Yaddaşları oyadan kitablar

post-img

Bir müəllifin 2 toplusunun anlatdıqları

İndiki kitab bolluğunda təbərrik kimi çətin ələ düşən hansı mətnləri tapıb mütaliə etməli? Yaddaşımızı necə qoruyub saxlamalı? Bir oxucu kimi son illər mütaliə etdiyim, yaddaşımı təzələyən belə kitablardan ikisi – tanınmış jurnalist, publisist Məzahir Əhmədoğlunun “Metamorfoz” və “Uembli arayışı” kitabları oldu.

Qələm dostum bu yaxınlarda 70 yaşını başa vurub. “Qızıl qələm” və “Ali media mükafatı” laureatıdır. Ədəbi yaradıcılığa şeir və publisistik yazılarla başlayıb. Əvvəllər Göyçayda çıxan “Yeni həyat” qəzetində işləyib, redaksiyanın nəzdində yaradılmış Poeziya Klubuna rəhbərlik edib. AZƏRTAC-da, “Kənd həyatı” jurnalının bazasında çıxan “Biznes” qəzetində xüsusi müxbir olub. 2007-ci ildən isə çalışdığı “Ədalət” qəzetində maraqlı yazıları ilə oxucu rəğbəti qazanıb.

Məzahirin “Uembli arayışı” kitabı 2011-ci ildə Mətbuat Şurasının tövsiyəsi əsasında nəşr olunmuşdur. Həmin kitab BDU-nun jurnalistika fakültəsinin 2012-ci il buraxılışında diplom müdafiəsi siyahısında yer alaraq yeni bir vəsait kimi istifadə edilmişdir.

Kitablarını oxuduqca nə qədər yaxın, doğma adlarla qarşılaşdıq. “Metamorfoz” kitabına “Ön söz əvəzi” yazmış yazıçı-publisist Loğman Rəsizadə oxucudan intellektual səviyyə tələb edən bu ciddi kitabı oxuyub dərk etmək üçün açar yeri, ipucu kimi “kod” verir: “Yazıçının, jurnalistin böyüklüyü həyatda çoxlarının görüb sezə bilmədiklərini gözaltı etmək, ən sadə həyat hadisələrində qeyri-adilikləri, dünyanın mürəkkəb proseslərinin cizgilərini tapıb üzə çıxarmaqdır. Məzahirin əsərlərində biz bunun geniş spektiri ilə qarşılaşırıq. O, adilikdə qeyri-adilikləri görə bilir. Həm də çox məharətlə onu bədii publisistikanın predmetinə çevirə bilir.”

Kitabda müəllifin digər qələm dostlarının ürəkdən gələn dəyərli fikirləri də yer alıb. Əməkdar jurnalist Əflatun Amaşov yazıb: “Məzahir barədə o kəslər danışır ki, imzalarına da, şəxsiyyətlərinə də media aləmində hörmətlə yanaşırlar. Çünki sabit təbiətli, xeyirxah xislətli bu insanın özü də yüksək keyfiyyətin daşıyıcısıdır. M. Əhmədoğlunun yaradıcılığı mövzular palitrasıdır”.

Müəllif hər iki kitabında toplanan bir-birindən maraqlı, bəzən də az qala sənədli hekayə sayılacaq esselərində kimləri yada salıb yaddaşımızı oyatmır! Əli Kərimin doğulub böyüdüyü şəhərdə dəfninin iştirakçısı olan, o vaxt Göyçayda yaşayan yeniyetmə Məzahir Əhmədoğlu sonralar bunu “Tale oyunumu, yoxsa intihar?” adlı essesində elə yanğı ilə qələmə alıb ki, şairin poeziyası birəm-birəm onun pərəstişkarları olan oxucuların bir daha yadına düşür. Və yaxud şöhrətləndikdən sonra da Bakının “Neftçi” komandasına sadiq qalan futbolçu Anatoli Banişevski, onun əksi olan Eduard Markarov, Mirzoyan qardaşları, Vitali Şevçenko...

“Uembli arayışı” adlı kitabdakı esselərdən birində Braziliyanın möhtəşəm “Marakana” stadionunda yerli komandanın qapısına qol vuran, azarkeşləri yerlərində donduran futbol əfsanəmiz, bir vaxt ünsiyyətdə olduğum Banişevskinin futbola idman kimi deyil, incəsənət kimi baxması mahir bilici kimi əsaslandırılır. Elə esselər var ki, indiki informasiya bolluğunda sənə yeni məlumatlar ötürür, həm də maarifləndirir. Az qala hər birindən sonra oxucu yaddaşı təzələnir, neçə-neçə xatirə yada düşür.

Məzahir Əhmədoğlu “...Və digər rəsmi şəxslər” adlı essesində maraqlı fikirlər irəli sürür: “Mən dünyanın böyük yazıçıları, şairləri, rəssamları bəstəkarları... haqqında bir şeylər fikirləşəndə mütləq Azərbaycanın keçmişində və indisində onların bənzəri və ya davamçılarını da axtarıram”. Sonra da qürurlandığı sənətkarlarımızın adlarını çəkməklə bir daha yada salır.

Peşəkar rəssam tanıdığı bir şəxsiyyətin portretini kətan üzərində rənglərlə necə yaradırsa, Məzahir Əhmədoğlu da esselərində tanıdığı adamın istər daxili, istər zahiri portretini sözlərlə eləcə yaradır.

...İlk dəfə yaşıl rəngli xarici pasportumuzu alanda arzum bu idi ki, əvvəl Ərdəbili, Təbrizi, İstanbulu görüm. Sonra... sonra da şəhid ağalarımızın torpağa tapşırıldıqları Kərbəlanı, Məşhədi ziyarət edim. O pasportumun müddəti keçdi, xərcini ödəyib yenisini aldım. Onun da müddətinin başa çatmasına az qalıb. Möhürsüz səhifələr... Nə yaxşı ki, İstanbul haqqında nə qədər oxusam da, Məzahir Əhmədoğlu görmək nisgilimdəki bu şəhəri mənə daha yaxından tanıtdı.

Çalışdığı “Ədalət” qəzetində vaxtaşırı onun “köşə” yazıları çap olunub. Hamısı da bir-birindən maraqlı, məzmunlu və aktual. Elə biri “Qartalı sevmək” yazısı. Televiziyada təbiətlə bağlı çıxışlarına istər yaşlı, istər cavan tamaşaçı auditoriyasının maraqla izlədiyi bir veriliş. Verilişin aparıcısı unudulmaz alimimiz Qara Mustafayevin çıxışları. “Qartalı sevmək” və xəritələrdə qartal şəklindəki doğma Azərbaycanımız...

“Uembli arayışı”, “Metamorfoz” kimi orijinal, fərqli kitabların müəllifi olan dostum Məzahirin, təəssüf ki, mən qarışıq oxucuların da səbirsizliklə, intizara gözlədiyi növbəti kitabı hələ işıq üzü görməyib. Bir vaxtlar gündəlik çap olunan, hər sayında yazıları dərc edilən “Ədalət” qəzeti də indi həftədə bir dəfə az səhifələrlə çap olunur. Oxucuların gözləri onun imzasını axtara-axtara qalır.

Məzahir Əhmədoğlunun yeni yazılarını, kitablarını gözləyirik.


Aydın TAĞIYEV,
yazıçı-publisist

Mədəniyyət