Yeni bir beynəlxalq tədqiqat göstərib ki, xoşbəxtlik yalnız müəyyən səviyyədən sonra sağlamlığa müsbət təsir göstərir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Tibbdə Yeni Sərhədlər” jurnalında dərc olunan araşdırmaya görə, insanların “həyat nərdivanı” adlı xoşbəxtlik şkalasında ən azı 2,7 bal toplaması xroniki xəstəliklərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Araşdırmanın müəllifi, Alba Lulia Universitetindən professor İuliya İuqa bildirib ki, 2,7 balı keçdikdən sonra xoşbəxtlikdəki hər 1 faizlik artım 30-70 yaş arası insanlarda xroniki və ya yoluxucu olmayan xəstəliklərdən ölüm hallarını orta hesabla 0,43 faiz azaldır. Xroniki xəstəliklərə ürək-damar xəstəlikləri, xərçəng, astma və diabet daxildir. Bu xəstəliklər dünyada pandemiya ilə əlaqəli olmayan ölümlərin təxminən 75 faizini təşkil edir. Tədqiqat göstərib ki, xoşbəxtlik səviyyəsi çox aşağı olan (2,7-dən az) ölkələrdə kiçik artımlar (məsələn, 2-dən 2,2-yə) ölüm riskinə əhəmiyyətli təsir göstərmir. Yəni əvvəlcə insanların minimal rifah səviyyəsinə çatması vacibdir. Elm adamları qeyd ediblər ki, daha xoşbəxt ölkələrdə adambaşına düşən səhiyyə xərcləri daha çoxdur, sosial müdafiə sistemləri güclüdür, idarəetmə və ətraf mühit daha sabitdir. Mütəxəssislər hesab edirlər ki, hökumətlər xoşbəxtliyi artırmaq üçün sağlam həyat tərzini təşviq etməli, hava keyfiyyətini yaxşılaşdırmalı və səhiyyə xərclərini artırmalıdırlar.
Professor İ.İuqa vurğulayıb ki, xoşbəxtlik təkcə şəxsi hiss deyil, həm də ölçülə bilən ictimai sağlamlıq mənbəyidir.