“İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanın qədim irsi – Qoçdaş və Atdaş abidələri” layihəsi çərçivəsində hazırlanmış fotojurnalın təqdimat mərasimini keçirib.
XQ-nin məlumatına görə, tədbirdə tanınmış alimlər, tarixçilər, mədəni irs üzrə mütəxəssislər və ictimai fəallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə ictimai birliyin sədri Əşrəf Əhmədov açaraq fotojurnalın hazırlanma prosesi, onun elmi, tarixi və ictimai əhəmiyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, qoçdaş və atdaş abidələri yalnız qəbirüstü daş heykəllər deyil, həm də qədim türk dünyagörüşünün, qəhrəmanlıq fəlsəfəsinin və milli-mədəni kimliyin daşıyıcılarıdır.
Tədbirdə çıxış edən tarixçi alim Rizvan Hüseynov vurğulayıb ki, fotojurnal Qərbi Azərbaycanda əsrlər boyu mövcud olmuş, lakin işğal dövründə dağıdılmış və saxtalaşdırılmış abidələrin sənədləşdirilməsi, tarixi yaddaşda qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənbədir.
Fotojurnalın əsas məqsədləri elmi ictimaiyyət üçün vizual mənbə yaratmaq, mədəni irsin qorunması istiqamətində çağırış etmək, gənc nəsildə milli şüur və tarixi yaddaşın gücləndirilməsinə xidmət etmək, həmçinin abidələrin beynəlxalq səviyyədə tanıdılması və hüquqi müdafiəsini təmin etməkdir. Bu baxımdan fotojurnal UNESCO və digər beynəlxalq təşkilatlar üçün təqdimat xarakteri daşıyır. Azərbaycan bu abidələrin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etməli, qoçdaş və atdaş daş heykəlləri yalnız regional deyil, ümumtürk mədəniyyətinin və bəşəri irsin bir hissəsi kimi tanıdılmalıdır. Təqdim olunan materiallar göstərir ki, qoçdaş və atdaş abidələri təkcə bir xalqın deyil, bütöv türk sivilizasiyasının daş yaddaşı və bəşəri irsin bir hissəsidir.
Həmçinin bu fotojurnal yalnız tarixi irsin bərpası və təbliği üçün deyil, həm də Azərbaycanın beynəlxalq mədəniyyət məkanında təmsilçiliyinin gücləndirilməsi üçün mühüm addımdır.
XQ