Üfüqdə sülh raundu var: Moskvadan adekvat gözlənti

post-img

Cənubi Qafqazda geosiyasi və hərbi maraqları toqquşan güclərin bölgədə dayanıqlı sülhün və uzunmüddətli sabitliyin təmin olunması istiqamətində təşəbbüs və cəhdləri özünün həlledici mərhələsinə yaxınlaşmaqdadır. Bu gün çox güman ki, Azərbaycan və Ermənistan arasında ümidləri göyərmiş sülhün kulminasiya nöqtəsindən – Kremldən görünən “diplomatik savaş meydanı”nda rəqiblərinə güzəştə getməyə hazırlaşmayan vasitəçinin “həlledici hücumqabağı” taktikasının şahidi olacağıq. Ev sahibinin bu taktikasının danışıqların budəfəki üçtərəfli formatında sülh sazişinin imzalanması ilə yekunlaşması Bakı üçün strateji əhəmiyyət kəsb edir. Elə faydasız dirənişində özünə tərəfdaş və himayədar axtarışından yorulmuş İrəvan üçün də... 

Azərbaycan və Ermənistan arasın­da davam edən sülh dialoqunun bu ra­undunda Rusiyanın boynuna götürdüyü öhdəliklər; Moskvanın tərəflər arasında əsas vasitəçi kimi atacağı konkret addım­lar; Bakı və İrəvanın şimal qonşularından gözləntiləri...

Bu tezislər, eləcə də Kreml üçün həqiqət anı sayıla biləcək, Rusiya Pre­zidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əli­yev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli Moskva görüşünün görünən və gö­rünməyən tərəfləri barədə fikirlərini qəzetimizin oxucuları ilə “Caliber.az” saytının siyasi analitiki Orxan Amaşov bölüşür. 

“Ermənistan özünün suverenliyini məhz
kommunikasiya xətləri üzərində qurmağa çalışır”

–Ermənistan baş nazirinin məlum mətbuat konfransındakı açıqlamaları daxili elektoratı bu gün Moskvada mü­zakirəyə çıxarılacaq mövzulara və əldə olunması mümkün sayılan nəticələrə hazırlamaq məqsədini daşıyırdı. Nikol Paşinyan çox maraqlı siyasi operatordur, oyunçudur. Onda böyük dövlət xadimi xüsusiyyətlərinin olduğunu düşünmürəm. Amma daxili auditoriyanı manipulyasiya etmək, cəmiyyəti idarə etmək, özü üçün mümkün qədət lüks üstünlüklər qazan­maq istiqamətində, o, son iki il yarımda olduqca böyük vərdişlər əldə edib. Bu vərdişlərin, özünü ifadə etmək bacarığını Moskva görüşündəki fəaliyyətindən görə­cəyik. Əgər sülh gündəliyinin müxtəlif pa­rametrlərinə nəzər yetirsək, bizə elə gəlir ki, müəyyən bir dinamikanı görə bilərik. Burada əsas məsələ Rusiyanın eksk­lüzivliyinin tədricən zəifləməsidir. Bunu nədə müşahidə edirik? Birincisi, Moskva anlayır ki, sülh müqaviləsi istiqamətində dominant dinamika Brüsseldən və Va­şinqtondan gəlir. Bu, artıq etiraf olunur, Rusiyanın Xarici işlər naziri Sergey Lav­rovun mayın 19-dakı çıxışında da qeyd edildi. Sülh və dövlətlərarası münasibət­lərin təsis olunması ilə bağlı bir sənəd üzərində iş aparılır. Bu işin böyük hissəsi Vaşinqtonda görülüb, indi Moskvada da gedir. Sual ondan ibarətdir ki, bu, necə bir sənəd olacaq: çərçivə sənədi, yoxsa sülh müqaviləsi?

“Paşinyan sülh prosesində müsbət bir fikir söyləyəndə
dərhal mürtəce reaksiya ilə üzləşdiyini görürük” 

Siyasi ekspertin qənaətinə görə, Pa­şinyan sülh dialoqunda hər dəfə hansısa mütərəqqi addımı atanda daxildən və xa­ricdən, müxtəlif cəbhələrdən təzyiqlərlə üzləşir:

– Ona təzyiq göstərən irticaçı kəsim ya Qarabağın separatçı klanı, ya da Rusiya ilə sıx təmaslara malik qüvvələr tərəfindən olur. Amma bu kəsim özündə Ermənistan cəmiyyətinin mütləq əksə­riyyətinin fikrini əks etdirmir. Əgər biz Ermənistandakı ümumi ictimai fikirdən danışsaq, indi orada müəyyən bir rəy for­malaşıb. 2021-ci ildə, yəni İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda seçkilər keçirildi və onda Paşinyanın rey­tinqi son dərəcə aşağı düşmüşdü. Buna baxmayaraq, o, seçkini uddu. Bu fakt onu göstərir ki, Nikol Paşinyan nə qədər nüfuzdan düşsə də, keçmiş Qarabağ klanına cəmiyyətin inamsızlığı və nifrəti o həddə idi ki, Paşinyan daha məqbul fiqur kimi görünürdü. Fəqət, bu, heç də o demək deyil ki, İrəvan sülhə hazırdır. Ən azı, revanşist koalisiya buna heç bir şə­kildə inanmır. Ermənistanda bütövlükdə ictimai fikri tam ehtiva edən belə bir rəy var ki, bəli, biz müharibəni uduzmuşuq, Azərbaycan üstün mövqedədir. Amma sülh müqaviləsini nəyə görə yaxın üç-dörd ayda imzalamalıyıq? Axı bu mürək­kəb məsələdir, Qarabağ ermənilərinin hüquqları, təhlükəsizliyi nəzərə alınmalı, beynəlxalq mexanizm olmalıdır. Yəni, biz sülh prosesini nə üçün sürətləndirmə­liyik? İctimai rəydə belə bir amil də var: bəli, biz uduzmuşuq, məğlubiyyətimizi anlayırıq, amma gəlin sülh sazişini indi imzalamayaq. Çünki şərtlər dəyişə, bizim üçün yeni, müsbət konyuktura formalaşa bilər. Nikol Paşinyanın özü də ictimai fik­rin bu hissəsi ilə razılaşır. Digər tərəfdən, bunu açıq şəkildə ifadə etməsə də, anla­yır ki, əgər indiki tarixi məqamda, yəni üç-dörd aylıq vaxt çərçivəsində bir pəncərə açılıb. Vaşinqtonda, Brüsseldə görüşlər oldu və sülhə müəyyən zəmin, konstruk­tiv mühit yarandı. Və onu da başa düşür ki, məhz indiki şəraitdə sülh müqaviləsi­ni imzalamaq Ermənistanın maraqlarına uyğundur. 

“Sülh sənədini imzalamaq Paşinyandan iradə, siyasi qüvvələrin konsolidasiyasını tələb edir və özündə risk amilini daşıyır” 

Orxan Amaşov sülhə mane olan müxtəlif qüvvələrin ümumi spektrinə, elə­cə də, onların hansı məqsədləri güddük­ləri məsələsinə də aydınlıq gətirdi: 

– Burada bir çox amillər kombinasiya şəklində fəaliyyət göstərir. Birincisi, Er­mənistan elektoratı 2021-ci ildə Paşinya­na səs versə də, bu, müharibəni, keçmiş Qarabağ klanını rədd etmək istəyənlərin səsi idi. O elektorat sülhə hazır deyildi. İndi İrəvan sülhə müxtəlif formalarda məcbur edilə bilər. Yerlərdə vəziyyətin dəyişməsini, ictimaiyyətin danışıqların gedişindən qane olmamasını, Paşinya­nın özünün bunu etiraf etdiyini gördük. Onun davranışında bu cəhətlər də özü­nü göstərdi. Parlamentə müraciət edən baş nazir bildirdi ki, real vəziyyət bundan ibarətdir: Əgər biz Moskvada müəyyən kompromislərə getməsək, vəziyyətimiz daha da pisləşəcək. Ardınca ona qarşı təzyiqlər, mitinqlər, ittihamlar başlayır, müxalifət ayağa qalxır. Sonra durum gər­ginləşir və Paşinyan yenidən parlamentə qayıdır. Bu çevrə qapanmalıdır. İndi buna real imkan yaranıb. Hesab edirəm ki, Moskva görüşündə Brüsseldə əldə edil­miş müəyyən razılıqlar təsdiqlənəcək, amma konkret hansısa sənədin imzalan­masını gözləmirəm. 

Qarşıdakı iyun və iyul aylarında tərəflərin çərçivə sənədini imzalaması ehtimalı var. Yəni, Kişinyov və Brüssel görüşlərindən bunu gözləmək mümkün­dür. Sual ondan ibarətdir ki, həmin sənəd hansı formada imzalanacaq, onun par­lamentlərdə ratifikasiyasına ehtiyac ya­ranacaqmı, Ermənistan üçün nə şəkildə hüquqi qüvvəyə malik olacaq? Təbiidir ki, bu, ayrı söhbətin mövzusudur.

“Rusiyada sülhə formal yanaşma var: Avropada, Amerikada danışıqlar apara bilərsiniz, amma imzalı sənəd bizim platformamızda olacaq”

Siyasi ekspert güman edir ki, liderlə­rin Moskva görüşünün yekunu kimi, Ru­siya tərəfinin təşəbbüsü ilə yeni üçtərəfli bəyanat imzalana bilər:

– Rusiya daim təkrarlayır ki, danışıq­lar üçtərəfli formata uyğun aparılmalıdır. Bəli, üçtərəfli format vacibdir, amma bu format Brüssel və Vaşinqtonda reallaşan danışıqlara uyğun düzəlişlər edilməlidir. Düzəlişlər o şəkildə ola bilər ki, bu gün Moskvada imzalanmasını güman etdiyi­miz bəyanata Vaşinqton və Brüssel xət­tindəki yeniliklər də əlavə edilsin. Rusiya­nın sülh prosesində inhisarçı mövqeyinə gəlincə, Kreml özü etiraf edir ki, Brüssel danışıqlarının nəticələri nəzərə alınacaq. 

Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılmasında da Rusiya aparıcı mövqeyə sahib olmaq istəyir. Amma Brüssel formatında keçi­rilən dialoqda kommunikasiya xətlərinin qarşılıqlı açılması suverenlik prinsipinə əsaslandığı vurğulanır. Azərbaycan La­çın yolunda özünün nəzarət-buraxılış məntəqəsini qurdu və eyni addımı İrəva­na da təklif etdi. Nəzərə alsaq ki, Rusiya sülh prosesində eksklüzivlik hüququndan imtina etməyə hazırlaşmır, onda keçid dövrü üçün belə formulə tətbiq oluna bilər. Yəni, Rusiya komunikasiya xətlə­ri üzərində nəzarətini qismən saxlayır, son nəticədə isə bu hüquq Ermənistana keçir. Bu, sadəcə bir ehtimaldır. Mosk­vanın ciddi təzyiq edəcəyi gözləniləndir. Qarabağda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə Azərbaycanın mövqeyinə uyğun addımlar atılmalıdır. Rusiya özünü erməni sakinlərin yaşa­dığı ərazidə təhlükəsizliyin və sabitliyin təminatçısı sayırsa, onların Bakı ilə dia­loquna mane olmamalıdır. Bütün hallarda Moskva ikitərəfli və üçtərəfli sülh danışıq­larında əldə edilən irəliləyişlə razılaşmalı olacaq. 

Siyasi analitik Orxan Amaşov sülh dialoqunda Bakının ümidlərinin iyun, yaxud iyul aylarında gerçəkləşə bilə­cəyini proqnozlaşdırsa da, indi bütün diqqət sülh danışıqlarının kulminasi­yadan “razvyazka”ya keçməli olduğu Moskvaya yönəlib. Əgər Rusiya bu prosesdə əsas vasitəçi statusunu qo­ruyub saxlamaq istəyirsə, sülhə doğru mütləq real addım atmalıdır. Kreml bu zaman özündə ona etiraz cürətini ta­pacaq İrəvanı ram etməkdən ötrü əlin­dəki bütün rıçaqları, eləcə də tutarlı “kopromat”ı dövriyyəyə buraxmalı olacaq. Bakı isə ondan, nəhayət, xoş məram və ədalətli final gözləyir. 

 

Hazırladı:
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət