Ermənistan – Azərbaycan gərginliyi: Tənzimləmədə Rusiya vasitəçiliyi

post-img

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşəcəklər. Bu, Kremlin sülh tənzimlənməsi xətti üzrə iki Cənubi Qafqaz ölkəsi liderinin 44 günlük müharibədən sonrakı sayca dördüncü təmasıdır. Bundan əvvəl tərəflər 2021-ci ilin yanvarın 11-də Moskvada, noyabrın 26-da Soçidə və 2022-ci il oktyabrın 31-də yenidən Soçidə görüşmüşdülər. Əlbəttə, görüş siyahısına müharibənin başa çatmasını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli onlayn təması da əlavə etmək mümkündür. Çünki bu görüş savaşdan sonra münaqişənin nizamlanmasının Rusiya tərəfi baxımından çıxış nöqtəsi kimi müstəsna əhəmiyyətə malikdir. 

Ulu öndərin Qarabağ təşəbbüsləri və dəyişən vəziyyət

Əvvəla, ondan başlayaq ki, ümumən, Azərbaycan və Ermənistan lidelərinin Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasındakı münasibətlərin normallaş­ması xətti çərçivəsindəki görüşlərin in­tensivlik xəttini, əsasən, iki mərhələyə bölmək olar. Birinci mərhələ ulu öndər Heydər Əliyevin prezidentliyi dövrünə tə­sadüf etmişdi. Məlum olduğu kimi, həmin vaxt şərtlər başqa idi. Ancaq Prezident Heydər Əliyevin səriştəsi və bacarığı ilə Qarabağ danışıqlarının, xüsusən, 1996-1999-cu illər aralığındakı mərhələsi ölkə­miz adına böyük diplomatik dividend döv­rü olaraq dəyərləndirilə bilər. 

Ulu öndərin müstəsna səyləri nəticə­sində dünya birliyi həmin vaxtadək Qara­bağın Ermənistana məxsusluğuna dair erməni tərəfin təlqin etdiyi fikirlərin yalan mahiyyətini anladı. İrəvan rəhbərliyi də hələ o zaman beynəlxalq ictimaiyyətin Qarabağın Ermənistana aid olmadığı qənaətinə gəldiyini duymağa başladı. Bununla bağlı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın və həmin dövrdə onun müşaviri işləyən Jirayr Liparidyanın geniş yayılmış açıqlamaları var. 

Ancaq 1998-ci ildə Ter-Petrosyanın istefası, Robert Koçaryanın hakimiyyətə gəlməsi, 1999-cu ildə isə Ermənistanda gerçəkləşmiş parlament terroru ilə Azər­baycanla münasibətlərdə yumşalmaya meyilli siyasi kəsimin məhvi danışıqların gedişinə, eləcə də sülhə nəinki ciddi ma­neçilik törətdi, bütövlükdə, prosesi blok­ladı. 

Ermənistanın danışıq imitasiyası

Buzlar əriməyə 2008-ci ildə başladı desək, bəlkə, bir o qədər də yerinə düş­məz. Ancaq fakt budur ki, həmin ildən başlayaraq, Azərbaycan və Ermənistan lidelərinin görüşlərində intensivlik xətti götürüldü. Bu intensivlikdə başlıca rolu Rusiya vasitəçiliyi oynadı. 

Əlbəttə, Rusiya vasitəçiliyinin 2008–2016-cı illəri əhatə edən dövrü intensiv­likdəki səmərəlilik baxımından 2020-ci il­dən sonrakı dinamika ilə müqayisə oluna bilməz. Yəni, 2020-ci ildə Azərbaycanın gücü öz sözünü demişdi. Müvafiq olaraq müharibəyə qədərki Rusiya vasitəçiliyinin konkret faydalar gətirdiyini də söyləmək mümkünsüzdür. Hərçənd, Azərbay­can dövlətinin 2008-ci ildən başlayaraq danışıqlar təşəbbüsü artıq güclənmiş ölkəmizin Qarabağ dirənişinin əzmi kimi meydana çıxmışdı. Ermənistan bunu nə duya bildi, nə də qəbul etdi. Nəticə etiba­rilə aşağıda vurğuladığımız nizamlama prosesində irəliləyiş kimi diqqətə çatdı­racaqlarımız, əslində, böyük ölçüdə İrə­vanın sülh danışıqlarını uzatması, yaxud danışıqları imitasiyası kimi görünə bilər. 

Beləliklə, 2008-ci ildən indiyədək Rusiya, Azərbaycan və Ermənistan li­derlərinin iki ölkə arasındakı münaqişəli durumun aradan qaldırılması ilə bağlı 16 üçtərəfli görüşü keçirilib. Yəni bugünkü Moskva görüşü sayca 17-cidir. 16 görüş­dən 14-ü Rusiyada, biri Moldovada, biri də 2020-ci ilin noyabrında onlayn forma­da təşkil olunub. 2008-2012-ci illərdəki görüşlərdə Rusiya tərəfindən vasitəçi qismində o zamankı Prezident Dmitri Medvedev, 2014-cü ildən hazırkı dövlət başçısı Vladimir Putin iştirak edib. 

2008-2016-cı illərdəki üçtərəfli tə­maslara Ermənistandan prezident Serj Sarkisyan qatılıb. 2018-ci ildə Ermənis­tan konstitusiyasına düzəlişlərdən, nəti­cədə hökumət ölkənin ali icra hakimiyyəti orqanına çevrildikdən sonra danışıqlarda Ermənistanı həmin il iqtidara gəlmiş Nikol Paşinyan təmsil etməyə başlayıb.

“Meiendorf”dan 44 günlük müharibəyə doğru

2008-ci il noyabrın 2-də Rusiya Pre­zidenti Dmitri Medvedevin təşəbbüsü ilə “Meiendorf” qəsrində dövlət başçıla­rı – İlham Əliyevlə Serj Sarkisyan ara­sında görüş keçirildi. Tərəflər gələcək görüş prinsiplərinin müəyyən olunduğu bəyannaməni imzaladılar. Bu, Qarabağ məsələsi üzrə danışıqlarda münaqişədə iştirak edən ölkələrin nümayəndələrinin imzaladığı ilk sənəd oldu. Bəyannamə­də prezidentlər ATƏT-in vasitəçilik səy­lərinin zəruriliyini önə çəkdilər. Onlar, həmçinin sülh yolu ilə nizamlanmaya nail olunmasının vacibliyini, prosesin hüquqi qüvvəyə malik beynəlxalq təminatlarla gerçəkləşməsinə sadiqliklərini bildirdilər.

2009-cu il iyunun 4-də Dmitri Med­vedevin iştirakı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsin­dəki qeyri-rəsmi şam yeməyində Cə­nubi Qafqaz liderləri yenidən bir araya gəldilər. Burada əvvəl ikitərəfli, sonra üçtərəfli danışıqlar aparıldı. Bundan 11 gün sonra liderlər Moskvada Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müza­kirə etdilər. Həmin il iyulun 18-də dövlət başçıları İlham Əliyev və S.Sarkisyan D.Medvedevlə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra Azərbaycan və Ermə­nistan prezidentləri Qarabağ probleminin həllinin gələcək yollarının konstruktiv mü­zakirəsinə hazır olduqlarını bildirdilər. 

Prezident İlham Əliyev və Ermənista­nın dövlət başçısı Serj Sarkisyanın Ru­siyanın, daha doğrusu, Prezident Dimtri Medvedevin vasitəçiliyi ilə 2009-cu ildəki növbəti görüşü oktyabrın 9-da MDB-nin Kişinyov sammiti çərçivəsində reallaşdı. Həmin görüş bağlı qapılar arxasında keç­di və nəticələri açıqlanmadı. 

2010-cu ildə Qarabağ münaqişəsi­nin həllinin mübahisəli prinsiplərinin for­malarını yazılı şəkildə rəsmiləşdirmək barədə razılıq əldə olundu. Bu, tərəflərin 2010-cu il yanvarın 25-də Soçidəki gö­rüşü zamanı baş verdi. Həmin il iyunun 17-də onlar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir daha üz-üzə gəl­dilər. Oktyabrın 27-də isə Həştərxanda növbəti üçtərəfli danışıq aparıldı. Burada ATƏT-in Minsk qrupunun həmsədrlərinin köməyi ilə hərbi əsirlərin mübadiləsini və həlak olanların meyitlərinin qaytarılması­nı nəzərdə tutan etimad tədbirlərinə dair xüsusi bəyannamə qəbul edildi.

2011-ci il martın 5-də Soçidə apa­rılmış danışıqların yekunu olaraq Azər­baycan, Rusiya və Ermənistan liderləri arasında birgə bəyanat qəbul edildi ki, sənəddə xüsusilə hərbi əsirlərin müba­diləsini mümkün qədər tez başa çatdır­maq barədə razılıq əldə olundu. Həmin il iyunun 24-də Kazanda isə üç dövlətin başçısı Dağlıq Qarabağ nizamlanma­sının əsas prinsipləri layihəsinin razı­laşdırılması üzrə işlərin gedişini nəzər­dən keçirdilər. Danışıqlar nəticəsində qəbul edilmiş birgə bəyanatda tərəflər mövqelərin yaxınlaşması üçün ümumi nöqtələrin axtarışını davam etdirməyə razılaşdıqlarını bildirdilər. 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti görüşü də Soçidə gerçəkləşdi. 2012-ci il yanvarın 23 -də baş tutmuş həmin görüşdə Qarabağ mü­naqişəsinin həllinin gələcək yolları ətra­fında müzakirə aparıldı. Dövlət başçıları görüşün yekunlarına dair birgə bəyanata imza atdılar.

Soçi ikiillik fasilədən sonra Cənubi Qafqaz liderlərinin Rusiya dövlət başçısı­nın vasitəçiliyi ilə keçirilmiş növbəti görü­şünün ünvanı kimi də yadda qaldı. Belə ki, 2014-cü il avqustun 10-da reallaşmış görüşdə Rusiyanı Prezident Vladimir Putin təmsil etdi. Görüş tərəflərin, necə deyərlər, mətləbə əvvəlki görüşlərdəkin­dən daha çox yaxınlaşmaları ilə əlamət­dar səciyyə daşıdı. Onlar yaxın gələ­cəkdə Qarabağ münaqişəsinin güzəştli və sülh yolu ilə həllinə ümid etdiklərini bildirdilər. 

Lakin ümid ümid olaraq da qaldı. Çünki haqqında söz açdığımız görüşdən sonra Ermənistan rəhbərliyi, ancaq, göz­ləntiləri puça çıxarmaqla məşğul oldu. Nəticə etibarilə, danışıqlarda növbəti ikiillik fasilə yarandı. Nəhayət, 2016-cı il iyunun 20-də Rusiya, Azərbaycan, Er­mənistan prezidentləri Sankt-Peterburq­da bir araya gəldilər. Nəzərə alaq ki, bu görüşə təkan verən həmin ilin “Aprel müharibəsi” oldu. O müharibə ki, 2020-ci ildə Ermənistanın üzləşəcəyi fəlakətin ilk siqnalı idi. 

Qeyd edək ki, 2018-ci ildə inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan əvvəl Azərbaycan tərəfdən da­nışıqları davam etdirmək üçün vaxt istə­di, sonra isə destruktiv mövqe tutdu ki, bu, yekun nəticədə 44 günlük müharibə reallığını doğurdu. Müharibədə İrəvanın rüsvayçı məğlubiyyətini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycan, Rusiya və Ermənistan lider­ləri formatındakı danışıqlarının ən böyük faydası kimi tarixə düşdü.

Beləliklə, videokonfrans vasitəsilə ke­çirilmiş görüş zamanı imzalanmış birgə bəyanata əsasən, Azərbaycan və Ermə­nistan tərəfləri öz mövqelərində dayandı, bölgəyə Rusiya Federasiyasının sülhmə­ramlıları yerləşdirildi. Həmçinin, 2020-ci ilin dekabrına kimi Kəlbəcər, Ağdam və Laçın Azərbaycanın nəzarətinə keçdi. 

Kremlin postmüharibə dövrü vasitəçiliyi

2021-ci il yanvarın 11-də V.Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası ilə bağlı məsələlərə nəzər saldılar və regiondakı problemlərin həlli üçün atılacaq addımlar müzakirə edildi. Görüşdə Qarabağda in­frastruktur layihələri ilə bağlı birgə bəya­nat imzalandı və sənədin icrası baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qru­puna həvalə olundu. 

2021-ci il noyabrın 26-da Rusiya Pre­zidentinin təşəbbüsü ilə Soçidə növbə­ti üçtərəfli təmas reallaşdı. Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasının ildönü­münə təsadüf etmiş görüşdə yeni bir­gə bəyanat da qəbul edildi. Sənəddə Azərbaycan-Ermənistan sərhədində sa­bitliyin və təhlükəsizliyin səviyyəsini artır­maq üçün addımlar atılmasına dair razı­lılıq ifadə olundu. Əsas nəticə isə ölkələr arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizminin yaradılması ilə əlaqədar oldu. Rusiya prosesə məs­ləhətçi yardım göstərməyə hazırlığını bil­dirdi. Qeyd edək ki, Soçidə V.Putin Azər­baycan Prezidenti və Ermənistanın baş naziri ilə ayrı-ayrılıqda da görüşlər keçirdi.

Nəhayət, Azərbaycan, Rusiya və Er­mənistan liderlərinin sonuncu üçtərəfli görüşünün üzərinə gələk. Görüş ötən il oktyabrın 31-də Soçidə baş tutdu. Soçi Sammitindən sonra keçirilmiş brifinq za­manı V.Putin bildirdi ki, hələlik iki ölkə arasında sülh müqaviləsi yoxdur. Ancaq o, sammiti gələcək mümkün razılaşmalar üçün çox yaxşı atmosfer yaradan faydalı görüş kimi qiymətləndirdi. "Sülh müqa­viləsinə gəlincə, o, hələ yoxdur. Və bu­rada bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin hər iki tərəfin istəyi və Rusiyanın vasitə­çiliyi ilə nail olacağı güzəştlər predmeti­dir”, – deyən Putin Rusiyanın Ermənistan və Azərbaycan arasında vəziyyətin ni­zamlanmasına yönəlmiş istənilən səyləri dəstəklədiyini açıqladı. 

Rusiya Prezidenti, həmçinin, sər­hədlərin delimitasiyası və demarkasiya­sı üçün ilkin şərtlərin tapıldığını dedi və Qarabağda yerləşmiş sülhməramlıların bölgədə qalma məsələsinə toxundu. Mə­lumdur ki, N.Paşinyan avantüraya əl ata­raq, sülhməramlıların uzun müddətə Qa­rabağda qalmasını təklif etmişdi. Onun təklifi, faktiki olaraq, sıradan çıxdı. Putin isə Rusiyanın problemlərin həlli üçün SSRİ Müdafiə Nazirliyinin Baş Qərarga­hının ən dəqiq xəritələri təqdim etməyə hazır olduğunu bildirdi. Rusiya Preziden­ti, həmçinin Soçi təması zamanı razılığa gəlinməyən məsələlərin mövcudluğunu da vurğuladı.

Bəli, Rusiya Prezidentinin də bildir­diyi kimi, razılığa gəlinməyən məqamlar var. Ancaq Soçi görüşündən fərqli olaraq, hazırda Ermənistan bir çox məsələlərdə razılığa gəlmiş kimi görünməkdədir. Bu baxımdan ölkəmizin ərazi bütövlüyünün tanınmasından tutmuş, Bakının İrəva­nı razılığa gətirmək naminə hərəkətə keçirdiyi təzyiqlərin əməli nəticələr ver­məsinədək, müxtəlif cəhətlərin üzərində dayanmaq mümkündür. Ona görə də bu gün keçiriləcək Moskva görüşünün Cə­nubi Qafqazda çoxdan gözlənilən sülhə çatmaq baxımından daha pozitiv notlarla başa çatacağına inanmaq istəyirik. 

 

Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”

Siyasət