Gəray Fəzli – 100
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış siması Gəray Fəzlinin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində keçirilən yubiley mərasimində populyar nasir və nəğməkar şair, nüfuzlu publisistin mənalı ömür yoluna və zəngin yaradıcılığına geniş nəzər salındı, yüksək insani keyfiyyətləri qədirbilənliklə xatırlandı.
Məclisin aparıcısı Azərbaycan Mətbuat Şurası, Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu bildirdi ki, Gəray Fəzli 1925-ci il noyabrın 14-də anadan olub, Qax rayonunun İlisu kəndində boya-başa çatmışdı. Ötən əsrin ikinci yarısında qələmini nəsrdə, poeziyada, publisistikada, teleradio jurnalistikasında uğurla sınayan, 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan ustad qələm sahibinin poema və romanları ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkib, layiqli qiymətini alıb. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist Akif Cabbarlı bildirdi ki, özünə həyat müəllimi, söz ustadı saydığı Gəray Fəzlinin yetkin qələm sahibi kimi imzası orta və yaşlı nəslin yaxşı yadındadır. İkinci Dünya müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı ehtiramla çəkilir – nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Gəray müəllim sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi.
1995-ci il dekabrın 26-da Gəray Fəzli bu dünyaya – əzizlərinə, oxucularına, onu tanıyan, xətrini əziz tutan hər kəsə əlvida dedi. Təbii ki, bu tarix onun mənalı ömür yolunun, zəngin yaradıcılığının nöqtəsi, taleyinin əbədiyyətə qovuşma anı olsa da, 35 ildən bəri xatirələrdə yaşamasının başlanğıcıdır. Gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 100 illik yubileyi onun parlaq obrazını yenidən iri planda gündəmə gətirib.
Sonra ədəbiyyatşünaslar Vaqif Yusifli yubilyar ədibin poetik, Əsəd Cahangir nəsr, yazıçı-publisist Seyran Səxavət sənədli yaradıcılığının özünəməxsusluğundan söz açdılar. Onlar qeyd etdilər ki, 70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçib, şərəfli həyat sürüb. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan yazar “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam” və s. kitabların müəllifi idi. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər, sənədli televiziya filmləri üçün ssenarilər yazmışdı. Şairin sözlərinə yazılmış, bu gün də təravətini itirməyən mahnıları tanınmış sənətkarlar səsləndiriblər.
Bildirildi ki, Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini açıqlayan misraları bu gün də örnək olacaq bir obrazı təqdim edir: “Sevgiyə, sevdaya vətəndir könlüm, Yalnız el yükünə vətəndir könlüm”. Poetik avtoportretindən də göründüyü kimi, Gəray müəllim genişqəlbli, səxavətli, saf düşüncəli insan idi.
Mərasimdə çıxış edən Əməkdar jurnalistlər Vaqif Musayev, Fazil Güney və Adil Cəmil, şairlər Ağacəfər Həsənli, Zaməddin Həmişəyev, filosof Firuz Mustafayev, jurnalistlər Şəfəq Əlibəyli, Hacı Mehman Fərzullayev, Tamxil Ziyəddinoğlu və Mübariz Süleymanlı, iqtisadçı Qənimət Səfərli, istefada olan zabit Hamlet İsmayılov yubilyarın zəngin irsinin milli-mənəvi dəyərlərimizin yeni nəsillərə ötürülməsində gərəkli mənbə olduğundan danışdılar, xatirələrini söylədilər.
Qaxdan gəlmiş ziyalılar həmyerlilərinin Gəray Fəzli ilə öyündüklərini və xatirəsinin daim əziz tutulduğunu söylədilər. Yubilyarın ailəsi adından çıxış edənlər göstərilən diqqətə, deyilən səmimi sözlərə görə razılıqlarını bildirdilər.
T.RÜSTƏMLİ
XQ

