İşdən qanunsuz çıxarılmış 42 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 160 257 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Bu vəsaitin 90 faizə qədəri əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin, 42 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.