“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ziyarətçilərin rahatlığı üçün tədbirlər görülməkdə davam edir. Yeni nəqliyyat xidmətindən – fəaliyyətə başlayıb. Ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadənin tətbiqi bu baxımdan təqdirəlayiqdir.
Bakı sakinləri və qonaqlar bu nəqliyyat növü ilə əsas marşrutlar üzrə rahat gəzə bilirlər.
Marşrut xətti Qız Qalasının qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqda tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələri də artırılacaq.
Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq başlıca amil kimi götürülüb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev-muzeyi kimi mədəni məkanlara rahatlıqla gedə bilirlər.
Qolfkar-avtobuslardan hər kəs istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları günortadan axşama qədərdir.
Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək.
XQ