ABŞ “Rosneft” və “Lukoyl”a sanksiya tətbiq edir

post-img

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb. Məlumatı “Anadolu” yayıb.

Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı deyib: “Prezident Putinlə görüşü düzgün hesab etmədiyim üçün ləğv etdim. İstədiyimizə nail olacağımızı düşünmürdüm. Ona görə də onu ləğv etdim. Amma gələcəkdə buna nail olacağıq”.

ABŞ prezidenti Putinlə əvvəlki görüşlərinin ümumilikdə müsbət keçdiyini, lakin sonradan istənilən nəticəni vermədiyini də bildirib: “Putin Ukraynada götürdüyü hər yeri almaq istəyir. Lakin o, indi danışıqlara hazırdır. Biz istəmirik ki, o, tutduğu əraziləri götürsün”.

Tramp Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”un da sanksiyalar siyahısına salınmasına münasibət bildirib: “Bunlar iki böyük neft şirkətinə qarşı böyük sanksiyalardır. Ümid edirik ki, bu sanksiyalar uzun sürməyəcək, müharibə tez bitəcək”.

Ukrayna prezidentinin uzaqmənzilli “Tomaqavk” raketləri ilə bağlı müraciətinə baxmayaraq, Donald Tramp bununla bağlı şübhələrini dilə gətirib, çünki Ukrayna hərbçilərinə onlardan istifadə etmək üçün “ən azı altı ay, hətta bir il” təlim keçmək tələb olunur.

Bundan əlavə, ABŞ prezidenti məlumat verib ki, telefon danışığı zamanı Rusiya lideri ilə nüvə silahının eskalasiyası ehtimalı məsələsini də müzakirə ediblər. O, ABŞ-ın dünyada ən böyük nüvə silahı arsenalına malik olduğunu, Rusiyanın ikinci, Çinin isə üçüncü olduğunu qeyd edərək, nüvə tərk-silahına dair danışıqlara hazır olduğunu bəyan edib.

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Rutte danışıqların “çox məhsuldar” keçdiyini qeyd edib. Onun sözlərinə görə, tərəflər NATO-nun Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına necə kömək edə biləcəyini, Putini atəşkəs şərtlərini qəbul etməyə inandırmaq üçün atılan addımları müzakirə ediblər. Müharibəni bitirmək üçün Trampla birgə hərəkət etməyə hazırdır. Eyni zamanda, Trampla Putin arasında təmaslar həlledici rol oynaya bilər: “Tramp Putini mövqeyini dəyişməyə məcbur edə biləcək yeganə liderdir”.

NATO-nun baş katibi qeyd edib ki, Birləşmiş Ştatlar növbəti dəfə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə fəal məşğul olur. Bununla bağlı Vaşinqton Kanada, Yaponiya, Avstraliya və Avropa tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

Trampın son qərarlarına Rusiya tərəfinin münasibəti də özünü çox gözlətməyib. RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını və Prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsini “Rusiyaya qarşı müharibə aktı” adlandırıb.

Medvedev deyib: “ABŞ bizim düşmənimizdir. Onların danışan “sülhməramlısı” indi tamamilə Rusiyaya qarşı müharibə yolundadır”.

Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, indi deyəcəklər ki, Tramp “başqa cür edə bilmir, Konqresdə ona təzyiq edilir. Bu, əsas mətləbi dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp özünü tamamilə çılğın Avropa ilə həmrəy edib”.

O, eyni zamanda, bildirib ki, bundan sonra Ukraynaya “masa arxasında deyil, cəbhədə qələbəyə nail olmaq üçün” hücum edilə bilər.

Paşa ƏMİRCANOV
XQ

Dünya