Suqovuşanda əbədiyyətə qovuşan hərbi həkim

post-img

Şəhid Azər Elyas oğlu Şəmilov 1971-ci ilin 13 avqustunda Tərtər rayonunun Alışarlı (Qapanlı) kəndində dünyaya gəlib.  Atası qonşu kənddə baş həkim, anası evdar qadın olub. Ailədə 6 uşaq olublar. Azər 8-ci sinfə qədər atasının  işlədiyi kənddə – Söylən kənd orta məktəbində təhsil alıb. 

1986–88-ci illərdə Bakıdakı kimya-biologiya təmayüllü məktəbdə oxuyub. Dərs əlaçısı olmaqla yanaşı, yaxşı şahmat oynayar, yarışlarda uğur qazanarmış. Şahmatı hobbi hesab edib, arzusu isə atası kimi həkim olmaq imiş. Hətta birinci il balı Tibb Universitetinə çatmır. Bununla belə,  BDU-nun kimya-biologiya fakültəsində təhsil almaq imkanı olsa da, getmir, “Mən həkim olacağam” – deyir. 

Qarşıda isə hərbi xidmət vardı. Azər əsgərliyini Qazaxıstanda keçir, evə qayıdanda görür ki, anası dünyasını dəyişib, ona xəbər verməyiblər. Ana itkisinin ağırlığından özünə gəlməmiş, ana Vətən itkisinin təhlükəsi onu müharibəyə səsləyir. 

Beləcə, qismətinə müharibə düşür. 1991–1994-cü illərdə Birinci Qarabağ savaşında   iştirak edir. Həkim olmaq arzusu yalnız atəşkəsdən sonra, 1994-cü ildə Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olanda reallaşır. 2000-ci ildə universiteti uğurla bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılır. Bu dəfə həkim kimi ordudan baş leytenant rütbəsi ilə qayıdır. Yalnız ondan sonra Tərtərə gəlir və atasının bir vaxtlar baş həkim olduğu Söylən tibb məntəqəsində eyni vəzifədə fəaliyyətə başlayır... 

Hekayənin bu yerində söhbəti onun həyat yoldaşı – kimya-biologiya müəllimi, Bərdə rayonu Kələntərli kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini Səidə xanım davam etdirir: 

– Sentyabrın 27-si Vətən müharibəsi başlananda atəş səslərindən anladıq həqiqəti. Çox ağır günlər yaşadıq, həm Azərdən nigaranlıq, həm özümüzün, uşaqlarımın burada, Bərdədə təhlükə altında olması çətin sınaq idi. Arada telefonla danışırdıq. Oktyabrın 13-ü zəng eləmişdi, 3 dəqiqə danışdıq. Başladı mənə tapşırıqlar verməyə, dedim, yox, özün gəlib eləyərsən o işləri. Dedi, həyatdır, bilmək olmaz, hər ehtimala qarşı deyirəm. Uşaqların təhsilindən nigaranlığı vardı, dəfələrlə deyirdi uşaqlar  dərsdən qalmasın. 

Oktyabrın 14-ü zəngini gözlədik, gəlmədi. Axırda dedim, oğlum, atanı axırıncı dəfə yığdığı nömrəni yığ, gecə saat 12 idi. Dedilər, özü yığar sizi.   Səhəri gün qardaşım zəng elədi ki, Azər şəhid olub. Dünya başıma fırlandı. Yolu necə gəldik, bilmədik… Allah heç kimə göstərməsin. 

Bunları isə oğlu Fədayət danışır:  

– Həkim yoldaşının sözlərinə görə, atam yüzlərlə əsgəri döyüş meydanından çıxarıb və ilkin tibbi yardım göstərib. Əsgərlər belə onun qorxmaz olduğunu deyirdilər. Heç kimin getmədiyi yerlərə atam özü sürünə-sürünə gedib və yaralılara ilkin yardım göstərib. Şəhid olmamışdan əvvəl bir neçə dəfə yanlarına “Qrad” mərmisi düşüb və yaralanıb. Amma xidmətini dayandırmayıb. Bu barədə mən sonra bilmişəm, yaralandığını evdə deməmişdi. Döyüş yoldaşı deyir ki, atam oktyabrın 14-də saat 11-12 radələrində qucağında yarasını sarıdığı əsgərlə birlikdə şəhid olub.

Qızı Aynurə Şəmilova bu il yüksək balla imtahan verib, universitet seçib.   İnanır ki, atasının ruhu şaddır: “Həmişə bizim oxumağımızı istəyirdi. Müharibədə olanda telefonla danışırdıq, bizə təskinlik verirdi ki, düşməni məhv edib qayıdacam. Qayıtmadı, amma mən onu həmişə yanımda hiss edirəm”.

Azərbaycan Ordusunun tibb xidməti leytenantı Azər Şəmilov Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yaralı hərbçiləri döyüş meydanından çıxarıb, canını Vətənə fəda edib. Suqovuşanda şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn edilib.   

Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. 

İndi Tərtər rayonunda bir küçə Azər Şəmilovun adını daşıyır.  

R.QURBANLI 
XQ

 

Mədəniyyət