Ermənistanın KTMT sancısı

post-img

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı müxtəlif fikirlər səslənməkdə­dir. Yalnız müxalifət deyil, hətta Ermənistan iqtidarında təmsil olunan bəzi qüv­vələr də hesab edirlər ki, KTMT-də təmsilçilik ölkələrinin maraqları baxımından heç bir önəm daşımır. Lakin KTMT haqqında ən qalmaqallı açıqlamaları Ermənis­tanın baş naziri Nikol Paşinyan verib. O, 2022-ci ilin oktyabrın 29-da hakim “Mülki Müqavilə” partiyasının qurultayında KTMT-nin mövcudluğunu inkar edərək de­yib: “KTMT mövcud deyil, çünki KTMT-nin üzv dövlətlərin sərhədləri daxilində qapalı olan məsuliyyət zonası var. Əgər dövlətlərdən birinin sərhədi yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur, yəni təşkilatın özü də yoxdur”. 

Paşinyan 2023-cü ildə də KTMT-ni hədəf seçən bir neçə qalmaqallı açıqla­malar səsləndirib. Yeri gəlmişkən, Ermə­nistanın baş naziri bugünlərdə mətbuata verdiyi açıqlamada Ermənistanın KT­MT-dən çıxması məsələsinin öz aktuall­ğını itirmədiyini qeyd edib. O, bildirib ki, “Ermənistanın KTMT-yə üzvlüyünün da­yandırılması və ya dondurulması haqda qərarı de-yure qəbul edəcəyini istisna etmirəm”.

Moskva: “Ölkənizin maraqlarına hörmət qoyun”

Ermənistanın KTMT ilə bağlı tərəd­düdlərinin davam etdiyi bir zamanda ma­raq doğruan məqamlardan biri də Rusiya­nın baş verənlərə münasibətidir. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov “Qazeta.ru”ya müsahibəsində elə bu barədə danışıb. KTMT-dən çıxma­ğın Ermənistanın maraqlarına cavab ver­mədiyini bildirən Novikov Paşinyan haki­miyyətinə ölkəsinin mənafeyi haqqında düşünməyi tövsiyə edib: “Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxması ölkə­nin milli maraqlarına uyğun gəlmir. Əgər hazırkı Ermənistan hakimiyyəti məhz bu quruluşa - öz ölkələrinin, öz xalqının ma­raqlarına hörmət etmək zərurətinə əməl edərsə, o zaman KTMT-dən çıxmaqdan söhbət gedə bilməz”.

Dmitri Novikov Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətləri əsnasında üzərinə düşən öhdəlikləri yerinə yetir­məsinin vacibliyini də qeyd edib. Duma təmsilçisi açıqlamasında Rusiyanın Ermənistana mümkün təzyiqləri haqqın­da heç nə deməsə də, əslində söylədik­lərini Moskvanın Paşinyana ciddi xəbər­darlığı kimi dəyərləndirmək mümkündür. Heç şübhə yoxdur ki, Novikov KTMT-dən çıxmağın Ermənistanın maraqlarına ca­vab vermədiyini deməklə, həm də bunun müqabilində Rusiyanın cavab addımları­nın mümkünlüyünə eyham vurur. 

KTMT-dən çıxmaq siyasi intihar ola bilər

Aydındır ki, Rusiyanın rəqib hesab et­diyi NATO-nun sürətlə genişləndiyi bir za­manda, KTMT-nin, Ermənistanın bu qu­rumdan çıxması ilə “qan itirməsi” Kreml üçün arzuedilməzdir. KTMT həm hərbi, həm də siyasi çəkisinə görə NATO-dan qat-qat geridə qalsa da, bu qurum Rusi­yanın özünü lider kimi hiss etdiyi, təsəlli tapdığı koalisiyadır. Ermənistanın möv­cud çevrəni tərk etməsi hər şeydən öncə Moskvaya arxa çevirməsi demək olacaq. 

Bundan başqa, bu addım KTMT-nin perspektivsiz, gələcəyi olmayan koalisiya imicini daha da gücləndirəcək ki, belə bir görüntü Kremlin maraqlarına ziddir. Digər tərəfdən, Ermənistanın KTMT-dən çıx­masının ölkənin Qərblə münasibətlərinə müsbət təsir göstərəcəyi də birmənalıdır. Elə ona görə Qərb bu məsələdə Ermə­nistanı həvəslə dəstəkləyir. 

Rusiyanın İrəvana təzyiqləri nə ola bilər?

İlk addımlardan biri kimi Ermənistanı öz hərbi-siyasi dəstəyindən məhrum et­məsini göstərmək mümkündür. Nəzərə alaq ki, Ermənistanın bu dəstəkdən asılı olduğu hamıya məlumdur. Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhəd­ləri, hava məkanı bu gün də rus hərbçilə­ri tərəfindən qorunmaqdadır. Gümrüdəki 102-ci rus hərbi bazası tənqidlərə rəğ­mən Ermənistanın təhlükəsizliyinin əsas qarantı hesab olunur. Sərhədlərini belə müstəqil şəkidə qoruya bilməyən Ermə­nistanın Rusiyanın hərbi dəstəyi olmadan öz sabitliyini təmin etməsi real görünmür. 

Rusiya iqtisadi sferada da İrəvana ciddi təzyiq imkanlarına malikdir. Ermə­nistanın əsas xidmət sahələri, qabaqcıl nəqliyyat sektoru rus şirkətlərinin nəzarə­tindədir. 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi iki dəfə yüksəlib ki, bu da Rusiyanın Ermənistan iqtisadiyyatın­dakı artan rolundan xəbər verir. İkinci­nin ümumi ixracatının təxminən yarısı – 45 faizi birincinin payına düşür. Bu isə o deməkdir ki, Rusiyanın cırtdan partn­yorundan məhsul idxalını əngəlləməsi, Ermənistanın iqtisadi baxımdan məhvi üçün kifayətdir. 

Kremlin bütün bunların xaricində də İrəvana çox sayda bilavasitə və dolayı təzyiq imkanları var ki, bu təzyiqlər qar­şısında davam gətirmək mümkünsüzdür. 

Bütün bunların fonunda Ermənista­nın KTMT-də qalması bir dərd, getməsi isə başqa itki sayıla bilər. Görünən odur ki, hər iki halda İrəvan üçün xilas yolu gö­rünmür.

 

Seymur ƏLİYEV

Siyasət