İqtisadiyyat naziri TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclası çərçivəsində görüşlər keçirib

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi, ticarət dövriyyəsinin genişləndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi və region ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər müasir texnologiyaların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika və tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu sahələrdə əməkdaşlığın gücləndirilməsi region ölkələrinin iqtisadi inkişafına və qarşılıqlı inteqrasiyaya mühüm töhfə verəcək.

İclas çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə də görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi birliyinin gücləndirilməsi və əməkdaşlığın şaxələndirilməsi perspektivləri nəzərdən keçirilib. Tərəflər qeyd edib ki, birgə fəaliyyətin genişləndirilməsi TDT çərçivəsində ortaq hədəflərə nail olunmasında və iqtisadi tərəfdaşlığın daha da gücləndirilməsində mühüm rol oynayır.

İqtisadiyyat nazirinin iclası çərçivəsində keçirdiyi növbəti görüş Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə olub.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika və infrastruktur kimi prioritet sahələrdə işbirliyinin fəal dəstəklənməsi məsələləri müzakirə edilib.

Müşfiq Mirzə
XQ







İqtisadiyyat