Dastan danışan muzey

post-img

Burada hər bir eksponat qəhrəmanın həyatının bir parçasını təşkil edir, onun haqqında hekayət danışır. Seyrçilər həm qürurlanır, həm də həzin duyğulara qərq olurlar.

Söhbət Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin ­Cəlilabad rayonunun Göytəpə şəhərində yaradılmış Ev-muzeyindən gedir. Burada yaranan təəssüratlar o əminliyi möhkəmləndirir ki, qəhrəmanlar, həqiqətən də, ölmürlər, yurdu yaşatmaq üçün canlarını qurban etdikləri üçün yurd da onların xatirəsini əziz tutur. İnişil Cəlilabad şəhərindəki 2 nömrəli tam orta məktəbə Rəşad Abdullayevin adı verilmişdi. İndi isə doğulub boya-başa çatdığı Göytəpə şəhərində Ev muzeyi açılıb.  

Rəşad Abdullayev 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Hələ uşaqlıqdan oradakı zastavaya gedib-gələn sərhəd dəstəsinin şıq geyimli hərbçilərinə həsədlə baxıb, özü də hərbçi olmağı arzulayıb. Nəhayət, arzusuna çatıb. 15 yaşının tamamında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul edilib. Üç il sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı “Motoatıcı” ixtisası üzrə bitirərək ömrünü-gününü Vətən keşikçisi kimi mənalandırıb. 2012-ci ildə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub.

Yeddi il əvvəl məlum Aprel döyüşləri zamanı Rəşad Abdullayev "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından iştirak edib. İlk gündən öz dəstəsi ilə mühasirəyə düşsə də, necə deyərlər, ruhdan düşməyib və qorxmazlığı, döyüş taktikalarına bələdliyi, hərbçi məharəti sayəsində mühasirədən çıxmağı bacarıb. Ermənistan ordusunun neçə-neçə-əsgər və zabitini məhv edib. Uğurlu döyüş əməliyyatları sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 3 kilometrliyində olan əlverişli mövqelərin, strateji nöqtələrin, o cümlədən Lələtəpə zirvəsinin işğaldan azad olunmasında Azərbaycan Ordusunun igid zabiti kimi xidməti olub.    

Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan kapitan Rəşad Abdullayev cəmi 3 gün vuruşub. Amma dastanlara sığmayan hünər göstərib.  Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, öndə gedərək 34 erməni postunu alan, Murova Azərbaycan bayrağını birinci sancan, düşmənlə üzbəüz vuruşub sinəsindən yaralansa da, daha 20 saat vuruşan da Rəşad olub. Onu təxliyə etmək istəyən  hərbçi yoldaşlarının əziyyətinə qıymayaraq irəli getmələrini əmr edib və elə Murovdaca şəhadətə qovuşub.     

Ölümündən sonra kapitan Rəşad Abdullayevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin ölkə başçısının sərəncamları ilə o, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanın 35 yaşında Göytəpədə Ev-muzeyinin açılış mərasimində Cəlilabad Rayon İcra Başçısının müavini Nazim Şükürov çıxış edərək Rəşad Abdullayevin və Vətən uğrunda canlarından keçən digər şəhidlərimizin qanının yerdə qalmadığını Zəfər yürüşünün çox böyük uğurla başa çatdığını bildirib. Tədbirdə dövlətimizin şəhid ailələrinə, qazilərə, bütün müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı göstərdiyi vurğulanıb.

Tədbirdə şəhid kapitan Rəşad Abdullayevin həyat və döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan ətraflı bəhs edilib. Onun atası Arif Abdullayev övlad itkisinin çətin olduğunu desə də, şəhidlərin adının daim urvatda tutulmasının onlara böyük təskinlik olduğunu söyləyib. O, ev-muzeyinin təşkilində göstərdikləri dəstəyə görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib.

...Muzeyi bəzəyən təltiflər, eksponatlar hələ atəşkəs dövründə Rəşadın Vətənə necə nümunəvi xidmət etdiyindən, xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərində fəal iştirakından, ən ağır anlarda belə, ölümün gözünə dik baxmasından soraq verir. Məktəblilər tez-tez bura ziyarətə gəlirlər. Muzeydə keçən unudulmaz dəqiqələr onlar üçün əsl vətənpərvərlik dərsi olur. 

Əli ƏLİYEV 
XQ 

 



Mədəniyyət