Şamil Şahməmmədov – 90
Peşəkar jurnalistikamızın tanınmış imzası, “Şöhrət” ordenli qələm sahibi, Əməkdar mədəniyyət işçisi Şamil Şahməmmədov bütün həyatını Azərbaycan publisistikasının inkişafına həsr edən mətbuat fədailərindən olub. İstər vaxtilə çalışdığı “Bakı”, “Kommunist” və digər qəzetlərin redaksiyalarında, istərsə də 1995–2002-ci illərdə baş direktoru olduğu Azərtac Dövlət İnformasiya Agentliyində onun adı həmişə qədirbilənliklə anılır, haqqında xoş xatirələr söylənir. Bugünlərdə ustad qələm sahibinin 90 illik yubileyi ehtiramla qeyd edilir.
Şamil Məmməd oğlu Şahməmmədov 1935-ci ilin avqustunda Gəncə şəhərində anadan olub. Hələ Bakı Dövlət Universitetinin tələbəsi ikən yeni yaradılan “Bakı” qəzetində işə götürülüb. Orada 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib. “Kommunist”in (“Xalq qəzeti”) baş redaktor müavini və Azərtac-da baş direktor olması necə böyük etimad və etibar qazandığına dəlalət edir.
Tanınmış qələm sahibi Şamil müəllim Bakıda 1960–1970-ci illərin ən möhtəşəm tikintilərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajların müəllifi olub. Onun Bakı Şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri sənədli publisistika nümunələri kimi Yazıçılar İttifaqının “Azərbaycan” ədəbi-bədii jurnalında dərc olunub. Şamil müəllim idman jurnalisti kimi də örnək fəaliyyəti ilə seçilib. Bakıda, Moskvada və Kiyevdə çıxan axşam qəzetlərində, habelə “Ədəbiyyat və incəsənət” mətbu nəşrində, “Ulduz” jurnalında yarışlar barədə operativ icmalları diqqət çəkib. “İşıq” nəşriyyatı onun o vaxt Azərbaycanı Ümumittifaq miqyasında layiqincə təmsil edən futbol komandası haqqında “Neftçi” kitabını kütləvi tirajla çapdan buraxıb.
O, həm də əsl cəsarət nümunəsi idi. 1990-cı ilin 20 yanvar faciəsi ərəfəsində Mərkəzi Komitənin binasında jurnalistlər üçün brifinq keçirilirmiş. Yevgeni Primakov da həmin tədbirdə iştirak edirmiş. Şamil müəllim üzünü Primakova tutaraq deyib: – Bütün günahlar sizdədir. Moskvada ermənilərlə bağrıbadaş olanda, birlikdə yeyib-içəndə bilmirdiniz ki, başımıza nə oyun açacaqlar?” Primakov ondan soruşub ki, – Siz kommunistsiniz? Şamil müəllim deyib ki, bəli. Primakov: – İnanmıram, – söyləyib. – Heç mən də inamıram – deyə Şamil müəllim cavab verib.
Əməkdar jurnalist Əflatun Amaşovun onun haqqında dedikləri də unudulmaz, ustad qələm sahibinin insani keyfiyyətləri və peşəkarlığı haqqında dolğun təsəvvür yaradır:
– Şamil müəllim bütövlükdə jurnalistikamızın elə sahəsi olmayıb ki, orada izi, mülahizələri qalan yazılar qələmə almasın. Zərgər dəqiqliyi ilə yazıları oxuculara təqdim edir, xüsusilə ədəbi redaktənin nə olduğunu əyani nümunəsi ilə göstərirdi... İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi.
Əsl jurnalistika məktəbi olan “Bakı” qəzetində yetişib formalaşmış Şamil Şahməmmədovun püxtələşməsində həmin qəzetin rəhbəri, bir çox jurnalistlərin ustadı və xeyirxahı Nəsir İmanquliyevin böyük rolu olub. Şamil müəllim onun rəhbərliyi altında qəzetdə müxbirlikdən redaktor müavinliyinə qədər yüksəlmişdi. Şamil Şahməmmədovu xatırlayarkən mütləq Nəsir müəllimin də işıqlı xatirəsi göz önünə gəlir. Onlar jurnalistikamızın sütunları idi. İllər keçir, nəsillər bir-birini əvəz edir, onların xidmətləri unudulmur, işıqlı xatirələri daim qəlbimizi isidir.
Zaman hər şeyi amansızcasına keçmişə çevirir, keçmişi isə heçlikdən yaddaş xilas edir. Belə olan halda xatırlamaqdan gözəl nə ola bilər?!
Həmkarımız İlqar Həsənov xatırlayır ki, Şamil müəllim ciddi olsa da, zarafatından da qalmazdı:
– “Bakı” qəzetində işlədiyi zaman əməkdaş Ağəddin Mansurzadə Şamil müəllimə bir müəllifin şeirini təqdim etmişdi. Şeirə baxıb zəif olduğunu görən Şamil müəllim bədahətən dedi:
Yoldaş Ağəddin!
Yaxşı ki, insanın çiynində var baş,
Şeiri redaktə et, sonra ver, qardaş!..
Biz də xatırlayırıq ki, 10 il əvvəl Azərbaycan Mətbuat Şurasının təmsilçiləri təqaüddə olan qocaman jurnalisti evində ziyarət edərək, nüfuzlu qələm sahibinə 80 yaşı münasibətilə təbriklərini çatdırdılar. Çay süfrəsi arxasında səmimi söhbət zamanı Mətbuat Şurasının ovaxtkı sədri Əflatun Amaşov, Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov və digər qələmdaşları Şamil Şahməmmədovun xidmətlərini bir daha yada saldılar, onun məhsuldar jurnalist və redakror fəaliyyətinin çağdaş media işçilərinə örnək olduğunu söylədilər. Siyasi təbəddülatlarla dolu olan 90-cı illərdə Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra onun cəfakeşliyini yüksək qiymətləndirərək, agenliyə baş direktor təyin etməsi qocaman jurnalistin ömrünün şərəf kitabı kimi vərəqləndi. Sonda yubilyara qurumun xüsusi xatirə diplomu təqdim edildi. Əlbəttə, bu ziyarət və sayğı milli jurnalistikamızda saç ağartmış veteran üçün əsl könül xoşluğu, qədirbilənlik rəmzi oldu.
Əməkdar jurnalist Tahir Aydınoğlunun dedikləri:
– Təcrübəli jurnalist kimi bir vaxt ölkənin avanqard qəzeti sayılan “Kommunist”ə (“Xalq qəzeti”) dəvət olunmuş, burada redaktor müavini işləmiş Şamil müəllimi tələbkar mətbuat təşkilatçısı, mahir qələm sahibi kimi səciyyələndirməliyik. Sonrakı illərdə də Şamil müəllim bizim redaksiya ilə sıx əlaqədə çalışdı, Azərtacın baş direktoru olanda da ünsiyyəti azaltmadı. Onun bizim redaksiyada və Azərtacda çalışdığı dövr azad medianın formalaşması və inkişafı dövrü oldu.
Ömrünün ahıl çağında – 2021-ci ilin yayında dünyasını dəyişmiş Şamil Şahməmmədovun əziz xatirəsi daim ehtiramla yad edilir. Onun haqqında 3 il əvvəl çıxmış “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabında (hazırlayan Züleyxa Nadir, redaktor Zemfira Məhərrəmli) ibrətamiz xarakter cizgiləri hərtərəfli təsvirini tapıb. Bu kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur.
Şamil Şahməmmədovun həyat və fəaliyyəti əsl jurnalistika məktəbi idi.
Ruhu şad olsun!
Əli NƏCƏFXANLI
XQ