Qorxubilməz döyüşçü, qeyrətli ər

post-img

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19–20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdən biri də leytenant Fizuli Bəhruz oğlu Məmmədovdur. 

Füzuli 1989-cu il aprel ayının 4-də Göygöl rayonunda anadan olub. Samux rayon Qovlar kənd tam orta məktəbini bitirib. Sonra Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Müddətli hərbi xidmətini Füzuli rayonunda keçib.    Sərrast atıcı olub. Hərb işinə həvəsi böyük olduğu üçün ­2016-cı ildən orduda xidmət etməyə başlayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində sonadək vuruşub, Laçında yaralanıb. Zəfər yürüşündən sonra "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", eləcə də Cəbrayılın,  Füzulinin,   Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müharibədən sonra   zabit kimi xidmətini davam etdirib.   

Bu il 19–20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri zamanı isə hərbi hissə qarşısına qoyulmuş tapşırığı yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb.     

Həyat yoldaşı Günel Məmmədova ilə əlaqə saxladıq. Hüznlü olduğundan özünü ələ alıb bunları deyə bildi:   

– Füzulinin təyinatı Qusar rayonuna verilmişdi, orada qulluq edirdi. Mən də əkiz qızlarımla orada qalırdım. Səhər qızları məktəbə aparmışdım, qayıdanda bəd xəbəri Füzulinin hərbçi dostunun həyat yoldaşından aldım.  Xanım ehtiyatla bildirdi ki, deyirlər, Füzuli yaralıdır. Tez qardaşımın telefon nömrəsini yığdım, o da araşdırıb öyrəndi ki, Füzuli artıq şəhid olub.  

Rəhmətlik 12 gün əvvəl təlim adı ilə evdən çıxmışdı. Həmişəki kimi demişdi ki,   narahat olmayın. Hər dəfə Vətənin qulluğuna çıxanda dediyi bir fikir də vardı: “Vətən mənlikdir, övladlarımız isə sənlik! Allaha əmanət ol ki, balalarımın yanında olasan, onlara yaxşı baxasan". 44 günlük Vətən müharibəsində əlimiz göydə idi, hər dəqiqə Allaha dua edirdik ki, sağ-salamat qayıdıb gəlsin. Onda qayıdıb gəldi, amma bu dəfə... Əsl igid, qeyrətli ər idi mənim həyat yoldaşım. Ailəsi həmişə onunla fəxr edəcək.

 Humay İSGƏNDƏRLİ

 

Mədəniyyət