Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu, milli neft strategiyasının banisi…

post-img

Görkəmli geoloq Xoşbəxt Yusifzadə elmi-praktik fəaliyyətinin miqyası və önəmi ilə ölkəmizin neft sənayesinin canlı əfsanəsinə çevrilib. Bakı neftinin taleyini özünün həyat amalı seçən alimin ömrünün 70 ili Azərbaycan sənayesinin bu şöhrətli sahəsi ilə bağlı olub. Təkcə onu demək lazımdır ki, Xoşbəxt müəllim ölkəmizdə milyardıncı və 2 milyardıncı ton neftin hasil olunmasında iştirak etmiş nadir soydaşlarımızdan biridir.

Milli neft geologiyasının lideri sayılan Xoşbəxt Yusifzadənin birbaşa iştirakı ilə Xəzər dənizinin Azərbaycan, Türkmənis­tan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı kəşf olunub. Dünya­da məşhur “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının aşkar edilib xarici şirkətlərlə birgə istismara verilməsi də bu böyük alimin adı ilə sıx bağlıdır. “Əşrəfi”, “Qa­rabağ”, nəhəng “Şahdəniz” qaz-konden­sat, iri “Abşeron”, “Ümid” kimi yataqların kəşf edilməsində də onun xidmətləri da­nılmazdır. Bütün bunların dəyəri olaraq 2022-ci ilin dekabrından geoloq alimin şərəfinə quraşdırılmış “Akademik Xoş­bəxt Yusifzadə” tankeri Xəzərdə neftda­şıma donanmasına daxil edilib. Bununla, Xoşbəxt müəllim sağlığında gəmiyə adı verilmiş ilk soydaşımız sayılır.

Uzun illərdən bəri dənizdə neft­çıxarmanın rəhbərlərindən biri olmuş, müstəqillik illərində isə Azərbaycan Döv­lət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan akademik Xoşbəxt Yusifzadənin karyera və şöhrət yolu ümummilli lider Heydər Əliyevin Azər­baycana rəhbərliyinin hər iki dövrü və Moskvada ali dövlət postunda çalışdığı illərlə sıx bağlı olub. Beləliklə, “Heydər Əliyev ili”ndə növbəti müsahibimiz ulu öndərlə uzun illər yaxın ünsiyyətdə ol­muş, onun rəhbərliyi altında çalışmış, etimadını yüksək səviyyədə doğrultmuş kadrlardan biri – neft sənayesinin qoca­man fatehi Xoşbəxt Yusifzadədir.

– Sizinlə, “Heydər Əliyev ili”nin – 2023-cü ilin may ayında görüşürük. Aradan keçən illər bu tarixi şəxsiy­yətin necə böyük ideya və əməllərə sahib olduğunu dönə-dönə xatırladır. Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

– Adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucu­su kimi yazılmış Heydər Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı ta­nıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, həm də mürəkkəb dünya siyasə­tində ən görkəmli simalardan biri idi. Onunla ilk tanışlığım 1967-ci ildə olmuş­du. Ulu öndər o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Tür­kiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Moskvada keçirdiyi rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Bu zaman o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi. Süleyman Dəmirələ dəniz yataqları barəsində mə­lumat vermək isə mənə həvalə olunmuş­du. 

O vaxt hörmətli qonağı Qum adasın­da müşayiət edən rəsmi şəxslərdən biri də DTK sədri Heydər Əliyev idi. Onda Türk dünyasının iki böyük oğlu ilə bir gündə tanış olmuşdum. Sonralar bizim çox görüşlərimiz oldu. Tale mənə bütün həyatını Azərbaycan xalqının tərəqqi­sinə həsr etmiş bu unudulmaz insanın istəklərini gerçəkləşdirməkdə yaxından iştirak etmək, tapşırıqlarını yerinə yetir­mək, rəğbətini qazanmaq və ondan yük­sək diqqət və qayğı görmək xoşbəxtliyini nəsib edib.

– Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə cəmiyyətdəki hərtərəfli canlanma və yüksəliş neft sənayesin­dən də yan keçmədi. Neft sənayesinin yenidən inkişafı, Azərbaycan neftinin itirilmiş şöhrətini bərpa etmək uğrun­da mübarizə ... Yadınızda qalanlardan danışın.

– Ötən əsrin altmışıncı illərində Azər­baycana gələn xarici qonaqların əksəriy­yəti dənizdəki neft mədənlərini görmək, neftçilərimizlə görüşüb söhbət etmək istəyirdilər. Bir az əvvəl adını çəkdiyim Türkiyənin o zamankı Baş naziri Sü­leyman Dəmirəlin 1967-ci ilin sentyab­rında Bakı səfərində maraq göstərdiyi sahələrdən biri də bu idi. Bu, təbii bir istək idi, çünki Azərbaycan dənizdə neft­çıxarmanın pioneri kimi böyük şöhrət qazanmışdı. Amma bununla belə, həmin illərdə respublikamızın neft sənayesində vəziyyət ürəkaçan deyildi. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başla­yanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sə­nayesində böyük tənəzzül hökm sürür­dü. Belə təsəvvür yaranırdı ki, Azərbay­can nefti daha heç kəsi maraqlandırmır və Moskva respublikada neft sənayesi­nin inkişafına vəsait ayırmaq istəmir.

Belə bir vaxtda - 1969-cu ildə Azər­baycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyev geriliyi aradan qaldırmaq üçün mübarizəyə başladı. 1970-ci ildə Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin məruzəsi də göstərdi ki, respublika rəhbərliyi neftimizin itiril­miş şöhrətini bərpa etmək, iqtisadiyyatı sürətlə inkişaf etdirmək xəttini götür­müşdür. Həmin plenumu mən yaxşı xa­tırlayıram və yadımdadır ki, məruzəsin­də Heydər Əliyev neft sənayesinin işini ətraflı təhlil etdi, uzunmüddətli geriliyin səbəblərini göstərdi, görüləcək işlərin proqramını verdi. Beləliklə də hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtə­lif təyinatlı 400-dən çox gəmi alındı. Bun­ların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə “Azərbaycan” kran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi. O vaxt dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodu inşa edildi. Geoloji-kəş­fiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə “Xəzər” özüqalxan qazma qur­ğuları, sonra isə “Şelf” tipli üzən qazma qurğusu verildi...

Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə doğru istiqamətləndi­rilmiş mühüm təşkilati tədbirlərin mən­tiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində “Azərneft” və “Xəzərdənizneft” istehsalat birlikləri yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilə­rinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorla­rında – İranla sərhəddən Şimali Xəzərə­dək uzanan çox geniş bir ərazidə geo­loji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi. Beləliklə də Xəzərin dərinliklərində neft və qazla zəngin yataqların kəşf edilməsinə im­kan yarandı. İndi adları dünyada məşhur olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdə­niz”, “Kəpəz” yataqları kəşf olundu.

– Demək istəyirsiniz ki, az bir za­manda həyata keçirilən proqram xa­rakterli tədbirlər, o cümlədən neftçilə­rin dəniz şəraitindəki iş təcrübəsinin öyrənilməsi, onlara göstərilən qayğı­nın və etimadın artırılması Azərbay­canın neft sənayesini də tənəzzüldən qurtardı!

– Heydər Əliyevin rəhbərliyi dövrün­də respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənis­tan, Qazaxıstan və Rusiya sektorların­da da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan, Rusiya və Qazaxıstan sektorunda onlarca yeni yataqlar kəşf etdilər. Ötən əsrin 70-80-ci illəri neft sənayemizin tarixində, əsasən, bu faktlar və hadisələrlə yadda qalır. Hə­min illərdə görülmüş işlərin, yaradılmış infrastrukturun müstəqillik dövründə res­publikamız üçün çox böyük faydası oldu.

70-ci illərdə Azərbaycanın yüzlərlə neftçisi SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görüldü. Beş nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, bir nəfər isə “Əmək şöhrəti” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. O illərdə mən də ulu öndərin diqqətindən kənarda qalmadım. Neft sənayesinin inkişafında xidmətlərim iki Qırmızı Əmək Bayrağı və bir “Şərəf nişanı” ordeni ilə qeyd edildi. Ulu öndər insanlara güvənirdi, eyni za­manda, onların zəkasını və əməyini çox yüksək qiymətləndirirdi.

– Yeri gəlmişkən, qeyd edək ki, ümummilli lider həmişə sizə də gü­vənib, hətta ən mötəbər məclislərdə dəfələrlə bu böyük etimadın şahidi olmuşuq. Eyni zamanda, sizi mühüm vəzifələrə təyin edib və uzun illər onun rəhbərliyi altında işləmisiniz. 

– Heydər Əliyevin diqqət və qayğısını mən həmişə hiss etmişəm. 1970-ci ildə Azərbaycanda Neft Sənayesi Nazirliyi ləğv olunanda və “Xəzərdənizneft” İsteh­salat Birliyi yaradılanda o, məni bu yeni qurumun baş direktorunun müavini - baş geoloq vəzifəsinə təyin etdi. İllər keçdi. Sovet İttifaqı dağıldı və müstəqilliyini elan etmiş Azərbaycanda Dövlət Neft Konserni - “Azərineft” təsis olundu. Bu qurumda mənə birinci vitse-prezident vəzifəsi təklif edildi və mən də təklifi qə­bul etdim.

Yadımdadır, 1992-ci ildə Azərbaycan Dövlət Neft Konserninin əməkdaşların­dan ibarət mütəxəssislər qrupu “Azəri” neft-qaz yatağının xarici şirkətlərlə birgə işlədilməsinə dair danışıqları davam et­dirmək üçün ABŞ-ın Hyuston şəhərinə getmişdi. Orada eşitdik ki, Azərbaycan­da hakimiyyət “cəbhəçi”lərin əlinə keçib və onlar neft sənayesində də bəzi də­yişikliklər ediblər. Konsern ləğv olunub, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) təsis olunub və Sənan Əlizadə konsernin prezidenti, mən isə birinci vitse-prezidenti vəzifəsindən azad edilmişik.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbay­canın ictimai-siyasi həyatında baş verən yeni dəyişiklik idi. Bu dövrdə ARDNŞ rəhbərliyində də dəyişiklik oldu. Natiq Əliyev şirkətin prezidenti təyin edildi. Ötən əsrin 60-cı illərinin sonlarından üzü bəri diqqət və qayğısını daim hiss etdi­yim ulu öndər o vaxt mənə də böyük eti­mad göstərdi. Məni yenidən ARDNŞ-nin geologiya, geofizika və yataqların işlən­məsi üzrə vitse-prezidenti təyin etdi. Bi­zim o qədər görüşlərimiz olub ki! Həmişə məni gülə-gülə qarşılayıb, gülə-gülə xoş təbəssümlə salamlayıb, işimi, təcrübəmi yüksək qiymətləndirirdi.

– Ötən əsrin 90-cı illərində – böh­ranlı illərdə yeni milli neft strategiyası ideyasının ortaya çıxması hansı real­lıqlardan doğurdu?

–1991-ci ilin sonunda dünyanın siya­si xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdilər. Azərbaycan da öz milli müstəqilliyini elan etdi. Lakin bu vaxt respublikada acı­nacaqlı bir vəziyyət yaranmışdı. Keçmiş ittifaq respublikaları ilə əlaqələr qırılmış, maliyyə və texniki təchizat məsələləri son dərəcə kəskinləşmiş, iqtisadiyyat if­lic olmuşdu. Siyasi həyat qeyri-sabit idi, işsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Belə bir mürəkkəb şəraitdə respublika iqtisadiyyatını neft-qaz sə­nayesi xilas edə bilərdi. Amma o dövrdə neft və qaz sənayesinin özü də ağır böh­ran içində idi.

Azərbaycanda müstəqilliyi, suve­renliyi, dövlətçiliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir, - söyləyən ulu öndər yaxşı bilirdi ki, ağır vəziyyətdən çıxmaq üçün dünya­nın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbayca­na cəlb etmək lazımdır. Amma bu olduq­ca çətin bir məsələ idi. Ən önəmlisi də zorən müharibəyə cəlb edilmiş və daxili çəkişmələrin tüğyan etdiyi, hakimiyyət böhranının yaşandığı bir ölkəyə gəlmək, burada iş görmək, sərmayə yatırmaq hər kəsin risk edəcəyi məsələ deyildi. Bu niyyətdə olanlar da böyük təşviş içə­risində idilər. Yəni ki, sabitliyin olmadığı bir məkanda hansısa uğurlu və gələcəyi olan bir işdən danışmaq olduqca mücər­rəd və ümidsiz idi.

Reallıq belə idi və o vaxt Azərbay­canda ikinci dəfə siyasi rəhbərliyə gələn Heydər Əliyev vəziyyətin mürəkkəbliyi­ni hamıdan yaxşı görürdü. Ulu öndərin yeni neft strategiyası o vaxt onun gərgin düşüncələrinin məhsulu kimi meydana gəldi. Bu strategiyanın təməli isə “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) ya­taqları ehtiyatlarının mənimsənilməsinə başlamaqla qoyuldu.

– Yəqin xatırlayırsız ki, neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübə­sində geniş yayılmış bir üsul olsa da, Azərbaycanda buna münasibət bir­mənalı deyildi.

– “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin karbohidrogen ehtiyatlarının mənim­sənilməsi məsələsi iki variantdan birini seçməyi tələb edirdi: ya gərək ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləyəydik, ya da xarici neft şirkətlərini respublikaya dəvət et­məliydik. Əslində, müharibə və daxili çəkişmələrin, eləcə də hakimiyyətsizli­yin yoxsullaşdırdığı respublika bu işlə­rin öhdəsindən gəlmək gücündə deyildi. Buna görə də Azərbaycan Prezidenti bizi – neftçi mütəxəssisləri ətrafına toplayıb, məsələnin aydınlaşdırılmasının zərurili­yini qeyd etdi, məsləhətləşdi və nəticədə fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.

Qeyd etməliyəm ki, xarici şirkətlər­lə işbirliyinin qurulmasından dünyanın demək olar ki, bütün neft ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və başqaları geniş istifadə edirlər. Bunun səbəbi mə­lumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə, xü­susilə də dənizdə bu riskli işə təklikdə getmək istəmir.

Xatırladım ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası biz­də hələ keçmiş ittifaq dövründə – ötən əsrin 80-ci illərinin sonlarında meyda­na gəlmişdı. Danışıqların reallaşması Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışından sonra mümkün oldu. Bütün mürəkkəb məsələlər barəsində dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə razılıq əldə edildi. 1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbər­liyi və respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakı ilə işlənib ha­zırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı. Bununla da Azərbaycanın yeni neft stra­tegiyası həyata vəsiqə aldı. Yeri gəlmiş­kən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə 2001-ci ildən sentyabrın 20-si ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunur. 

(ardı var)

 

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV, “Xalq qəzeti”



Müsahibə