Bədənində qəlpə gəzdirən aktrisa

post-img

Onunla tanışlığım  işğaldan sonra Şuşa Teatrının Bakıda nümayiş etdirdiyi tamaşalardan birində oldu. Qarabağ mövzusunda tamaşanın sonunda baş rollardan birini oynayan aktrisa roldan çıxa bilməyib “təzim”ə gələndə də tamaşanın final səhnəsini oynayırdı, yəni hönkür-hönkür ağlayırdı. Tamaşaçılar da ona qoşulub həm ağlayır, həm də aktrisanı alqışlayırdılar. Beləcə, həmin canlı rol xəyalımda həkk olunub qaldı. 

Qoy, bu yazım da elə onun özü haqqında oynadığı bir monotamaşa olsun. Özü danışsın, mən isə yalnız onu təqdim edim. Həmsöhbətim Xalq artisti, Şuşa Teatrının aktrisası Şükufə Musayevadır. Görək, nə deyir: 

Evin 9-cu övladı 

“Uşaqlığım Bərdədə keçib. Ailədə 9 uşaq olmuşuq, mən ən kiçiyiyəm. 3 yaşımda ikən anamı itirmişəm. Avtomobil qəzasına düşmüşdü, halı pis idi. Yadımdadır ki, anam hamımızı yanına çağırtdırıb vidalaşdı bizimlə. Atam tez bir zamanda evləndi, 9 uşağa təkbaşına baxmaq asan deyildi. Ögey ana baxırdı bizə, desəm, baxmırdı yalan olardı, amma doğma deyildi. 

Məktəbdə uşaqlar analarından danışanda mən söhbətdən yayınırdım, içimdə bir yanğı hiss edirdim. Kimisə anası ilə görəndə ona qibtə edirdim. Zaman keçdi, bacı-qardaşlarımın hamısı böyüdü, hərə öz yolunu seçdi. Böyük qardaşım müğənni idi, uzun illər Teleradionun solisti olub. Rəhmətə gedib, bir bacım da həmçinin. 

Orta məktəbi Bərdədə bitirib Şuşada Mədəni-Maarif Texnikumuna daxil oldum. Hələ 4-cü sinifdə oxuyanda bir inşamda yazmışdım ki, kinoaktrisa olacağam. Müəllimim oxuyub gülümsədi və soruşdu ki, qızım, qoyacaqlar səni aktrisa olmağa? Bilmirəm, – demişdim. Filmlərə çox baxırdım. Bütünlüklə bu sənət məni ovsunlamışdı. O vaxt məktəbdən bizi pambıq yığmağa aparmışdılar. Məktəblilərə qoyulan normadan artıq pambıq yığmışdım. Briqadir mənə təəccüblə baxıb dedi ki, bu o qədər pambığı necə yığıb, axı, pambıqçıdan çox aktrisaya oxşayır. Ürəyimə yağ kimi yayılmışdı onu sözləri”. 

Çəhrayı dünyanın sonu

“Texnikumda tələbə ikən artıq Şuşa Mədəniyyət evində tamaşalarda oynayırdım. Şuşa Teatrının tarixi qədimdir, 1948-ci ildə bağlanıb, 90-cı ildə yenidən bərpa edilib. Teatr bərpa olunandan sonra tamaşalarda maraqlı rollarım olub. Uşaq rolundan tutmuş əsas obrazlara qədər oynamışam. Şıxəli Qurbanovun “Özümüz bilərik” tamaşasında Nailəni oynadığıma görə Şuşada hamı məni Nailə deyə çağırırdı. “Uzun Həsən” tamaşasında Trabzon gözəlini də oynamışam, Dəspinə Xatunu da. Cavan yaşımda “Arşın mal alan” musiqili komediyasında Tellini, Asyanı, Cahan xalanı oynamışam. Hamısı mənə əzizdir. 

Uşaqlığım anasız keçsə də, sonradan düşdüyüm mühit, kollektiv çox gözəl olub. Sanki nağıllar aləmi idi. Çəhrayı arzularla yaşayırdıq, hər şey gözəl görünürdi gözümüzə... 

Amma müharibə arzularımın üstündən qara xətt çəkdi. Həyatda haqsızlığı yalnız ermənilərdən gördüm. Bəlkə buna görə bu hadisələr məndə bu qədər ağrılı təsir buraxdı. Müharibə bütün həyatımı alt-üst etdi. Ən gözəl, gənc yaşlarımda müharibəyə urcah oldum. Özümdən asılı deyildi, kənarda qala bilmədim. 

Torpaqlarımızın düşmən işğalında qalmasını həzm edə bilmirdim. Bir dəfə cəbhə bölgəsinə qastrola getmişdik. Uca dağlara baxıb göz yaşlarımı saxlaya bilmədim. Qəti barışa bilmirdim ki, o dağlara ayaq basa bilmirik. Eyni hisslər məni müharibəyə aparmışdı. İkinci Dünya müharibəsini kinolarda görmüşdük. Uşaqdan-böyüyə hər kəsin bacardığı qədər müharibəyə qatıldığını, Vətənə borcunu yerinə yetirdiyini görmüşdük. Burda isə Şuşanı atəşə tutub dağıdırdılar, hamı qaçırdı. Mən qaçmağı da özümə sığışdırmırdım, dümdüz yolumla gedirdim. Torpağı qorumalıyıq, – deyə gecə-gündüz düşünürdüm. Aktrisalıqla kifayətlənə bilməzdim. Düşündüm ki, əgər Şuşa əldən getsə, mən necə səhnəyə çıxıb rol oynayaram, kimin üçün oynayaram?” 

Şuşada döyüşüb,  Ağdərədə yaralanıb

“Elə Şuşadan başladım. Əlimdən hansı iş gəlirdisə, hansı sahədə ehtiyac olurdusa, özümü orda tapırdım. Yaralılara da qulluq etmişəm, onları döyüş xəttindən çıxardıb ilk yardım göstərmişəm. Döyüşmüşəm də, rabitəçi kimi də fəaliyyətim olub. Lazım gələndə əsgərlər üçün yemək də bişirmişəm. 

Şuşa işğal olunanda mən Laçın istiqamətində döyüşlərdə idim. Xəbər gəlib çatanda inana bilmədim, dedim Şuşa ermənilərə verilə bilməz, döyüşçülərimiz ölərlər, verməzlər. Dedilər elə ölüblər ki, Şuşa işğal olunub. Çox hadisələr olurdu, yəqin tarix hər şeyi yerbəyer edər. Həmişə elə olub, heç bir tarixi olay pərdə altında qalmayıb, uzun müddət gizlədilsə də, bir gün aşkar olunub. Şuşada olsaydım, son nəfəsim orda çıxardı, tərk etməzdim oranı...

Ağdərədə döyüşdə yaralandım. Qarşı tərəfdən atılan mərminin atəşinə tuş gəlmişdim. Bədənim qəlpələrlə dolmuşdu. Üz-gözüm, boğazım, qollarım, qarın nahiyəm hamısı yaralanmışdı, büsbütün qəlpə qırıntısı idi. Vəziyyətim çox ağır olub. Məni Tərtər hospitalında əməliyyata götürüblər. Sonra gətiriblər Bakıya, indiki Kliniki Tibbi Mərkəzə. Orda bir müddət qalandan sonra hərbi hospitala aparıblar. Bir il belə keçib... 

Sağalandan sonra döyüşlərə qayıtmaq istədim, həkimlər icazə vermədilər. Qayıtdım teatra. Artıq atəşkəs idi, Şuşa Teatrı Bakıda məskunlaşmışdı. İndi yalnız teatr kollektivi ilə gedib döyüş bölgələrində tamaşalar göstərəndə nisbətən özümü gərəkli hiss edirəm. O vaxt da hospitaldan çıxandan sonra hələ üz-gözümün yaraları tam sağalmamış tamaşa ilə cəbhə bölgəsində gedib əsgərlərin qarşısına çıxmışdım. Dodağımın üstü indi də qırış kimidir, ordan qəlpə çıxarılıb, o vaxt lap betər vəziyyətdə idi. Sonradan estetik əməliyyat olundum. Bununla belə bir az hiss olunur, gözümün üstündə, boğazımda izlər var. Bədənimdə olan qəlpələrin hamısı çıxarılmayıb, eləsi var ki, çıxarılması alınmır, müharibənin avtoqrafı kimi gəzdirirəm özümlə. 

Gec ailə qurdum. Yoldaşım qarabağlıdır. Bizim talelərimizdə müharibə rol oynayıb. Yeganə arzum aktrisa olmaq idi. Bir də çox şükür Şuşaya qovuşduq. Daha heç bir dərdim yoxdur, Şuşam var, bəsimdir”.

Qələmə aldı:
 Q.Ramilə 
XQ

 



Mədəniyyət