir çoxu ABŞ hökuməti və beynəlxalq tərəfdaşlar tərəfindən maliyyələşdirilən QHT proqramları vasitəsilə həyata keçirilir.
Dövlət katibi qırğız liderə bildirmişdi ki, bəzi amerikalı tərəfdaşlar bu qanundan narahatdırlar və onlar Qırğızıstanda fəaliyyətini dayandırmağı düşünürlər: “Mən sizi bu narahatlıqları ölçüb-biçməyə və parlament liderləri ilə müzakirə etməyə çağırıram. Ümid edirəm ki, biz ABŞ və Qırğızıstan arasında ikitərəfli əlaqələri gücləndirməyə davam edə bilərik”. Eyni zamanda E.Blinken əlavə dəqiqləşdirməyə getmədən xəbərdarlıq edib ki, “Biz belə qanunların qəbulunun mənfi nəticələrini artıq görmüşük”.
QHT-lər haqqında qanuna dəyişiklik ötən ilin əvvəlində deputat Nadirə Nərmətova tərəfindən irəli sürülüb. O, xaricdən maliyyələşən QHT-lər üçün “xarici nümayəndə” termininin qanunvericiliyə daxil edilməsi, habelə belə təşkilatların reyestrinin yaradılması təklifi ilə çıxış edib. Reyestrə daxil olmaq təşkilatın ölkədə fəaliyyət göstərməsinə icazə verildiyi anlamına gələcək. N.Nərmətova QHT-lərə münasibətdə dövlətin səlahiyyətlərinin genişləndirilməsini də təklif edib: hakimiyyətə qanunu pozduğuna görə birtərəfli qaydada altı ay müddətinə təşkilatın fəaliyyətini dayandırmaq imkanı veriləcək. Həmçinin hakimiyyət orqanlarına təşkilatları bu reyestrdən çıxarmaq hüququnun verilməsi nəzərdə tutulur ki, bu da əksər hallarda onların bağlanması ilə nəticələnəcək.
Bundan əlavə, qeyri-kommersiya təşkilatlarının hər hansı siyasi fəaliyyətdə - korrupsiya işlərinin araşdırılmasından tutmuş mitinqlərdə iştirakına qadağa qoyulması nəzərdə tutulur. Nadirə Nərmətova bu məqsədlə Cinayət Məcəlləsinə “Vətəndaşların şəxsiyyətinə və hüquqlarına qəsd edən qeyri-kommersiya təşkilatı yaratma” maddəsinin daxil edilməsini təklif edir. Bu maddənin pozulması 50-100 min som məbləğində cərimə (1 som 0,0190 manata bərabərdir-red.) və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Belə birliklərin fəaliyyətində fəal iştiraka və bu cür təşkilatların təbliğatına görə 100-200 min som məbləğində cərimə və ya on ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Layihə parlamentin konstitusiya komitəsi tərəfindən ikinci oxunuşda demək olar ki, yekdilliklə qəbul edilib.
Statistikaya görə, bu gün Qırğızıstanda 30 mindən çox QHT qeydiyyatdan keçib. Rəsmi Bişkek bu sahədə hüquqi tənzimlənmələrin vacibliyini önə çəkir. Ancaq Vaşinqton qırğızların təşəbbüsünü “vətəndaş cəmiyyətinə təhlükə” hesab etdiyini açıqlayır. Bununla belə, cənab Japarovun ABŞ dövlət katibinə göndərdiyi məktub göstərir ki, Bişkek bu məsələdə güşəştə getməyəcək. Qırğız lideri məktubunda bildirib ki, Bişkek ABŞ ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırdır. Lakin cənab Japarov xüsusilə vurğulayıb ki, xarici ölkələr Qırğızıstanın daxili işlərinə qarışmasınlar. S.Japarov, həmçinin E.Blinkeni respublikada insan hüquq və azadlıqlarının “Konstitusiya və qanunlarla etibarlı şəkildə qorunduğuna” əmin olmaq üçün Bişkekə səfərə dəvət edib.
ABŞ-ın Qırğızıstana belə maraq göstərməsi sırf vətəndaş cəmiyyəti ilə bağlı deyil. Vaşinqton Qırğızıstanın strateji mövqeyini nəzərə alaraq, əvvəllər zəifləmiş münasibətləri bərpa etməyə çalışır. Qırğızıstanla ABŞ arasında əməkdaşlığın əsasları 1993-cü ildə Vaşinqtonda imzalanmış əməkdaşlıq sazişinə əsaslanır. 2001-ci ildə ABŞ-ın Əfqanıstandakı əməliyyatından sonra ikitərəfli münasibətlər “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlib. 2001-ci ildə ABŞ Bişkek yaxınlığında hava bazası yaradıb. Lakin sonradan münasibətlər korlanmağa başlayıb və Qırğızıstan Amerika bazasını bağlayıb. 2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə Vaşinqton Mərkəzi Asiya regionunda hərbi mövcudluğunu bir daha artırmaqda maraqlıdır. Birləşmiş Ştatlar keçmişdəki problemləri həll etməyə və pozulmuş münasibətləri bərpa etməyə çalışır. Qırğızıstan öz iqtisadi problemlərini həll etmək üçün ilk növbədə yeni tərəfdaşlara ehtiyac duyur. Lakin son məktub dueli göstərir ki, Qırğızıstan ABŞ-ın diktəsi ilə hərəkət etməyəcək.
S.MƏMMƏDOV
XQ