Klassik ədəbiyyatın müasir tədqiqatçısı

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Həşim oğlu Kərimli Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Görkəmli ədəbiyyatşünas, klassik ədəbiyyatımızın məhsuldar tədqiqatçısı 70 yaşının tamamına filologiya elmləri doktoru, professor, akademik, Dövlət mükafatı laureatı kimi gəlib çatıb.  

Teymur Kərimli yaradıcılığa şair kimi başlayıb və buna görə də şeiri, xüsusən klassik poeziyanı duymaq qabiliyyəti yüksəkdir. Onun elmi maraq dairəsi çox genişdir. Nizami, Nəsimi, Füzuli, Cavid, Şəhriyar və bir çox başqa klassiklərimizin, eləcə də çağdaş sənətkarlarımızın yaradıcılığına dair dəyərli tədqiqat işlərinin müəllifidir.

Teymur Həşim oğlu Kərimli 1953-cü il oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində alıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub və 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Onun 2003-cü ildə müdafiə etdiyi “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusundakı doktorluq dissertasiyası elmi ictimaiyyətin böyük marağına səbəb olub.  

Akademik İsa Həbibbəyli haqlı olaraq yazır: “Teymur Kərimlinin Nizami Gəncəviyə aid tədqiqatlarında bu böyük sənət dühasının əsərləri onun özünəqədərki tarixlə və öz dövrünün tarixi hadisələri və şəxsiyyətləri ilə birlikdə öyrənilmişdir. T.Kərimli qüdrətli sənətkar olan Nizami Gəncəviyə də dahi şair olmaqdan başqa, həm də böyük tarixi şəxsiyyət kimi yüksək qiymət vermişdir”.

Alim 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2015-ci ildə həqiqi üzvü seçilib. 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Otuz ildən artıq AMEA Ədəbiyyat İnstitutunda çalışan alim institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, direktor müavini vəzifələrində çalışıb, iki dəfə bu elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsini icra edib. O, 2015-ci ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.

Nizaminin həyatı və yaradıcılığı, Nizami dövrü intibahı problemi T.Kərimlinin ədəbiyyatşünaslıq araşdırmalarında mərkəzi yer tutur. Onun bu istiqamətdəki araşdırmaları 2002-ci ildə “Elm” nəşriyyatında çap etdirdiyi “Nizami və tarix” monoqrafiyasında əksini tapıb (Kitabın redaktoru AMEA-nın müxbir üzvü Yaşar Qarayev olub). Monoqrafiyada Nizaminin yaradıcılığında tarixə münasibətə dair araşdırmalardan kənarda qalmış geniş spektrdə problemlər nəzərdən keçirilir. “Xəmsə”nin yazıldığı tarixi şərait, Nizami yaradıcılığında antropomorf cizgilər kəsb edən Tanrı obrazı, Məhəmməd peyğəmbərin obrazı, tarixi şəxsiyyət və dini ideal, Nizaminin məmduhları, “Xəmsə”də tarixi şəxsiyyət və mühit, hökmdar surətlərinin tarixi təkamülü, “Xəmsə” poetikasının tarixi rolu kimi məsələlər təhlil edilir.

Ədəbiyyatşünas-alim dahi şairin tarixə özünəməxsus münasibəti barədə yazır: “Nizaminin tarixə müraciət özəlliklərindən biri də tarixi şəxsiyyət və tarixi hadisəni öz ideya-estetik qayəsinə tabe etdirmək bacarığındadır. Belə demək mümkünsə, Nizami tarixin, tarixi qaynaqların yedəyində getmir, tarix, tarixi qaynaqlar Nizami sənətinin yedəyində gedir”.

Teymur Kərimli Nizaminin Azərbaycan türkü olduğunu hər vəchlə inkar etməyə çalışan, onu fars və ya ləzgi kimi təqdim etmək istəyən “araşdırıcıların” qeyri-elmi fikirlərinə tutarlı dəlillərlə cavab verən alimlərimizdəndir. Əsərlərində o, dahi şairin irsində tarixi hadisələrin bədii əksinin milli məqsədlərə xidmət etdiyini sübut etmiş, Nizaminin türklərə və türklüyə rəğbətinin onun etnik mənsubiyyəti ilə bağlı olduğunu göstərmişdir. “Nizami və tarix” monoqrafiyasında tədqiqatçı belə bir qənaətə gəlir ki, Nizamidən sonra cismani və mənəvi cəhətdən gözəl insanı “türk” adlandıran bir sıra farsdilli şairlər məhz Nizamidən nümunə götürmüşlər. Teymur Kərimli Nizaminin mədh etdiyi ilk hökmdarın (“Sirlər xəzinəsi” poemasında) – Ərzincan hakimi Fəxrəddin Məlik Bəhram şah ibn Davudun türk olduğunu da təsadüf hesab etmir. Şairin türk olan Səlcuqlulara münasibəti də alimin nəzərindən qaçmayıb.

Akademik Bəkir Nəbiyevlə onun birgə yazdığı “Türkofobiyanın növbəti residivi” adlı məqalədə istinad olunan faktlardan  görünür ki, Nizaminin əsərlərində öz doğma xalqına – türk etnosuna böyük məhəbbəti olub. Nizaminin türklərə məhəbbəti bir də onda özünü büruzə verir ki, şair yaratdığı müsbət monumental obrazların əksəriyyətini ya türk kimi təsvir edir, ya da onların müsbət insani sifətlərini türklərlə müqayisə edir.

Akademik Teymur Kərimli həm də görkəmli füzulişünasdır. Onun tədqiqatlarında Məhəmməd Füzuli irsinin bir sıra araşdırılmamış problemləri, diqqətdən kənarda qalmış məsələləri nəzərdən keçirilir. Elə Füzuli yaradıcılığına dair araşdırmalarından ibarət kitabını da alim “Görünməyən Füzuli” adlandırıb. O, haqlı olaraq hesab edir ki, Füzulinin böyük sənət möcüzəsini açmaq, onun bədii obrazlarını, kəşflərini, yaradıcılığının görünməyən tərəflərini müasir oxuculara çatdırmaq vacib məsələlərdəndir. Axı, mənəvi-əxlaqi dəyərlərimizin qloballaşma ilə qarşı-qarşıya durduğu indiki vəziyyətdə ən böyük və etibarlı istinad nöqtələrimizdən biri də bu dahi şairimizin zəngin irsidir.

Tədqiqatçı böyük şair haqqında yazır: “Şeirə cila verərkən Füzulinin işlətdiyi poetik təsir vasitələrindən biri gözlənilməzlik effektidir. Bunun təsir mexanizmi ondan ibarətdir ki, klassik poeziyaya bələd olan oxucu beytin birinci misrasından sonra hansı fikrin, obrazın gələcəyini təxmin edərək gözləyir. Lakin tamamilə başqa, daha gözlənilməz, təsirli fikir, yaxud obraza rast gəldikdə əvvəlcə çaşır, sonra isə estetik ləzzət və razılıq hissi keçirir. Ancaq bu gözlənilməzliyi, Füzuli, necə dəyərlər, oxucunun önünə qızıl nəlbəkidə qoymur. Bəzən oxucu həmin mənaya varmaq üçün xeyli düşünməli, baş sındırmalı olur”.

Beləliklə, Nizami yaradıcılığında tarixiliyi tədqiq edən Teymur Kərimli Füzulinin yaradıcılığında da tarixilik mövzusunu araşdırıb, “Fərdin tarixiliyi və Füzuli “Leyli və Məcnun”unda tarixilik” adlı çox maraqlı məqalə yazıb.

T.Kərimli dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyinə və “Nəsimi İli”nə həsr olunmuş “Çağdaşımız Nəsimi” kitabında dahi sənətkarın ölməz yaradıcılığının çağdaş əhəmiyyətindən bəhs edib, onun irsinin bu günümüz üçün, xalqımız və ümumilikdə bəşəriyyət üçün aktuallığına nəzər salıb. Alim əsas diqqətini sufizm və hürufizm ideologiyasından xaric Nəsimi humanizminin araşdırılmasına yönəldib, şairin lirikasını klassikin müasirliyi prizmasından nəzərdən keçirib. Monoqrafiyada Nəsimi irsinin nəşri və təbliğinin möhkəm özülünü ucaltmış Ümummilli lider Heydər Əliyevin bu sahədəki müstəsna fəaliyyəti yüksək qiymətləndirilib.   

Yeri gəlmişkən, akademikin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” münasibətilə nəşr olunmuş “Heydər Əliyev və klassik irs” adlı monoqrafiyasında Ulu öndərin Azərbaycan yazılı abidələrinə, ələlxüsus əlyazma irsimizə qayğısı, onun Respublika Əlyazmalar Fondunun xüsusi elmi tədqiqat institutu statusu almasında və müəssisənin maddi-texniki bazasının yüksəldilməsindəki rolu və başqa xidmətləri xüsusi vurğulanıb.

Teymur müəllim həyatını klassik ədəbiyyatın araşdırılmasına həsr etmək qərarına gəlmiş gənclərin tədqiqatçı kimi yetişməsinə xüsusi fikir verir, onlara qayğı ilə yanaşır. Klassik Azərbaycan ədəbiyyatının yorulmaz araşdırıcısına 70 yaşının tamam olduğu bu günlərdə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Paşa ƏLİOĞLU,
 filologiya elmləri doktoru, 
 AMEA Əlyazmalar İnstitutunun icraçı direktoru

 

Mədəniyyət