Mədəniyyət xəbərləri

post-img

Moskvada Murtuza Bülbülün dirijorluğu ilə Dövlət Kreml Orkestrinin ifasında “Müəllimlər və şagirdlər” adlı konsert proqramı təqdim olunub.

Şəhərin mərkəzində yerləşən “Zaryadye” salonunda baş tutan konsertdə dahi bəstəkarlar Qara Qarayev (Üçüncü simfoniya), Dmitri Şostakoviç (Kamera simfoniyası), Georgi Sviridovun (Kamera orkestri üçün musiqi) əsərləri səslənib.

Murtaza Bülbül müəllif konserti ilə Dmitri Şostakoviç bəstəkarlıq məktəbinin ardıcıllarından biri olan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin yaradıcılığına bir daha müraciət edib,   Azərbaycan klassik musiqisinin dünyada tanıdılması işinə öz töhfəsini verib.   

Qeyd edək ki, Murtaza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun oğludur. O, P.İ.­Çaykovski adına Moskva Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir. Gənc dirijor Azərbaycan, Rusiya, Almaniya, İtaliya, Qazaxıstan və bir çox digər ölkələrdə uğurlu çıxışları ilə yadda qalıb.

***

Tbilisidəki Heydər Əliyev Parkında yaradılan Azərbaycan guşəsində ölkəmizin milli mədəniyyəti, incəsənəti, musiqisi və mətbəxi nümayiş etdirilir.

Nümayiş hər il Gürcüstanda “Tbilisoba” şəhər bayramı çərçivəsində Tbilisi sakrebulosunun Milli Azlıqlar Şurasının təşəbbüsü ilə “Tbilisinin müxtəlifliyi” adlı ənənəvi sərgi-satış yarmarkası zamanı baş tutur.

Yarmarkada Azərbaycan guşəsi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə yaradılıb. Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Azərbaycan güşəsinə gələn qonaqlar tarixi Borçalı xalçalarını, ölkəmizin mətbəxinə aid şirniyyatları, dolma, aşqara, dovğa və digər isti yeməkləri, eləcə də milli musiqi alətlərimizi görə biləcəklər. Yarmarkada iştirak etməyin əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaqdır.

***

Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur israilli yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.

Yuval Noah Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.

İsrailli yazıçı, tarixçi “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

Y.N.Harari hazırda Qüds Yəhudi Universitetinin müəllimidir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makro tarixi suallar ətrafındadır.

***

Sumqayıt şəhər Poeziya Evində 4 saylı Diyarşünaslıq Klubu və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə "Qəlblərdə yaşayan qəhrəmanlar" adlı tədbir keçirilib.

Əvvəlcə 4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyi üzvlərinin sərgiyə qoyulmuş vətənpərvərlik motivli əl işləri tədbir iştirakçıları tərəfindən baxılıb və yüksək dəyərləndirilib.

Şair İbrahim İlyaslı tədbiri açıb. Qonaq qismində dəvət olunmuş Birinci Qarabağ müharibəsi iştirakçısı, şair Ədalət Nicat və İkinci Qarabağ müharibəsi iştirakçısı, gənc şair Elvin ­İntiqamoğlu məktəblilərin sualları əsasında müharibə ilə bağlı xatirələrini bölüşüb, vətənpərvər şeirlərini səsləndiriblər.

Hazırladı: 
Ə.DOSTƏLİ 
XQ

 







Mədəniyyət