Suyu bulandıranlar

post-img

Gözlənildiyi kimi, baş nazir Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinə Qarabağın da daxil olduğunu etiraf etməsindən sonra Ermənistandakı revanşistlərin və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan separatçıların ona etirazları güclənib. 44 günlük Vətən müharibəsi zamanı qorxudan qaçıb gizlənənlər, döyüşməyə cəsarəti çatmayanlar, müharibəni dayandırmaq xahişi ilə müxtəlif ölkələrin dövlət başçılarına, ələlxüsus, Rusiya Prezidentinə yalvaranlar indi gizləndikləri koğuşlardan çıxaraq və o günləri unudaraq dil pəhləvanlarına çevriliblər. Onlar ayrı-ayrılıqda bəyanatlar, müsahibələr verərək Paşinyanın yanaşmasının qəbuledilməz olduğunu bildiriblər.

Qarabağ klanı “bəlkə də qaytardılar” xülyasında

Baş nazirlə söz duelinə ilk olaraq, Qarabağ “parlamenti” çıxıb. Oyuncaq qurum Paşinyan mətbuat konfransında sözünü bitirər-bitirməz “növbədənkənar sessiya” çağırıb. Elə həmin axşam top­laşan və gecəyarıyadək davam edən “sessiya”nın qəbul etdiyi “bəyanat”da Pa­şinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı fikirləri rədd edilib. Bu “bəyanat”ı faktiki olaraq, ultimatum kimi də qəbul etmək olar. Ora­da N.Paşinyanın açıqlamalarının “Artsax respublikası”nda böyük hiddət və qəzəb doğurduğu, bu əsasda tərtib ediləcək hər hansı sənədin qəbuledilməz və dəyərsiz olduğu vurğulanıb. Həmçinin “bəyanat”­da bütün ermənilər Nikola fəlakətli ad­dımlar atmağa imkan verməməyə, onun mövqeyini pisləməyə çağırılıb. Digər ça­ğırış isə Ermənistanın keçmiş liderlərinə və Qarabağdakı eks-“qlavar”lara edilib: “Əks halda, sizin susmağınızı Ermənista­nın baş naziri ilə razılaşma əlaməti kimi qiymətləndirəcəyik”.

Bundan əlavə, Paşinyanın mövqeyi­ni Qarabağın “parlament rəhbəri” Artur Tovmasyan da ayrıca pisləyib. O, bütün dünyadakı hayları, eləcə də Ermənistan ictimaiyyətini “Qarabağ ermənilərinin ya­şamaq üçün sarsılmaz və qətiyyətli ira­dəsini” dəstəkləməyə çağırıb.

Gecə ultimatumundan sonra, demək olar ki, bütün indiki və keçmiş separatçı başçılar İrəvana qarşı çıxıblar. İlk olaraq son vaxtlar məlum qüvvələr tərəfindən yenidən aktivləşdirilən Ruben Vardanyan dillənib. O, Rusiyanın “Dojd” telekanalı­nın efirində deyib: “Paşinyan hakimiyyətə gələndə söz verdi ki, heç kimin belə bir qərar verməyə haqqı olmayacaq, qərarı ancaq xalq verəcək. Hesab edirəm ki, bu bəyanat onun həm Ermənistan xalqının, həm də “Artsax xalqı”nın (?) boynuna biçməyə çalışdığı şəxsi fikridir”. Ruben əlavə edib ki, çox sayda insan birləşərək referendum keçirilməsini tələb edəcək: “Müharibədə məğlub olan insanın həmin vəziyyətdən çıxması psixoloji cəhətdən çətindir. O başa düşmür ki, dedikləri təkcə Azərbaycanın ərazi bütövlüyünün tanınması deyil, bunun ardınca dayandı­rılması mümkün olmayan bir çox faciəli hadisələr baş verəcək. Onun etdikləri həm Qarabağda yaşayanlar, həm də Er­mənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qarabağda baş verənlər Er­mənistanda baş verənlərə birbaşa təsir edəcək. Qarabağdan sonra növbəti mər­hələ Ermənistanın işğalı (?) olacaq”.

Ermənistandakı Qarabağ klanının başçıları, “miatsum” (“birləşmək”) şüarı ilə əvvəlcə Xankəndidə, sonra İrəvanda hakimiyyəti mənimsəyərək, 25 il ərzində öz varidatlarını artırmaqla, şəxsi ambisi­yalarını təmin etməklə məşğul olan Ro­bert Koçaryan və Serj Sarkisyan da Pa­şinyanın bəyanatlarını pisləyib və onların həyata keçirilməsinin mümkünsüzlüyünü bildiriblər.

Qarabağın keçmiş “qlavarları” Ar­kadi Qukasyan və Bako Saakyan da yaydıqları birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini “qəbuledilməz” adlandırıblar: “Heç kimin bizim və uşaq­larımızın gələcəyinə dair qərar verməyə mənəvi haqqı yoxdur. “Artsax” Ermənis­tan baş nazirinin mayın 22-də təqdim etdiyi yanaşmaları qəbul etməyib və qə­bul etməyəcək. Öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda mübarizəni, əvvəllər olduğu kimi, bundan sonra da bütün mümkün vasitələrlə davam etdirə­cəyik”.

Arutyunyan da Paşinyana qarşı

Nəhayət, qondarma rejimin başçısı Arayik Arutyunyan da dilə gəlib. O, Ermə­nistan hakimiyyətinə müraciətində yenə də “müstəqillik, xalqın öz müqəddəratını təyinetmə hüququ və suverenlik” nağılın­dan dəm vurub: “Vəziyyət çətindir, lakin ümidsiz deyil və “Artsax” hakimiyyəti xari­ci və daxili çağırışlarla üzləşməmək üçün mümkün praktiki addımlar atır və atacaq. Biz Ermənistan hakimiyyətini “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanımaq üçün hər hansı hərəkət və bəyanatdan çəkinməyə çağırırıq”.

O, Qarabağın daxili siyasi həyatı­na toxunaraq, son günlər gərginlik ya­ratmaq cəhdlərinin edildiyini diqqətə çatdırıb. Belə çətin böhran şəraitində “növbədənkənar prezident və parlament seçkiləri”nin təşkili ilə bağlı hər cür müza­kirələri, son günlər “parlament sədri”nin təklif etdiyi etimad referendumunun təş­kili ilə bağlı fikir mübadiləsini dayandırdı­ğını deyib.

Maraqlıdır ki, Arutyunyan müraciətin­də Paşinyanın adını çəkməyib, sadəcə olaraq Ermənistan rəhbərliyinə çağırış edib. Digərlərindən fərqli olaraq, Arutyun­yan Paşinyanı ermənilərin milli maraqla­rına xəyanət etməkdə suçlamayıb.

Qarabağda son günlər fəallaşan Samvel Babayanın rəhbərlik etdiyi “Vahid vətən” partiyasının yaydığı bəyanatda isə deyilir: “Ermənistan-Azərbaycan münasi­bətlərinin nizamlanması üzrə danışıqlar prosesinin “nailiyyətləri” o yerə çatıb ki, “Artsax” artıq satışdadır. “Artsax xalqı”­nın (?) hüquqi və siyasi kollektiv iradəsi­nin pozulmasının hər hansı təzahürlərini, yaxud şıltaq sövdələşməni qətiyyətlə pis­ləyirik”.

Separatçılara dil verənlər

Göründüyü kimi, Azərbaycanla mü­haribə nəticəsində Ermənistanda və Qarabağda ciblərini dolduran, sadə er­mənilərin övladlarının həlak olduğu, ya­ralandığı halda, müharibədən qazancla çıxan, obrazlı desək, bulanıq suda balıq tutanlar hazırda revanşist əhval-ruhiyyə ilə köhnə əyyama qayıtmaq xülyasın­dadırlar. Ancaq diqqət çəkən məqam ondadır ki, Ermənistan cəmiyyətinin və Qarabağ ermənilərinin heç də hamısı onların səsinə səs vermir. Əksinə, siyasi qüvvələri arasında Paşinyanın mövqeyini dəstəkləyənlər də yetərincədir.

Erməni xalqı Paşinyanın səsinə səs verərək 2018-ci ildə Qarabağ klanını Hayastan siyasi səhnəsindən süpürüb atıb. 2021-ci ilin iyununda növbədənkə­nar parlament seçkisində haylar koçar­yanlara, sarkisyanlara deyil, müharibəni uduzmuş Paşinyana etimad göstərdi. Paşinyan hazırda ölkənin legitim baş na­ziridir. Xalq ona öz taleyini və Ermənistan dövlətinin gələcəyini etibar edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də “Xalq qəzeti”nə açıqlama­sında Paşinyana etiraz edənlərin böyük potensialının olmadığını bildirib. Qeyd edib ki, burada geosiyasi amillər daha çox rol oynaya bilər, nəinki daxildəki hansısa müqavimət göstərənlər: “Paşin­yan müharibədən sonra növbədənkənar seçkilərə getdi, yenidən seçildi. Qara­bağ məsələsi ilə bağlı etirazlar keçən ilin aprelində Paşinyanın verdiyi açıq­lamalardan sonra da var idi. Ona görə də ayrı-ayrı şəxslərin etiraz bəyanatları nəticəsində orada nəyinsə köklü şəkildə dəyişəcəyini gözləmirəm”.

Fərid Şəfiyev hesab edir ki, terror akt­ları və çevriliş cəhdləri isə ayrı məsələdir: “Açığı, heç çevriliş də gözləmirəm. Amma Paşinyana və onun ətrafındakı adamlara terror və ya hansısa hücumlar ola bilər. Qarabağdakı ermənilərə gəldikdə isə onlar çoxdandır həlledici faktor deyil. On­ların kimlər tərəfindən idarə olunduğu da məlumdur. Odur ki, yaranmış vəziyyətdə mən onları ümumiyyətlə, nəzərə almağın tərəfdarı deyiləm”.

 

Səxavət HƏMİD,
“Xalq qəzeti”



Siyasət