Son 5 ildə həssas qruplardan olan şəxslərə 550 mindən çox xidmət göstərilib

post-img

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin təsdiq edilərək fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Vətən müharibəsindən sonra həmçinin Agentlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil verilib.

2020-2025-ci illər ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla 13,6 min nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 1200 nəfərə qədəri şəhid ailələrinin üzvləridir.

Qeyd edilən dövrdə Agentlik tərəfindən tənha ahıl və əlilliyi olan şəxslərdən ibarət 19 minədək vətəndaşa evdə (səyyar) sosial-məişət xidməti göstərilib. Hazırda isə Agentliyin müəssisələrində 2242 şəxs dövlət qayğısı ilə əhatə olunur və sosial xidmətlərdən yararlanır.

İraq, Suriya və digər ölkələrdən repatriasiya edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial-reabilitasiyası məqsədilə ümumilikdə 556 nəfərlə iş aparılıb. Onlardan 489-u uşaq, 65-i qadın, 2 nəfər isə kişidir.

1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan ümumilikdə 737 uşaq övladlığa verilib. Onlardan 371-i oğlan, 366-sı qızdır. Habelə son illərdə ölkəmizdə “Himayədar ailə”  qayğı modelinin tətbiqinə başlanılıb və artıq 49 uşaq himayədar ailələrə verilib. Onlardan 30-u qız, 19-u oğlanlardır.

Agentliyin reinteqrasiya tədbirləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, probasiya nəzarəti tətbiq edilən şəxslərlə bağlı apardığı işlər barədə də məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Sosial həyat