Mahir topçu Sənan

post-img

Bu hekayət nur üzlü bir şəhidimiz haqqındadır.  Qəhrəmanım bir payız günündə ağ durnaların köçünə qoşulub Qarabağın könlündən keçməyə yollanan Sənan Səmədlidir.   

Körpəliyindən vətən, yurd sevdası vardı onun canında. Məktəb yaşlarında tez-tez fəxrlə Ulu öndərin “Mən azərbaycanlıyam” ifadəsini söyləyirmiş. Sənan 1997-ci ildə Yevlax rayonunun Kolanı kəndində anadan olmuşdu. Kövər kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətini Naxçıvanda keçmiş, təşəkkürnamə də almışdı. Əsgərlikdən qayıdandan sonra 6 ay müxtəlif işlərdə çalışsa da, gözü-könlü hərbçi geyimində olan gənclərə həsədlə baxır, arzu edirdi ki, o da həmişəlik Vətənin müdafiəçisi olsun. Elə bu istəklə də  Bakıda gizirlik kursuna daxil oldu, oranı bitirib təyinatla Ağdamdakı “N” saylı hərbi hissəyə göndərildi. 

Sənan topçular diviziyasında 152 mm-lik 2S3M özüyeriyən artilleriya qurğusunun 5 nəfərlik heyətinə rəhbərlik edib. Müharibədən üç ay qabaq geçə-gündüz Goranboyda təlim keçib. Müqəddəs dava başlayan gün Sənan Tərtərin Dəmirçilər kəndində döyüşlərə girib. Ağdərə, Suqovuşan, Talış, Murov istiqamətində gedən şiddətli döyüşlərdə igidliklə vuruşub, düşmən hədəflərini sərrast atəşlərlə   zərərsizləşdirib. 

Batareya komandiri, baş leytenant Arif Həsənli Sənan haqqında qürurla, heyrətlə danışır: “Peşəkar idi, düşmən hədəflərini bir-bir məhv edirdi. Çox savadlı gizir, baçarıqlı top komandiri idi. Hamının hörmətini qazanmışdı Sənan. Şəhidliyindən bir neçə saat əvvəl düşmənə məxsus komanda nöqtəsini sərrast atəşlə vuraraq bir erməni polkovnikini məhv etdi. Döyüş zamanı hansısa hədəfə yalnız bir dəfə atəş açmaq imkanımız yaranırdısa, onu yalnız Sənana etibar edirdik. Hədəfi son dərəcə dəqiq nişan alıb məhv edirdi”.   

Sentyabrın 30-da növbəti döyüş tapşırığını yerinə yetirərkən komandir Sənan Səmədli, sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Füzuli Süleymanov, əsgərlər Asif Ataşov, Qüdrət Adışov və Səməd Hüseynzadə qəhrəmancasına şəhid olublar. Beş ailənin çırağı sönüb, arzuları külə dönsə də, Vətən torpağının mühüm məntəqələri azad edilib. Sənan oktyabrın 2-də canından çox sevdiyi torpağa tapşırılıb. 

Ömrünün bahar fəslini yaşayan igidimiz xalası qızı ilə nişanlı idi. Müharibə bitən kimi evlənəcəkdilər. Arzu edirmiş ki, oğul övladı olsa, adını Azad qoysun. Heyf ki,     onun qönçə arzuları gül açıb pardaxlanmadı. Atası Fikrət kişi 60 yaşındadır, hər bir ata kimi oğul toyu görmək onun ən böyük arzusu idi. Bu gün şəhid atası gözü yaşlı olsa da, Sənanın qəhrəmanlığı haqqında eşidəndə  iftixar hissi keçirir, başını uca tutur. 

Anası Zabilə xanımın gilə-gilə yaşı donub gözlərində: “Balam tez-tez zəng vururdu, elə danışırdı ki, guya müharibədə yox, adi təlimdədir. Amma hər dəfə də elə bil ki, məni şəhidliyinə hazırlaşdırırdı. Ana, bax ha, mənə nəsə olsa, üzülmə, təki Vətən sağ olsun, başını dik tut, – deyirdi. Şəhid olduğu gün saat 3-də yenə zəng vurdu. Sən demə, balam vidalaşırmış bizimlə. Müharibə arzularımı gözümdə qoydu. Sənanımın rəngi solmayan qırmızı lentli xonçalarını məzarına düzmüşəm. Sənan nişanlısına belə vəfasızlıq etməzdi, onu gözü yaşlı qoymazdı...” 

Şəhidin qardaşı Tariyel ondan 2 yaş kiçikdir. “N” saylı hərbi hissədə mülkü işdə işləyir. Ən kiçikləri Elnurdur, “Sənanla fəxr edirəm, amma yoxluğuna dözə bilmirəm”, – deyir o da.

Döyüş yoldaşları tez-tez ailəni ziyarət edirlər. Baş leytenant Arif Həsənlinin dediyinə görə, onlar – sağ qalan döyüşçülər Sənanın və digər şəhid  qardaşlarının xatirəsinə mahnı yazdırıblar. Çünki şəhidlərin yurd sevgisi daha güclü çıxıb və  onlar sevdalı ürəklərini Vətənə sipər ediblər.  

Bir sabah yenə sizə getdim Sənangilə getdim. Şəhadətinin ildönümü idi. Bəzəkli çarpayısı gül-çiçək içində idi və sonsuzdək belə qalacağına əmin oldum. Həyətdəki ağacların budaqları meyvələrin ağırlığından yerə dirənirdi. Ovqat üçün: – Nə gözəl bar verib ağaclarınız, – dedim. Qardaşı astadan cavab verdi ki, Sənandan sonra anam heç bir meyvənin dadına baxmayıb, Sənan nübar etməyib axı... 

Öz şəhid izini torpağa salan Sənan Səmədli ölümündən sonra  “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.   Bu gün onun da, Qarabağı Azərbaycan edən bütün şəhid balaların da ruhları şaddır! Çünki suverenliyimiz tam bərpa olunub.

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan 
“Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

 

Mədəniyyət